Tribuna İnformasiya Agentliyi

Fazil Mustafa: Polad Bülbüloğlu indiki nazirə bu barədə pıçıldaya bilmir?

18 Aprel
Dənizkənarı bulvarda “Sürgün olunmuş abidələr” adlı memorial kompleks yaradılsın.
TİA.AZ Oxu.Az – a istinadən xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.
O xatırladıb ki, illərdir İncəsənət Muzeyinin həyətində Üzeyir bəy Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəlləri saxlanılır.
“Bakı Bulvarına çox sayda insanın, o cümlədən, xarici turistlərin baş çəkdiyini nəzərə alaraq orada “Sürgün olunmuş abidələr” adlı bir memorial kompleks yaratmaq olar. Bu üç heykəli orada yerləşdirərək, üzərində xarici dillərdə tanıtım mətnləri yazaraq, Azərbaycan torpaqlarının işğalı faktına əyani diqqət yönəltmək mümkündür.
Yəni erməni barbarları yalnız insanları deyil, abidələri də öz məkanlarından sürgün ediblər, onlara da atəş açıblar. Bu üç sənət əsəri muzeyin arxasında gizlədilməkdənsə, təbliğat vasitəsi kimi istifadə olunarsa, yaxşı olmazmı?
Üzeyir bəylə Xurşidbanu Natəvanın kimsəsi qalmayıb, Bülbülün ki oğlu hörmətli Polad müəllim o boyda Rusiyadakı səfirimizdir, özü də bu abidələr gətirilən vaxtlar mədəniyyət naziri olub, indiki mədəniyyət nazirinə bu barədə pıçıldaya da bilmir?
Bu heykəllər muzeyin arxasında həbsxanada qalmaqdansa, bulvara “sürgün”ə göndərilməsi ağıllı variant olmazdımı?”, – deyə millət vəkili əlavə edib.