Ərzaq niyə bahalanır: Elman Rüstəmov bu dəfə düz danışırmı? – TƏHLİLbackend

Ərzaq niyə bahalanır: Elman Rüstəmov bu dəfə düz danışırmı? – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 9 ayında Azərbaycanda istehlak qiymətləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2%, o cümlədən ərzaq məhsullarının qiyməti 6% artıb.
Qeyd edək ki, bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Qiymət artımı sonuncu dəfə bu səviyyəyə 2017-ci ildə yüksəlib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda inflyasiyaya ən çox xarici amil təsir göstərir: “Bizdə inflyasiya idxalla bağlıdır. Bu, əsasən ərzaq inflyasiyasıdır”.
Bəs görəsən, Azərbaycanda qiymət artımının səbəbi Elman Rüstəmovun dediyi kimi idxalla bağlıdır, yoxsa başqa səbəblər var?
Xatırladaq ki, 2015-ci ilin fevral ayında baş verən devalvasiyadan əvvəl Mərkəzi Bankın sədri bəyan etmişdi ki, manatın məzənnəsi dəyişməyəcək. Lakin, Elman Rüstəmovun bu açıqlamasından çox qısa müddət sonra manat kəskin şəkildə dəyərdən düşdü.
Bu səbəbdən də, insanlar haqlı olaraq Elman Rüstəmovun açıqlamalarını təftiş edir və doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırlar.
Biz də Elman Rüstəmovun son açıqlamasını, yəni Azərbaycanda qiymət artımının idxaldan asılı olub-olmadığını, yaxud da hansı səviyyədə asılı olduğunu araşdırmağa çalışdıq.
Məlumat üçün qeyd edək ki, Azərbaycan ərzaq məhsullarını əsasən 2 ölkədən – Türkiyə və Rusiyadan idxal edir. Bu ilin ilk 9 ayında ümumi idxalın 33%-i də bu iki ölkənin payına düşüb.
Bu səbəbdən, Mərkəzi Bank sədrinin də dediyi kimi, bu ölkələrdə baş verən qiymət artımı öz təsirini Azərbaycana da göstərməlidir.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda göstərilir ki, bu ilin ilk 9 ayında Rusiyada 7,8%, Türkiyədə isə 20% həddində illik inflyasiya qeydə alınıb.
Lakin onu da qeyd edək ki, bu ilin əvvəlindən Türkiyənin milli valyutası – lirə Azərbaycan manatı qarşısında 25% dəyərdən düşüb. İlin əvvəlində 1 lirə təxminən 24 qəpik səviyyəsində olduğu halda, hazırda 18 qəpiyə düşüb.
Lirənin manat qarşısında bu qədər kəskin ucuzlaşması Türkiyədən gətirilən məhsulların da ucuzlaşması deməkdir. Məsələn, ilin əvvəlində Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 24 manat ödəyirdik. Türkiyədəki qiymətlər 20% artdığı üçün hazırda həmin paltarın qiyməti 120 lirə olacaq. Lakin, qeyd etdiyimiz kimi, lirə manat qarşısında 25% ucuzlaşdığı üçün hazırda 120 lirəlik həmin paltar üçün 21,6 manat ödəyirik.
Göründüyü kimi, lirənin ucuzlaşması səbəbindən Türkiyədə baş verən inflyasiyanın Azərbaycana təsiri yoxdur. Tam əksinə Türkiyədən gətirilən malların qiymətində az da olsa ucuzlaşma olmalıdır.
Hazırda Azərbaycanda qiymət artımına təsir edən əsas amil Rusiyada inflyasiya səviyyəsinin yüksəlməsilə əlaqədar ola bilər. Bu il Rusiya rublu Azərbaycan manatı qarşısında dəyişməz qalıb. İlin əvvəlində olduğu kimi, hazırda da rublun məzənnəsi 23-24 qəpik arasında dəyişir. Ancaq qeyd etdiyimiz kimi, Rusiyda illik inflyasiya 7,8%-ə çatıb və bu son 5 ilin ən yüksək göstəricisi hesab olunur.
Statistika Komitəsinin açıqladığı məlumatlara baxdığımız zaman belə görünür ki, qiymət artımı təkcə Rusiyadan idxal olunan məhsullarda müşahidə olunmur. Yuxarıda qeyd etdiyimiz kimi, heç bir əsas olmadığı halda həm Türkiyədən idxal olunan məhsullarda, həm də yerli məhsullarda qiymət artımı qeydə alınıb. Bu isə mövcud qiymət artımının həm də süni şəkildə baş verdiyini deməyə əsas verir.
Məsələn, Statistika Komitəsi ötən ay ən çox bahalanan məhsullar arasında yumurtanın adını qeyd edib. Azərbaycanda yumurtaya olan tələbat tamamilə yerli istehsal hesabına təmin olunur və xaricdən yumurda idxal olunmur. O cümlədən meyvə və tərəvəzin qiymətindəki artımı da idxal inflyasiyası ilə əlaqələndirmək olmaz.