“Futbol təsərrüfatının idarəetməsi artıq yeni formada qurulmalıdır” – Fazil Mustafabackend

“Futbol təsərrüfatının idarəetməsi artıq yeni formada qurulmalıdır” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA rəhbərliyi millinin baş məşqçi postuna namizəd axtarışındadır. Bir neçə türk mütəxəssisin adı səsləndirildikdən sonra indi də yerlilərin namizədliyi hallandırılır. Son olaraq, seçimin Tərlan Əhmədovun üzərində ediləcəyi variantı səsləndirilir.

Hərçənd, özünü klub səviyyəsində doğruldan Qurban Qurbanov-Rəşad Sadıqov tandeminə əsas və U-21 millisində uzun müddət güvənilmədiyi halda, digər yerli məşqçilərin zəmanəti nə olacaq? İllərdir məşqçilər “əlcək kimi dəyişdirilirsə” və nəticə yoxdursa, bəlkə problem idarəçiliklə bağlıdır?!

Bu sualla bağlı Milli Məclisin deputatı Fazil Mustafaya müraciət etdik. Futbolla yaxından maraqlanan millət vəkili durumu geniş şərh etdi:

“Problem ümumiyyətlə strukturla bağlıdır” 

“Futbol təsərrüfatının idarəetməsi artıq yeni formada qurulmalıdır. Çünki, problem ümumiyyətlə, strukturla bağlıdır. Ölkədə özəl sektor olmadığına və ya zəif olduğuna, ya da qorxudulduğuna görə futbol təsərrüfatına giriş edə bilmirlər. Futbol təsərrüfatı əsasən bir mənbədən maliyyələşirsə, belədə sağlam rəqabət və sağlam təyinat olmur.

Klublarda da sağlam təyinat görmürük. Çünki maliyyəni kim verirsə, təyinatı da o verir. Ölkədə heç olmasa, 50 iş adamı olmalıdır ki, onlardan üçü, beşi klublara maraq göstərsin, pul qoysun, futbolun inkişafına kömək olsun. Elə ortam olmalıdır ki, iş adamı daimi gəlir əldə etsin. Gəlir əldə etməlidir ki, fəaliyyətini davam etdirməyə marağı artsın. Ancaq hazırda bu yoxdur. Belədə süni şəkildə “varmış” kimi göstərməklə, dövlət orqanlarını alət etməklə düzəlməyəcək”.

“Bunu yalnız Qurban Qurbanov bacarıb”

“Təkcə futbolda belə deyil. Baxın, iş adamı yoxdur – voleybol yoxdur. İş adamı yoxdur, basketbol yoxdur. Eləcə də digər idman növləri. Futbol yenə SOCAR-ın himayəsindədir, az-çox yaşayır. Qalan sahələrimiz də bərbad vəziyyətdədir axı. Səbəb özəl sektorun idmana yaxın buraxılmamasıdır. Əvvəl yenə Rusiyada, Türkiyədə olan bir-iki nəfər gəlib futbola pul yatırırdı. Hamısının evini yıxdılar, onlar da qaçıb getdi. Problem bundadır. Yoxsa yüz məşqçi gətir, heç nə dəyişən deyil. Klub komandalarımız yoxdur, millinin baş məşqçilərinin alternativ seçim imkanı məhdurdur. 80 milyonluq Türkiyənin yüzlərlə klubu var, oyunçu seçə bilmir. Bizim 8 klubdan – hansı ki heyətinin yarıdan çoxu əcnəbilərdən təşkil olunub – bunu etməyimiz real deyil. Say nisbidir, 40-45 futbolçu ilə sistem yarada bilib-bilməmək məsələsi də var. Yenə Türkiyəni nümunə göstərim, illərdi milli komandada sistem qura bilmirlər. İndi alman Kuntz gəlib, hələki o da bacarmır. Bizdə yalnız Qurban Qurbanov “Qarabağ”da bunu bacarıb. Ona klubda sərbəstlik, vaxt verildi, o da bunu həyata keçirdi. Təbii ki, rəhbərlik maliyyə də ayırdı, indi “Qarabağ” Avropada qazandığı nəticələr hesabına maddi gəlir də əldə edir, özü-özünü dolandırır”.

“Bizdə uşaq futbolu imitasiyadır, uşaq futbolu yoxdur ki”

Bizdə futbolun bünövrəsi düzgün qurulmayıb. Bizdə uşaq futbolu imitasiyadır, uşaq futbolu yoxdur ki. Bu boyda binalar tikilir, içində bir dənə məşq meydançası yox. Harda boş ərazi olur, görməmiş kimi, bir göydələn, bir biznes mərkəzi tikirsənsə, idman necə inkişaf edə bilər? Futbolu, idmanı düşünən yoxdur. Bir sözlə, bizim idman strategiyamız səhvdir. Gedişat göstərir ki, yaxın gələcəkdə irəliləyiş olmayacaq.

“Gedib araşdırsınlar ki, niyə iş adamları restorana pul qoyduğu halda, futbola, idmana yaxın gəlmir?”

“İndiki məqamda əcnəbi və ya yerli mütəxəssis təyinatı prinsipial deyil. Əslində, Canni De Byazinin postunda qalmasının avantajları və dez-avantajları var. Xarici məşqçini yaxşı “tərcümə” etmək lazımdır. “Tərcümə” ifadəsini rəmzi mənada işlədirəm, ondan yararlanmaq mənasında nəzərdə tuturam. Yaxşı “tərcümə” olunursa, işinə can yandırır, əks halda, vaxtını öldürür. Tutaq ki, vicdanlı əcnəbi mütəxəssis tapıldı və islahat aparılmasını istədi. O islahat necə aparılacaq? Bir SOCAR var, bütün idmanın yükü onun çiynindədir. Neft şirkəti neçə klubu maliyyələşdirsin? Neçəsinə pul versin? Bununla futbol inkişaf etməz ki. Hələ onu demirəm ki, həmin pul da təyinatı üzrə istifadə olunmur. Dostunu, tanışını, yaxınını, sevgilisini başına yığıb, futbola ayrılan həmin pullar hesabına onlara iş imkanı yaradan qeyri-peşəkarlar var. Amma yenə deyirəm, bütün bunlar epizodlardır, problem strukturla, idarəçiliklə bağlıdır. Gedib araşdırsınlar ki, niyə iş adamları restorana pul qoyduğu halda, futbola, idmana yaxın gəlmir?”