Tribuna İnformasiya Agentliyi

Fransada sığınacaq almaq istəyənlərin statistikası açıqlandı

10 Aprel

Azərbaycan vətəndaşlarından 2017-ci ildə Fransada sığınacaq almaq üçün 472 müraciət edilib.

TİA.AZ report-a istinadən xəbər verir ki, bu məlumat Fransanın Qaçqınların və Vətəndaşlığı olmayan şəxslərin Müdafiəsi İdarəsinin (OFPRA) dərc edilmiş illik hesabatında göstərilib.

Hesabatda qeyd edilib ki, keçən il Ermənistandan 2363, Gürcüstandan isə 2101 müraciət olunub.

Sənəddə göstərilən statistikaya görə, tarixdə ilk dəfə bir il müddətində qaçqın statusu verilməsi üçün edilən müraciətlərin sayı 100 mindən çox olub. Belə statistika 1981-ci ildən etibarən aparılır.

 Ərizələrin nəzərdən keçirilməsindən sonra 23958 nəfər və ya müraciət edənlərin 27,2 faizi müsbət cavab alıb və qaçqın statusunda OFPRA-nın müdafiəsi altında yerləşdirilib.

Sığınacaq axtaranlar arasında ölkələr üzrə vətəndaşı ən çox müraciət edən Albaniya olub. Balkan ölkəsinin vətəndaşlarından ümumilikdə 12131 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 60% çoxdur. Sonrakı sıralarda Əfqanıstan (6671), Suriya (5824), Haiti (5744), Sudan (4823) qərarlaşıb.