Fransada koronavirusa yoluxmuş soydaşımız: “Panikaya düşməyin!”backend

Fransada koronavirusa yoluxmuş soydaşımız: “Panikaya düşməyin!”

Avropada koronavirusun ən çox yayıldığı ölkələrdən biri də Fransadır. Aydındır ki, virus insanlar arasında etnik mənşəyinə, dilinə, dini inancına, dərisinin rənginə, sosial vəziyyətinə görə fərq qoymur. Hər kəsin yoluxma riski yüksəkdir.

Fransada virusa yoluxanlar arasında soydaşımız – Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da var. Bu haqda o, Facebook-da ətraflı yazıb. Biz də ona bəzi əlavə suallar ünvanladıq.

–  Mirvari xanım, virusa yoluxduğunuzu nə vaxt və necə öyrəndiniz?

– Məndə simptomlar ilk olaraq bir necə gün halsızlıqla başladı, daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda çətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da, vəziyyətim daha da ağırlaşmağa başladı və məcburən yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək müayinədən keçdim və Covid-19 virusuna yoluxduğum həmin gün təsdiqləndi.

Bir çox çətinliklərdən keçmiş insan olduğum üçün bu xəbəri psixoloji baxımdan çox sakit qarşıladım. Virus haqqında bir çox bilgilərim var idi və düşünürdüm ki, bunun da çarəsi var.  İlk olaraq həkimlərdən soruşdum ki, nə etməliyəm və necə etməliyəm ki, bunun qarşısını tez bir zamanda ala bilim. Çünki hələ temperaturum yüksək deyildi. Digər insanlardan fərqli olaraq, məndə hərarətin yüksəkliyi müşahidə olunmadı. Amma təngnəfəslik çox idi, ən birinci simptomlardan biri də bu idi. Həkimlər evdə müalicə almağımı məsləhət gördülər. Fransada vəziyyət gərgindir, xəstəxanalarda yer yoxdur. Reanimasiya otaqları doludur. Yalnız yüksək temperaturu olan və nəfəs çatışmazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir. Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər. Dərman vasitəsilə on günlük müalicə yazdılar və ev şəraitində özümü müalicə etməyə başladım.

– Kimdən yoluxduğunuzu düşünürsünüz?

– Kimdən yoluxduğumu dəqiqliyi ilə bilmirəm. Son dönəmlərdə bütün tədbirlər təxirə salınmışdı. Çox yerə çıxmırdım. Son olaraq çıxdığım yerlər alış-veriş mərkəzləri olmuşdu. Təbii ki, o dönəmlərdə heç bir əlcəkdən, maskadan falan istifadə etmirdim. Son getdiyim yer isə toy məclisi idi. Yoldaşım xəstəxanada işləyir və ola bilərdi ki, virusu evə o gətirmiş olsun. Amma onun testi neqativ çıxdığına görə, deməli, mən bu virusa başqa yerdə yoluxmuşam.

– Virusa yoluxduğunuzu bildikdə hansı hisslər keçirdiniz?

– Psixolji cəhətdən özümü çox güclü hiss edirəm. Mənə elə gəlir ki, daxili gücüm ona imkan verdi ki, bu xəbəri çox sakit şəkildə qarşılayım. Hamımız çox gözəl bilirik ki, insanlar psixoloji baxımdan hazır olarlarsa, panikaya düşməzlərsə, hər hansı xəstəliyə daha tez qalib gəlmək imkanına malik olarlar.

– Hazırda nələrə diqqət edirsiniz?

– Ev şəraitində olduğum üçün bu bir qədər çətindir. Evdə karantin rejiminə əməl etmək məcburiyyətindəyəm. İki övladım var, onları yoluxdurmaqdan çox qorxuram və çalışıram ki, onlarla az təmasda olum. Otağımdan çıxanda evdə tibbi maska və əlcəklə gəzirəm. Düşünürəm ki, gigiyena qaydalarına mütləq şəkildə əməl edilməlidir. Bu virusun tam olaraq hansı şəraitdə keçdiyini bilmirik. Hava vasitəsilə keçmə ehtimalı da çoxdur. Əlbəttə ki, bütün hər şeyə riayət etmək asan deyil.

Bir şeyi də qeyd edim: insanlar düşünür ki, virusa bir dəfə yoluxdunsa, immunitet yaranır. Lakin Fransadakı vəziyyəti görərək deyə bilərəm ki, bir dəfə yoluxub sağalan adam, ikinci dəfə də yoluxur və daha ağır formada keçirir. Ona görə də, nə qədər ki, peyvənd tapılmayıb, sağaldıqdan sonra da mütləq şəkildə qorunmalı, gigiyenik qaydalara ciddi əməl etməliyik.

– Xəstəlik barədə məlumatsızlıq var. Covid-19 qorxulu xəstəlik kimi qəbul olunur. Sizin bu sahədə nə kimi tövsiyələriniz var?

– Qeyd etdiyim kimi, daxili gücünüz, inamınız olmalıdır və pozitiv düçüncədə qalmalısınız. Artıq tibb elmi də təsdiq edib ki, insan psixologiyası hər hansı xəstəliyə qalib gəlmək üçün önəmli rol oynayır. Tam sağalma üçün bəlkə kömək etməyə bilər, amma çox böyük köməyi var. Ona görə də insanların panikaya düşməsi düzgün deyil. Əlbəttə ki, bu, asan deyil, hər insanın psixologiyası və təcrübəsi fərqlidir. Mənim keçdiyim çətinliklər – müharibələr dövrü, köçkünlük və həyatımda baş verən müxtəlif çətin anlar bir təcrübə kimi mənə böyük dayaqdır. Eyni zamanda, Azərbaycandan o qədər dəstək mesajları alıram ki… Bu qədər sevildiyim üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. İnanın ki, içdiyim dərmanlardan daha çox, bu mənəvi dəstək məni sağalmağa doğru aparır. Bunun üçün hər birinizə minnətdaram.  Hər birinizi qayda-qanuna riayət etməyə səsləyirəm, bu virusun nə qədər təhlükəli olduğunun artıq canlı şahidiyəm. Əgər yaxınlarınızı, ətrafınızdakıları sevirsinizsə, xalqınızı sevirsinizsə, mütləq şəkildə dövlətin qoyduğu qayda-qanunlara riayət edin. İnanıram ki, biz birlikdə bu çətin sınaqdan uğurla keçəcəyik.

Ülviyyə Şahin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az