Əsədin 3 generalını öldürən “Bayraktar TB2” dünya gündəmində – VİDEObackend

Əsədin 3 generalını öldürən “Bayraktar TB2” dünya gündəmində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Suriyada Bəşər Əsəd rejiminə məxsus təyyarələr tərəfindən Türkiyə hərbçilərinə edilən hücum zamanı 36 əsgər həyatını itirib. Türkiyə isə bu hücuma cavab olaraq Əsəd rejiminə məxsus zirəhli texnikaları, hərbi aerodromları, qərargah və silah-sursat anbarlarını Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2” adlı pilotsuz uçan aparatlar vasitəsilə darmadağın edib və hücum zamanı Əsəd rejiminin 3 generalı öldürülüb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin açıqladığı video görüntülərdə Əsəd rejiminə məxsus hərbi obyektlərin dəqiq vurulması dünya mətbuatının diqqətini çəkib. Son 2 gündə mətbuatda hərbi ekspertlərin əsas müzakirə mövzularından biri Türkiyəyə məxsus pilotsuz uçan aparatlar olub.
Məlumat üçün bildirək ki, Türkiyədə qısaldılmış adı SİHA (Silahlı İnsansız Hava Aracı) olaraq bilinən pilotsuz uçan aparatlar “Baykar Makina” şirkəti tərəfindən hazırlanmaqdadır.
Türkiyədə ilk milli pilotsuz uçan aparat 2007-ci ildə Silahlı Qüvvələrin istifadəsinə verilib. “Bayraktar Mini İHA” olaraq adlandırılan pilotsuz uçan aparatın uzunluğu 1,2 metrə bərabərdir. 60 dəqiqə ərzində havada qala bilən “Bayraktar Mini İHA” 3,7 km hündürlükdən foto-video görüntülər çəkə bilir.
Daha sonra Türkiyə milli pilotsuz uçan aparatları bir qədər inkişaf etdirərək “Bayraktar DİHA” adlı yeni aparatı istifadəyə verib. “Bayraktar Mini İHA”dan fərqli olarak “Bayraktar DİHA” havada daha çox – 12 saat qala bilir. Uzunluğu 1,5 metr, qanadlarını açdığı zaman isə 5 metr olan aparat 4,6 km hündürlüyə kimi yüksələ bilir.
Nəhayət, 2014-cü ildə Türkiyə ilk dəfə silahlı pilotsuz uçan aparatını Silahlı Qüvvələrin istifadəsinə verib. “Baykar Makina” şirkəti tərəfindən hazırlanan aparata “Bayraktar TB2” adı verilib. Havaya qalxdıqdan sonra 24 saat uça bilən aparatın uzunluğu 6,5 metrə bərabərdir. Qanadlarını açdığı zaman 12 metrə bərabər olan “Bayraktar TB2” 150 km məsafədən idarə oluna bilir. 8 km-dən çox yüksəkliyə qalxa bilən aparat özü ilə 55 kiloqram yük götürə bilir. “Bayraktar TB2”nin əsas üstünlüyü odur ki, çəkdiyi görüntüləri anında idarəetmə mərkəzinə ötürə bilir. Bu səbəbdən də “Bayraktar TB2”nin daşıdığı raketlər vasitəsilə hədəfləri 100% dəqiqliklə vurmaq mümkün olur.
Hazırda Türkiyə Hərbi Hava Qüvvətlərinin istifadəsində 75 ədəd “Bayraktar TB2” pilotsuz uçan aparatın olduğu, daha 151 ədəd aparatın sifariş olunduğu bildirilir. Eyni zamanda bu aparatdan 6 ədədi polisin, 12 ədədi isə jandarmanın istifadəsindədir.
Qətər Türkiyədən 6 ədəd, Ukrayna isə 12 ədəd “Bayraktar TB2” sifariş edib. Hazırda Ukrayna ordusunun istifadəsində 6 ədəd “Bayraktar TB2” aparatı var.
Onu da bildirək ki, “Baykar Makina” yeni silahlı pilotsuz uçan aparatın istehsalına hazırlaşır. “Bayraktar Akıncı” adlandırılan yeni aparatın hazırda istifadədə olan “Bayraktar TB2”dən bir çox üstünlükləri olacaq. Yeni aparatın uzunluğu 12,2 metr olacaq və qanadları açıldığı zaman 20 metrə çatacaq. 24 saat uça biləcək “Bayraktar Akıncı” 1350 kiloqram yük götürmə qabiliyyətinə sahib olacaq. Eyni zamanda “Bayraktar Akıncı” 12 km yüksəkliyə qalxacaq.