Eyni evdə, amma fərqli ölkələrdə yaşayırlar – Fotolarbackend

Eyni evdə, amma fərqli ölkələrdə yaşayırlar – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baarle qəsəbəsindən keçən sərhəd bir tərəfdən Hollandiya, digər tərəfdən Belçikadır. Ölkələr arasında sərhəd bəzi yerlərdə evlərin, dükanların və iş yerlərinin ortasından keçir. Burada əsas evlərin ön qapılarıdır. Ön qapı hansı ölkəyə açılırsa, evin sakinləri o ölkənin qaydalarına uyğun yaşayırlar.

Musavat.com “Hüriyyət”ə istinadən bildirir ki, Belçikanın Baarle-Hertog şəhəri 22 yaşayış məntəqəsindən ibarətdir. Bunlar Hollandiya ərazisi ilə əhatə olunmuş kiçik yerlərdir. Hollandiyanın Baarle-Nassau şəhəri yeddi Belçika yaşayış məntəqəsi daxilində olan səkkiz yaşayış məntəqəsindən ibarətdir.

Bu mürəkkəblikdən qaçmaq istəyən yerli idarəçilər sərhədlərin bölümünü asanlaşdırmaq üçün sərhəddəki səkiləri xüsusi işarələrlə qeyd ediblər. Maraqlıdır ki, bu işarələr şəhər yollarından tutmuş, insanların bağlarından, hətta yaşadıqları evlərin otaqlarından keçir.

Həyatı boyu qəsəbənin Hollandiya hissəsində yaşamış Gool adlı qadın bu ərazidə qaçaqmalçılığın tez -tez baş verdiyini deyir. Onun sözlərinə görə xüsusən də qadınlar gömrükdə diqqət çəkməmək üçün xüsusi geyimlər geyinib, paltarlarının altında qaçaq yolla yağ keçirməyə çalışırlar.

Hər iki ölkənin yaxşı və pis tərəflərindən söz açan Gool bu gün Belçikada hazırlanan çörəyin daha dadlı, benzinin Hollandiyadan daha ucuz olduğunu deyir.

O da məlumdur ki, qəsəbənin hər iki bələdiyyə sədri birləşmək arzusundadır.

Hollandiya bələdiyyə başçısı bu haqda qeyd edib: “Fərqli ölkələrdən olan bu iki bələdiyyə inteqrasiya olunaraq vahid bir Avropa quruluşuna çevrilə bilsəydi, çox parlaq bir şey olardı. Ancaq bu fikir hələ də utopikdir”.

Belçikanın bələdiyyə başçısı isə bildirib: “Yəqin ki, bunu heç vaxt sınamayacağıq. Hazırda bu heç hüquqi cəhətdən də mümkün deyil. Əgər bu baş versəydi, birləşmə qarşılığında hər iki tərəfə fayda gətirəcək mədəni həssaslıqların yenidən canlanması olardı”.