Tribuna İnformasiya Agentliyi

Filippin rekord vurur, Azərbaycan şərikini itirir

11 May

Mayın 17-də milli komandaların FİFA reytinqi açıqlanacaq.

TİA.AZ  apasport.az-a istinadən xəbər verir ki, siyahı ilə bağlı yekun ehtimallar müəyyənləşib.

Təxmini siyahıda planetin 211 komandası yer alıb. Hesabat dövründə cəmi 6 yoxlama oyunu keçirildiyindən cədvəldə yalnız cüzi dəyişikliklər olacaq.

Buna baxmayaraq, Qrenada 9, Benin və Botsvana 6 pilləlik sıçrayışla diqqət çəkəcək. Fələstinlə Sent-Lusiya 5, Yamayka, İraq, Sent-Kitts və Nevis 4 addım geriləyəcək. Filippin isə tarixinin ən yüksək göstəricisinə imza atıb, 111-ci pilləyə qədər irəliləyəcək.

5 həftəlik hesabat dövründə jeç bir oyuna çıxmayan Azərbaycan yığmasının mövqeyi dəyişməz qalacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz 245 xalla yenə 126-cı yerə şərik olacaq. Lakin ötən ayla müqayisədə yeganə fərq ondan ibarətdi ki, bu dəfə komandamız 2 deyil, 1 komandayla bu mövqeyi böləcək. Bu da şəriklərdən biri – Sent-Kitts və Nevisin geriləməsi ilə bağlıdı. Azərbaycan isə 126-cı sıranı Sudanla böləcək.

Millimiz və qonşuları

122 (122). Tailand – 253
123 (123). Ruanda – 252
124 (124). Antiqua və Barbuda – 251
124 (125). Yəmən – 251
126 (126). Azərbaycan – 245
126 (126). Sudan – 245
128 (129). Türkmənistan – 242
128 (129). Toqo – 242
130 (126). Sent-Kitts və Nevis – 241

Dünyanın ən güclü 10 komandasının siyahısında da dəyişikliklər olmayacaq. Dünya futbolunun liderlərindən yalnız ikisinin xalı dəyişəcək. Almaniya 11, Polşa 10 xal artımına sevinəcək.

İlk “onluq”

1 (1). Almaniya – 1544
2 (2). Braziliya – 1384
3 (3). Belçika – 1346
4 (4). Portuqaliya – 1306
5 (5). Argentina – 1254
6 (6). İsveçrə – 1179
7 (7). Fransa – 1166
8 (8). İspaniya – 1162
9 (9). Çili – 1146
10 (10). Polşa – 1128

Siyahıda yer alan millimizin rəqiblərindən yalnız Qazaxıstan 4 xallıq qazancla 2 pillə irəliləyəcək. Millətlər Liqası və yoxlama oyunlarındakı rəqiblərdən Qırğızıstan, Latviya, Kosovo, Farer adaları və Maltanın xal hesabı da dəyişməz qalacaq.

Millimizin rəqibləri

75 (75). Qırğızıstan – 424
94 (94). Farer adaları – 364
117 (119). Qazaxıstan – 273
139 (139). Latviya – 217
152 (152). Kosovo – 164
185 (185). Malta – 62

Qeyd edək ki, qonşu Türkiyə millisi 714 xalla 37-ci yerdə qalacaq.