“Finalda hakim haqsızlığı oldu” – Tokio-2020-də gümüş medal qazanmış güləşçimizbackend

“Finalda hakim haqsızlığı oldu” – Tokio-2020-də gümüş medal qazanmış güləşçimiz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tokio-2020 Olimpiya Oyunlarında iştirak edən Azərbaycan güləşçiləri bu gün Vətənə qayıdıblar.
Azərbaycan Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Olimpiadada medal qazanan idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri gül-çiçəklə qarşılayıblar.
Tokio Olimpiadasında qazanılan 7 medaldan 3-ü güləşçilərin payına düşüb. Beləliklə, güləş növbəti dəfə Olimpiadada ən çox medal qazanan idman növü olub.
Gümüş medal qazanan sərbəst güləşçi Hacı Əliyev (65 kq) jurnalistlərə müsahibəsində bunları deyib: “Şükürlər olsun ki, Olimpiadada medalsız qalmadım. Nə qədər idmançı Tokioda medal qazana bilmədi. Çox insanın uğurlarımda əməyi var. Onların hər birinə təşəkkür edirəm. Allah hamısından razı olsun. Finalda müəyyən qədər hakim haqsızlığı da oldu. Bu barədə yaxın vaxtlarda mediada ətraflı məlumat verəcəyəm. Tokio Olimpiadasındakı uğur münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın uğurudur”. Növbəti Olimpiadada iştirak edib-etməyəcəyimi bilmirəm. Bir qədər istirahət etdikdən sonra qərarımı verəcəyəm”.
Daha sonra sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev Tokio-2020 ilə bağlı fikirlərini açıqlayıb: “Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində neçə illərdir idmançılarımız bayrağımızı müxtəlif yarışlarda yüksəklərə qaldırırlar. Tokioda idmançılarımız 7 medal qazandı. Əziyyəti olan hər kəsə təşəkkürümüzü bildiririk. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, xüsusən də, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev, federasiya nümayəndələri beş il ərzində qayğı göstərib, bizə dayaq olublar. Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət olunmuşdu. İdmançılarımız qapalı şəraitdə məşq edə bilmirdilər, çətinliklərimiz var idi. Lakin sonradan bizə icazə verildi, Olimpiadaya lisenziya qazanan idmançılarımız qapalı şəkildə hazırlaşdılar, beynəlxalq turnirlərə, lisenziya xarakterli yarışlara qatıldılar. Vətən Müharibəsində iştirak edən idmançılarımız da var idi. Bütün bunların da təsiri oldu. Qazanılan medallara görə bütün xalqımızı təbrik edirəm. Bu uğuru qaralamaq olmaz, çünki xalqımız buna sevinir. Unutmayaq ki, bəzi ölkələr Olimpiadada medalsız qaldılar. Azərbaycan millisi Tokio-2020-də 67-ci yeri tutdusa, Ermənistan 69-cu oldu”.
Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşçimiz Rafiq Hüseynovun (77 kq) təəssüratları isə belə olub: “Azərbaycana medal gətirdiyimiz üçün sevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir. Həm müharibə, həm də pandemiya şəraitində çətin günlər idmandan da yan keçməyib. Düzdür, bu gün qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə mükafatsız qayıtmadıq. Medal almayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram. Hələ 33 yaşım var, bu, elə də çox deyil. Qalib gələ bilirsənsə, davam etmək şərtdir. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadır. Xüsusilə də olimpiya medalı. Çalışacağıq ki, 3 il ərzində hazırlaşaq və növbəti yarışda qızıl mükafata sahib olaq. 4 görüşün hər biri mənim üçün ağır idi. Hər bir rəqiblə görüşə xüsusi hazırlaşmışdım. Qarşılaşmaların hər biri prinsipial idi. Əsas məqsədim isə medal qazanmaq idi ki, onu da əldə etdim”.