Tribuna İnformasiya Agentliyi

Etirazdan bayrama aparan yol: 8 Mart dində qəbul olunurmu?

06 Mart

Onlar dünyanın ən çox əzilən, təcavüzə məruz qalan, şiddət görən, həmçinin zəriflik, incəlik simvolu sayılan, diqqətə, qayğıya, sevgiyə daha çox ehtiyacı olan varlıqlarıdır. Söhbət bəşər cəmiyyətinin əzəli yaradılışı hesab edilən qadınlardan gedir.

Qadın dünyaya gələn və gətirəndir. Tükənmək bilməyən sərvətdir, kişilər üçün cənnətin qapılarını üzlərinə açmaqda yardımçı olanlar və Allahın yer üzündəki görünən mələkləridir.

Yazıçı Onoro de Balzakın belə bir sözü var: “Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub”.

Məhz bu fədakarlığın, dözümlülüyün nəticəsində onlar dünyada söz sahibinə malik olan şəxslər sırasındadır: ölkə liderləri, qurum rəhbərləri, siyasətçilər, ailə təməlinin sütunları…

Fədakarlıqdan, sevgidən söhbət düşmüşkən, artıq bütün dünyada iki gündən sonra qeyd olunacaq 8 Mart – Qadınlar Gününü xüsusilə vurğulamaq lazımdır.

Bu günün tarixinə nəzər salsaq, görərik ki, bu bayram heç də gözəlliyi və romantikliyi özündə ehtiva etmir. Beynəlxalq Qadınlar Günü özlüyündə qadın hüquqlarının dünyaya çatdırılmasının və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin yada salınması üçün vurğulanacaq özəl gündür.

161 il bundan öncə yəni, 1857-ci ilin 8 mart tarixində ABŞ-ın  Nyu-York şəhərində geyim sektorunda işləyən qadınlar 16 saatlıq iş rejiminin 10 saata salınması, aşağı maaşa, uzun çalışma saatlarına, pis iş şəraitinə etiraz olaraq nümayişə çıxırlar.

Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutub. Bu Amerika Sosialist Partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.

1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən II Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Martın “Dünya Qadınlar Günü” olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.

Amma qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir. 1917-ci ildə rusiyalı qadınlar “Çörək və Sülh” şüarı ilə küçələrə çıxırlar. Dörd gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Bu hadisə 8 Mart tarixinə təsadüf edir.

Azərbaycanda isə 8 Mart ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart – Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir.

Bəs, görəsən kökü xristianlara dayanan bu günün müsəlman ölkəsi Azərbaycanda qeyd olunması dini baxımdan nə dərəcədə doğrudur və bu durum dəstəklənirmi?

Oxu.Az məsələ ilə bağlı bir neçə ilahiyyatçıya müraciət edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, İslam dinində qadın üçün xüsusi olaraq gün təyin edib, bayram etmək qəbul olunan deyil və dəstəklənmir:

“Hazırda Azərbaycanda bu gün kütləvi şəkildə hər kəs tərəfindən qeyd olunur. Lakin İslam dinində 8 Mart anlayışı yoxdur. İslamda qadına yalnız xüsusi olaraq bir gün deyil, hər gün diqqət və qayğı göstərilməsi nəzərə çatdırılır.

Peyğəmbərimizin özü də arvadlarına və qızlarına hər günü xüsusi gün kimi yaşadıb. Bu səbəbdən də xüsusi gün təyin etmək və bayram kimi qeyd etmək islam dinində dəstəklənmir. Bu gün təyin etmək ifadəsi yalnız 8 Marta aid deyil.

İslam dinində xüsusi olaraq qeyd olunan iki bayram var. Bunlar Qurban və Ramazan bayramlarıdır. O ki qaldı 8 Mart kimi bayramlara, bunlar Sovetin dövründən qalma ənənələrdir.

İndi bu bayramın qeyd olunmasını tənqid etsən, sənə qarşı əks fikirlər, iradlar yaranmış olacaq. Ona görə bu məsələ haqqında çox danışıb, fikir bildirə bilməyəcəm”.

“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli qeyd edib ki, 8 Mart Qadınlar gününün dinlə heç bir əlaqəsi yoxdur və keçirmək məsələsində ixtiyar sahibləri insanların özləridir:

“İslam dinində iki müqəddəs bayramın – Qurban və Ramazan bayramlarının adları qeyd olunur. Bunlar haqqında da vaxtı gəldikdə lazımi məlumatlar veririk. 8 Mart qadınlar gününün İslam dininə heç bir aidiyyəti yoxdur. Amma deyə bilərəm ki, çalışdığımız qədərilə digər ölkələrin mədəniyyətlərini mənimsəməməliyik. Bu bayramın geniş şəkildə insanlar tərəfindən qeyd olunması məqsədəuyğun deyil.

Onu da qeyd etmək istərdim ki, bu il 8 Mart Qadınlar günü Həzrəti Fatimənin mövlud gününə təsadüf edir. Bilirsiniz ki, Həzrəti Fatimə peyğəmbərimizin övladı, İmam Əlinin həyat yoldaşıdır. Onun da doğum günü müsəlman qadınları arasında bayram kimi qeyd olunur.

Ümumiyyətlə, deyə bilərəm ki, bugünkü gündə qadına verilən dəyər arzuolunan həddə, səviyyədə deyil. Buna görə də qadınların dəyərləndirilməsi, onlara göstərilən qayğının artırılması özü-özlüyündə gözəl əməldir.

Dinimizdə də qeyd olunur ki, qadına göstərilən diqqət və ehtiram bir bayram kimi keçirilə bilər. Bu səbəbdən də 8 Martı dini və dünyəvi dəyərlərin kəsişməsi hesab etmək olar. Bir daha vurğulamaq istəyirəm ki, bu bayramın dinlə heç bir əlaqəsi yoxdur və din bununla bağlı kəskin şəkildə də mübarizə aparmır. Bəzən olur ki, buna görə qara kompaniyalar, çirkin iradlar başlayır. Bunu düzgün hesab etmirəm. Keçirib-keçirməmək məsələsində ixtiyar sahibləri insanların özüdür”.