ETSN rəsmisi “Yaşıl Marafon” kampaniyasının nəticələrindən danışdı – FOTObackend

ETSN rəsmisi “Yaşıl Marafon” kampaniyasının nəticələrindən danışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən illərlə müqayisədə builki yaz ağacəkmə kampaniyasında ictimaiyyətin dəstəyini daha çox hiss etdik. IDEA İctimai Birliyinin təşəbbüsü ilə başlanan “Yaşıl Marafon” kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirləri ilk gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə qarşılandı, bu təşəbbüsə qoşulmaq üçün demək olar ki, cəmiyyətin bütün təbəqələrindən müraciətlər daxil oldu. Bu, kampaniyanın cəmiyyətin bütün təbəqələrində ruh yüksəkliyi ilə qəbul edilməsinin nəticəsidir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

Onun sözlərinə görə, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyasının gedişatında dövlət qurumları, özəl şirkətlər, media təmsilçiləri, könüllülər və vətəndaş cəmiyyəti nümayəndələri xüsusi fəallıq göstərib:

“İctimaiyyətin və tərəfdaşlarımızın dəstəyi  ilə bu yaz mövsümündə respublikanın meşə fondu ərazilərindəki açıq sahələrdə 400 mindən artıq meşəcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 4 tondan çox  toxum səpilib.  Eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik sahələrində yetişdirilən 121 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb”.

Xidmət rəsmisi onu da vurğulayıb ki, ağacəkmə tədbirləri bütün regionlarda payız mövsümündə də davam etdiriləcək və ilin sonunadək 1 milyondan çox ağacın əkilməsi nəzərdə tutulub.

“Yaz ağac əkininin uğurla həyata keçirilməsinə, yaşıllıqların genişləndirilməsinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığımızı bildirir, payız ağacəkmə aksiyalarında da ictimaiyyətdən, tərəfdaşlarımızdan və könüllülərdən eyni coşqu ilə dəstək gözləyirik”.