Tribuna İnformasiya Agentliyi

Gəncədə polis zabitini öldürən Rəşad Böyükkişiyev öldürüldü – Silahlı qarşıdurma – VİDEO

13 İyul
Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən Rəşad Məmmədəli oğlu Böyükkişiyev zərərsizləşdirilib.
 TİA.AZ APA-ya istinadən xəbər verir ki, R.Böyükkişiyev bu gecə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib və bu zaman məhv edilib.
Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.
Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub. O, 2007-ci ildə anası bıçaqlayaraq öldürüb.
Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gəncədə polis zabitini qətlə yetirən digər şəxs – Fərrux Xəqani oğlu Qasımov isə bir neçə gün əvvəl yerli əhalinin köməyi ilə tapılaraq polisə təhvil verilib.