“Əşyaların internet”i həyatımızı necə dəyişir?backend

“Əşyaların internet”i həyatımızı necə dəyişir?

Dünyada bulud texnologiyalarından sonra ən geniş yayılmış sahələrdən biri də “Əşyaların interneti” (İnternet of things, İoT) hesab olunur. Bizi əhatə edən bütün faydalı əşyaların (məişət avadanlıqlarının, elektrik cihazlarının, gündəlik istehlak mallarının, nəqliyyat vasitələrinin, istehsal qurğularının, əmək alətlərinin, informasiya daşıyıcılarının, tibbi ləvazimatların, mühafizə və nəzarət sistemlərinin, bitki və heyvanat aləminin) internet şəbəkəsinə qoşulması “Əşyaların interneti” termininin yaranmasına gətirib çıxarıb.

Sadə dildə desək, əvvəllər hansısa ucqar kənddə Fatmanisə nənə buludlara baxaraq sabah havanın necə olacağını, rütubətli, günəşli keçəcəyini, yağışın yağıb-yağmayacağını müəyyən edib öz təsərrüfatı ilə bağlı qərarlar verirdisə, indi onu müasir hidrometeroloji qurğular əvəzləyir. Bu qurğular Fatmanisə nənənin ehtimallarını daha düzgün, daha dəqiq hesablamağa, həftəlik, aylıq təhlillər tərtib etməyə imkan yaradır. Artıq həmin emal olunmuş məlumatlar kəndlilərə əkin-biçin tarixi, suvarma və s. ilə bağlı bilgiləri əvvəlcədən əldə etməyə və onlardan lazımınca yararlanmağa imkan yaradır.

Beləliklə, İoT real həyatın aspektlərini (temperatur, işıq, təzyiq və s.) hiss edə bilən, əldə etdiyi məlumatları emal edib nəticədə müxtəlif qərarlar verə bilən cihazlar deməkdir. Bu elə bir sistemdir ki, internetə çıxışı olan bütün obyektlər bir-biri ilə unikal tanışlıq və informasiyanı bir-birinə ötürmək bacarığı ilə təmin olunublar, yəni bu sistemdə insan-insan və ya insan-kompüter əlaqəsinə ehtiyac olmur.

Bu sistemin əsas məqsədi daha sağlam, səmərəli və məhsuldar qərarlar qəbul etmək üçün əlavə obyektiv verilənlər toplamaqdır.

Nümunə üçün kənd təsərrüfatı sahəsində “Əşyaların interneti” sisteminin tətbiqinə qısaca nəzər salaq. Məsələn, torpaq sahəsinin suvarılmaya ehtiyacı olub-olmadığını müəyyən etmək üçün işçi qüvvəsi oraya nəzər yetirsə, o, sadəcə üst hissədən torpağın quru olduğunu görüb suvarılmaya ehtiyac olduğunu təxmin edə bilər. Amma həmin əraziyə “əşyaların interneti” tətbiq olunmaqla, yəni torpağa təxminən 20-80 santimetr dərinliyində sensorlar yerləşdirməklə torpağın rütubətini ölçərək obyektiv məlumat əldə etmək mümkündür. Üstəlik həmin əraziyə hava proqnozu inteqrasiya edilərsə, növbəti 5 gün ərzində hava barədə məlumat əldə edib yaxın günlərdə yağış yağma ehtimalını müəyyənləşdirməklə suvarmaya ehtiyac olmadığını yəqin edə bilərik. Buraya torpağın tipi əlavə olunarsa (qumsal, gil və s.) bununla əlaqədar olaraq alqoritm ağacların sulanma tezliyini də hesablaya bilər.

Digər nümunə kimi inəklərə “əşyaların interneti”nin qoşulmasını qeyd edə bilərik. Məsələn, onların diri olub-olmadığı, kifayət qədər hərəkət edib-etmədiyi bu vasitə ilə müəyyən edilir. Uzun müddət hərəkət etmirsə bu, ya heyvanın xəstə olmasından, ya da ki, kəsilib satılmasından xəbər verir.

