Tribuna İnformasiya Agentliyi

Gəmiricilərin məskəninə çevrilən binadan reportaj -VİDEO, FOTOLAR

13 Mart

Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” sanatoriyasında məskunlaşanların problemini saymaqla bitməz. Qeyd edək ki, sovet dövründə fəaliyyət göstərən sanatoriyada hazırda müvvəqqəti olaraq məcburi köçkün ailələri yaşayır.

Onların yaşadığı bina qəzalı vəziyyətdədir. 1969-cu ildə inşa olunan bina artıq ömrünü başa vurub. Dəhlizlərə yağan yağış nəticəsində döşəmə sıradan çıxıb. İkinci mərtəbənin beton tavanı isə yararsız duruma düşüb, tamamilə divardan aralanıb. Sakinlər beton tavanın uçma təhlükəsindən narahatdırlar. Normal su və kanalizasiya xətləri olmadığından binanın zirzəmisi su içərisindədir. Üfunət iyi aşağı mərtəbələrdə hiss olunur. Dəhlizlərdə pəncərələrin çoxu sınıb, yağış suyu içəriyə dolur. Sakinlərin dediyinə görə, yay ayları binalarda vəziyyət dözülməz olur. Normal zibil qutusu olmadığından tullantılar binanın yaxınlığında əraziyə atılır. Bu səbəbdən də ağcaqanad və gəmirici həşəratların məskəninə çevrilib.

“Bizə verilən suyu bağlara satırlar”

Məcburi köçkünlər onlara veriləsi suyun başqa şəxslərə suvarma məqsədi ilə satıldığını iddia etdilər: “Adambaşına 400 manat xərc çəkib, motor alıb, su xətti çəkmişik. Ancaq yay ayları gələndə nədənsə su üzünə həsrət qalırıq. Bəzən günlərlə susuz qalırıq. Hamı əlinə suqabı alıb, küçələrdə su axtarışına çıxır. Eşitdiyimizə görə, məcburi köçkünlərə verilən suyu bağlara satırlar. Belə də vicdansızlıq olar?”.

“Gəmiricilərlə siçan-pişik oynayırıq”

Sakinlər çirkab və üfunət qoxusu səbəbindən binanın gəmirici həşəratların məskəninə çevirildiyini bildirdilər: “Mətbəxdə və dəhlizlərdə tarakan, siçan, hətta siçovula belə rast gələ bilərsiniz. Bir neçə dəqiqə yetər ki, bu acınacaqlı və tükürpədici mənzərəinin şahidi olasınız. Gecələr siçanların səsindən yata bilmirik. Onları məhv etmək üçün hər tərəfə tələ qoymuşuq, ancaq bir faydası yoxdur. Gəmiricilərlə siçan-pişik oynamaqdan bezmişik. Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı sakinlərə xəbərdarlıq edib. Tavan, döşəmə yararsız vəziyyətə düşüb. Elektrik xətləri nasazdır. Naqillər tez-tez alışır. Binanın yanma ehtimalı böyükdür”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.musavat.com