FED qərarını verdi: Manatı nə gözləyir? – Ekspert rəyibackend

FED qərarını verdi: Manatı nə gözləyir? – Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“FED-in qərarının manata heç bir təhlükəsi yoxdur”.
Bunu açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov ABŞ Federal Ehtiyat Sisteminin (FED) 4 ildən sonra ilk dəfə uçot dərəcəsini 25 baza bəndi artıraraq, illik 0,25-0,5 faizə qaldırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu qərar inflyasiya ilə mübarizə fonunda verilib:
“FED-in bu qərarı gözlənilən idi və qiymət artımına qarşı mübarizə üçün belə bir addım atılıb. 2021-ci ilin sonlarından deyirdilər ki, FED uçot dərəcəsini qaldıracaq. Çünki nəinki ABŞ, bütün dünyada inflyasiya prosesi gedir, qiymətlər artır. Belə vəziyyətdə, inflyasiyanın qarşısını almaq üçün mərkəzi banklar uçot dərəcəsini qaldırır. Azərbaycan Mərkəzi Bankı da bu yaxınlarda anoloji addım atıb.
Ötən ilin sonlarından görürük ki, dünyada qiymət artımları müşahidə olunur. Ukrayna hadisələri isə bu prosesin daha da sürətlənməsinə səbəb olub. Hazırda dünya kəskin qiymət artımı ilə üz-üzədir”.
FED-in qərarı həmsöhbətimizə görə mövcud inflyasiyanın qarşısını almaqda mühüm rol oynayacaq:
“Bu halda digər banklar FED-dən daha az kredit götürür. Belə vəziyyətdə də iqtisadiyyata daha az pul yatırılır. Kreditlər üzrə faizlər artır, iqtisadiyyata az pul qoyulur. Nəticədə iqtisadi aktivlik azalsa da, inflyasiya prosesinin də qarşısı alınır”.
Ekspert düşünür ki, FED-in qərarının Azərbaycana heç bir ciddi təsirləri olmayacaq:
“Düzdür, bu qərarla dollar bütün dünyada avro və digər valyutalara münasibətdə bahalaşacaq. Amma bu bahalaşma manata münasibətdə baş verməyəcək. Çünki eyni zamanda neftin qiyməti də bahalaşıb. Bu fonda ölkəmizin valyuta gəlirləri də artır. Azərbaycan valyutası isə tamamilə neftin qiymətindən asılıdır. Ona görə də FED-in qərarının manata heç bir təhlükəsi yoxdur”.