İlk dəfə 1999-cu ildə “Procter&Gamble” şirkətinin əməkdaşı Kevin Aşton tərəfindən istifadə olunan İoT 2015-ci ildən etibarən daha geniş yayılmağa başlayıb. İoT Dünya İqtisadi Forumunun qiymətləndirməsində dünyanı dəyişdirəcək texnologiyalar arasında ilk sıralarda yer alır və bu texnologiyaların yaxın 10 ildə dünya iqtisadiyyatında əsas trend olacağı proqnozlaşdırılır. İoT cihazlarının sayı 2017-ci ildə 31% artaraq 8.4 milyarda çatmış və 2020-ci ildə bu sayın 30 milyarda çatacağı gözlənilir. İoT-un dəyərinin 2020-ci ildə 7.1 trilyon dollara çatacağı proqnozlaşdırılır. Belə ki, artıq “Ağıllı şəhər”, “ağıllı ofis”, “ağıllı avtomobil” və s. kimi ağıllı qurğular dayanmadan bu məlumatları artırırlar.

Bəs, Azərbaycanda “Əşyaların interneti”nin tətbiqi hansı sahələrdə həyata keçirilir?

Ötən ay CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru, CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda Azərbaycanın bu sahədə bir çox uğurlu layihələrə imza atdığı vurğulanıb. Hazırda isə prezident İlham Əliyevin xüsusi nəzarəti ilə “Ağıllı şəhər” layihəsi, o cümlədən Azərbaycanın su ehtiyatlarınının düzgün qiymətləndirilməsi, layihənin prioritetlərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının və balansın elektron idarə edilməsi, sensor texnologiyasının tətbiqi və su ehtiyatları sahəsində qanunvericiliklə bağlı məlumatın toplanılması istiqamətində uğurlu işlər aparılır.

Neft və qaz hasilatı sahəsində. Neftin kəşfiyyatı və aşkarlanması sürətini artırmaq, neft hasilatını yüksəltmək və avadanlıqlarda qüsur və ya operator səhvləri nəticəsində meydana çıxan sağlamlıq, təhlükəsizlik və ətraf mühit risklərini azaltmaq və s. kimi istiqamətlərdə əsasını sensorlar təşkil edən İoT texnologiyasının tətbiq edilməsi aktual məsələlərdən hesab olunur. Azərbaycan neft platformalarında İoT-dan geniş istifadə olunur. Bu texnologiyanın tətbiqi ilə idarəetmənin operativliyinə, səmərəli qərarların qəbuluna, istehsalın təkmilləşdirilməsi və rəqabət qabiliyyətinin artırılmasına nail olunur.

Kənd təsərrüfatı sahəsində. Yuxarıda qeyd edildiyi kimi, CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti  ilə keçirilən videokonfransda da “Ağıllı kənd təsərrüfatı” sahəsində ölkəmizin olduqca irəlidə oduğu qeyd edildi. “Əşyaların interneti”ni kənd təsərrüfatında tətbiq etməklə əkin və becərmə üçün ən optimal vaxt müəyyən edilir, suvarma sistemi avtomatlaşdırılır, sensorlar torpağın nəmliyini ölçüb kompüterə ötürdükdə müvafiq olaraq suvarma sisteminə nə vaxt və nə qədər su lazım olduğu bilinir. Bununla yanaşı, sensorlar vasitəsilə bitkilərin zərərli qurdların hücumuna məruz qaldığı müəyyənləşdirilir ki, bu da dərhal dezinfeksiya tədbirlərinin aparılmasına yardım edir. Beləliklə suya, enerjiyə, vaxta və s. qənaət etməklə yanaşı məhsuldarlığın artırılmasına nail olunur.

Nəqliyyatın İntellektual İdarəetmə Sistemi. İoT-dan Azərbaycan nəqliyyatında geniş istifadə olunur. Belə ki, avtobuslar  müdaxilə olmadan müxtəlif ünvanlara yaxınlaşması barədə məlumat verir.

Azərkosmos sahəsində. Azərbaycanın hər üç peykinə nəzarət bu sensorlar vasitəsilə uğurla həyata keçirilir.

Pərakəndə və topdan ticarətdə. Hazırda ölkəmizdə maşınlar vasitəsilə müxtəlif anbarlara mal daşınırsa həmin malların hansı ardıcıllıqla maşına yığılması və boşaldılması, lazım olmayan yerdə saxlanılması, anbarda hansısa avadanlığın sıradan çıxması, soyuducularda nasazlıq barədə dərhal məlumatın verilməsi kimi funksiyalar işə salınıb.

