Tribuna İnformasiya Agentliyi

FİDE-nin Prezident Şurası Kirsan İllumcanovun dərhal istefasını tələb edib

09 Aprel

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidentlik Şurasının üzvləri təşkilatın rəhbəri Kirsan İllumcanovun dərhal istefasını tələb ediblər.

“Report” xəbər verir ki, istefanın lehinə 14 şura üzvü səs verib. Qurumun üzvlərindən yalnız 1-i buna qarşı çıxıb.

Federasiyanın saytında bildirilir ki, K. İllumcanovun adı ABŞ-ın sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Buna görə FİDE maliyyə çətinliyini yaşayır. Xüsusən Qərb bankları təşkilatla əməkdaşlıqdan imtina ediblər.

Ağır vəziyyət sponsorların və idmançıların qapılarıını bağlayaraq FİDE-nin nüfuzuna mənfi təsir göstərir. Həmçinin FİDE-nin Moskvadakı ofisinin bağlanması tövsiyə edilib.

1995-ci ilin noyabrından FİDE-yə rəhbərlik edən K. İllumcanov Suriya hökumətinə maddi kömək və Dəməşqin maraqları çərçivəsində fəaliyyətinə görə ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb.