Tribuna İnformasiya Agentliyi

Fransada kim qalib gələcək: ermənipərəst xanım, yoxsa…

25 Aprel

Kreml və onun təbliğatını aparan rusiyalı politoloqlar Fransada Fiyonun və ya Le Penin prezident seçilməsini istəyirdi.  

Kreml və onun təbliğatını aparan rusiyalı politoloqlar Fransada Fiyonun və ya Le Penin prezident seçilməsini istəyirdi. 

Çünki hər ikisi Rusiya ilə sıx tərəfdaşlıqdan danışır və Krımı Rusiyanın ərazisi sayırlar.

TİA.AZ xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Politoloq bildirib ki, Kremlin planları reallaşmayacaq:

“Emanuel Makron birinci yerdədir və ikinci tura keçməyən namizədlərin az qala tamamı seçicilərini növbəti turda Makrona səs verməyə çağırdılar. Makron Rusiya ilə sərt dialoqun davamının tərəfdarıdır. Len Pen və Fiyon seçkiqabağı çıxışlarında ermənipərəst açıqlamaları ilə də yadda qaldılar, Dağlıq Qarabağı Ermənistana “birləşdirdilər”. Makrondan oxşar açıqlama eşitmədik. Ancaq bu o demək deyil ki, Makron prezident seçilərsə, Ermənistanla Azərbaycana eyni gözlə baxacaq. Buna baxmayaraq, Makron keçmiş iqtisadiyyat naziridir, demək, prezident seçilərsə, Azərbaycanla əməkdaşlıqda iqtisadi səmərəlilik prinsipini arxa plana atmayacaq”.

Politoloq Makronun böyük ehtimalla II turda Le Pen üzərində qələbə çalacağını düşünür:

“Bunu erməni lobbisi də anlayır. Le Pendən əlini üzən erməni lobbisi artıq Makrona yol axtarır və onunla görüşəcəklərini istisna etmirəm. Bunun qarşılığında Makronun erməni lobbisinə nə vəd edəcəyi üzərində baş sındırmağa dəyməz”.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turunun nəticələrinə əsasən, Emmanuel Makron 23,75 faiz səslə seçkinin favoriti olub. Ultrasağçı radikal lider Le Pen 21,53 faizlə ikinci, Fransua Fiyon 19,91 faizlə 3-cü, Jan Lük Melanşon isə 19,64 faizlə 4-cü olub.

Beləliklə, 7 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda Makron və Le Pen mübarizə aparacaq.