Biznes mərkəzlərində. Bəzi supermarketlərə süni intellektlə inteqrasiya olunan sensorlar quraşdırılıb. Həmin sensorlar insan ona yaxınlaşdığı an işə düşür və müştərinin cinsiyyəti nəzərə alınmaqla reklamı çatdırır. Bu isə həm enerjiyə qənaət, həm də alıcının diqqətini çəkməklə faydalılığını artırır. Bundan başqa, əksər biznes mərkəzlərində turniketlər quraşdırılıb. Onlar mərkəzə giriş-çıxışa nəzarət edir, hansısa bədbəxt hadisə baş verərəsə, onu asanlıqla müəyyən edərək insanların təxliyyəsi üçün lazımi məlumatları ötürürlər.

Səhiyyə sahəsində. Hazırda ölkəmizdə İoT sayəsində xəstələrin vəziyyətinə uzaqdan nəzarət etmək mümkündür. Belə ki, sistem kardiostimulyatorlu xəstələrə sutka boyu nəzarət edə və həkimlərə hər hansı dəyişiklik haqqında dərhal məlumat verə bilir. Bu, həm də kadr çatışmazlığı problemini həll edir. Reanimatoloqlar ağır xəstələrə uzaqdan nəzarət edə bilirlər. Məsələn, xəstə reanimasiya şöbəsində olanda ona müxtəlif sensorlar qoşmaqla ürək döyüntüsü, təzyiqi və s. ölçülür. Bütün bunlar mərkəzi sistemə qoşulur və xəstənin halında ciddi dəyişiklik olarsa dərhal həkimə xəbər ötürülür. Kritik vəziyyət yaranarsa xəstə çarpayısının yanındakı monitordan həkimə avtomatik olaraq siqnal çatdırılır.

Məişət texnikasında. Azərbaycanda bir çox məişət texnikaları İOT texnologiyasını dəstəkləyir. Belə ki, “ağıllı televizor”lar vasitəsilə “Netflix”, “Youtube” izləyə bilər, “ağıllı wifi” vasitəsilə istənilən yerdən evdə neçə nəfərin internetə qoşulmasına, hansı saytları izləməsinə, ümumiyyətlə internetin idarəsinə nəzarət edə bilərik. Bu gün ölkənin müxtəlif yerlərində təhlükəsizlik kameraları var ki, onlar svetaforlarla sinxronizasiya olunduqları üçün video məlumatlar toplayaraq tıxac, qəza, yol hərəkəti qaydalarının pozulması hallarını növbətçiyə ötürür və avtomatik cərimələr göndərilir.

“Ağıllı ev”. “Əşyaların interneti” artıq insan həyatının ən vacib sahələrində istifadə olunur. İşıq və temperatur rejiminin nizamlanması ilə yanaşı bu sistem həm də təhlükəsizlik məsələlərini həll edir. Məsələn, bu sistem qaz sızmasını qeydə alaraq dərhal xilasetmə xidmətinə məlumat ötürür.

“Ağıllı şəhər”. Bu istiqamətdə də bir sıra layihələr həyata keçirilib. Belə ki, Şamaxı “Asan xidməti” kompleks Smart ASAN konsepti əsasında inşa edilib. Bu konseptin tərkib hissələri isə “Smart Parkinq”, “Ağıllı tullantı yeşikləri”, “Ağıllı işıq dirəkləri”, “Ağıllı güzgü” və “LoRaWAN” texnologiyasıdır.

Son dövrlər ölkəmizdə istifadəyə verilən zavod və fabriklərimiz də müasir avadanlıqlarla təchiz olunub ki, onlar da “Əşyaların interneti”nə yaxşı nümunələr hesab oluna bilərlər.

Bütün bunlarla Azərbaycanda “Əşyaların interneti” ilə bağlı həyata keçirilən layihələrin bir qismi idi. Qarşıda isə dünyada bu sahədə baş verən yeniliklərə uyğun olaraq daha böyük layihələrin reallaşması gözlənilir.

Anzulə Pərvizqızı

24 iyun 2020-ci il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki