Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan – Azərbaycanın qazandığı nəticələr…backend

Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan – Azərbaycanın qazandığı nəticələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan terrorçuları “erməni ailələri” adı altında Qarabağa hansı məqsədlə daşıdı?

44 günlük müharibə zamanı Ermənistanın digər ölkələrin vətəndaşlarından, terrorçu təşkilatların üzvlərindən muzdlu döyüşçü-terrorçu kimi istifadə etməsi təsdiqini tapmış faktdır.

TARİXƏ NƏZƏR: Suriyada baş verən hadisələr zamanı eyni ssenari işə düşmüşdü: “Suriyada yaşayan ermənilər Qarabağa köçürülür…”. Erməni mediası həm də belə məlumatlar tirajlayırdı. Ermənistanın məqsədi Suriyada yaşayan sivil erməniləri yox, pul müqabilində döyüşlərdə iştiak edən terrorçuları (erməni əsilli və digər xalqların nümayəndələrini) Qarabağa daşımaq idi. Düzdür, Ermənistan Qarabağda həm də ermənilərin sıx yaşamını təmin etmək və ciddi sərmayələrin gətirilməsini həyata keçirmək istəyirdi. Suriyada yaşayan sivil ermənilər isə Qarabağa gəlməkdən imtina edirdilər. Amma proses dayanmadı. Ermənistan Suriyada yaşayan terrorçuları (erməni ailələri adı altında) Qarabağa daşıdı. Hələ birinci mərhələdə vəziyyət belə idi.

EYNİ SSENARİ: 2020-ci il avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Livanda yaşayan digər xalqların nümayəndələri ilə bağlı yeni koordinasiya mexanizmləri işə düşdü. Vətəndaş müharibəsindən sonra Livanda yaradılan sakitliklə bağlı zəmanət partlayışdan sonra darmadağın oldu. Eyni ssenari Livanla bağlı reallaşdı. Partlayışdan sonra Ermənistan mediası “Livanda yaşayan ermənilər Qarabağa köçürülür” xəbərlərini manşetə daşıdılar, tirajladılar. Bu dəfə də terrorçuları, muzdlu döyüşçüləri pul müqabilində Qarabağa daşıdılar. Sentyabrın əvvəllərində bu proses  sürətləndi. Livan ermənilərin möhkəmləndiyi ölkələrdən biridir. Beyrutda xüsusi gücə malik olan ermənilərin “Armenakan” partiyası bu prosesin əsas ideya müəlliflərindən oldu.

Çünki rəsmi Yerevan bilirdi ki, Qarabağ probleminin həlli ilə bağlı bütün diplomatik resurslar tükənib. Tezliklə hərt şey ola bilərdi. 2016-cı il aprel, 2020-ci il iyul döyüşləri digər ölkələrdə yaşayan ermənilərdə qorxu yaratmışdı. Eyni zamanda, ermənilər dərin sosial təlatümlər içərisində yaşamağı qəbul etmirdilər. Livanda yaşayan erməni nəinki Qarabağda, heç Yerevanda yaşamağı qəbul etməzdi.

YENİ REALLIQLAR: Sentyabrın 27-də etibarən Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı noyabrın 10-da Ermənistanın hərbi kapitulyasiyaya imza atması ilə nəticələndi. Qarabağ işğaldan azad edildi. Eyni zamanda, Azərbaycan hüquq-mühafizə orqanları müxtəlif xarici ölkələrin vətəndaşlarının, terrorçu qruplaşmaların pul müqabilində Azərbaycana qarşı döyüşlərə cəlb edilmələri ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirirdi. Bəs nələr baş verdi? Bizə qarşı terrorçulardan istifadə edən Ermənistanı ifşa edə bildikmi?

FAKTLARA KEÇƏK: 

1. Noyabrın 28-də türkiyənin “Anadolu ganetliyi” təhlükəsizlik qurumlarına istinadla məlumat yaydı. PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri olan Layika Gültəkin bu barədə təmsil olunduğu cinayətkar dəstənin informasiya mənbələrinə açıqlamasında deyirdi: “Qarabağa qədər gedib erməni əsgərlərlə birlikdə döyüşdük. Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq”. Təkcə bu amil PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələrini təsdiqləyən faktiki sübutdur.

2. Noyabrın 10-da Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı rəsmi məktubda deyilir: “Fransa vətəndaşları-Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarus vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub”.

Ən diqqətçəkən məqam odur ki, məktubda həm də Ermənistan tərəfində döyüşən terrorçuların vətəndaşı olduqları ölkələrin adları da açıqlanırdı. Bu ölkələrin içərisində Fransa xüsusi ştrixlə qeyd olunmalıdır.

3. Dekabrın 2-də Azərbaycan respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Livanlı muzdlu-terrorçunun həbs edildiyi ilə bağlı məlumat yaydı: “Aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb”. 1979-cu ildə Beyrutda anadan olan Viken Eulcekcian DTX-nin yaydığı videomaterialda deyir: “27 sentyabr 2020-ci il tarixdən mənim kimi Livan Respublikasının vətəndaşı, erməni əsilli Hovak Kikiyan pul müqabilində Qarabağ müharibəsində iştirak edirdi. O məni döyüşməyə dəvət etdi və 2500 dollar pul verəcəklər. Mənim razılığımdan sonra məni Şuşa şəhərindəki “Şuşa” otelinə apardılar. Sonradan bizi hərbi hissəyə Martuniyə apardılar. Orada bizə hərbi geyimlər, silahlar, güllələr, əl qumbaraları, “AK-74” verdilər. Daha sonrma orada məni, Hovak Kikiyanı, 85 nəfər bizim kimi döyüşçüləri ermənilərin tərəfində döyüşlərə apardılar”.

4. 44 günlük Qarabağ savaşında Azərbaycana qarşı döyüşən terrorçular kustar üsulla hazırlanmış raket atan qurğulardan istifadə ediblər. Füzuli rayonunda düşmənin qoyub qaçdığı döyüş postlarında kustar üsulla hazırlanmış raket atan qurğu və onlarla mərmi aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA)məlumat yaydı ki, bu mərmilər və onun atılması üçün hazırlanmış qurğular Suriyada gedən döyüşlərdə İŞİD və PKK terrorçular tərəfindən istifadə edilib.

Belə sübutlar çoxdur. Və hamısı təkzibedilməz faktlardır.

XÜSUSİ QEYD: Dünyada muzdlu döyüşçüləri-terrorçuları birləşdirən beynəlxalq şəbəkəni idarə edən əsas dövlətlərdən biri Fransadır. Fransa bu təşkilatların əsas idarəedici mexanizmlərini hazırlayan, hərəkət trayektoriyasını müəyyənləşdirən, sistemləşdirilməsini və maliyyələşməsini həyata keçirən əsas faktordur. Təsadüf deyil: Livanda “Daşnaksütyun”, “Hnçaq” və “Armenakan” partiyalarının əsas maliyyə mənbələri Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatlarıdır. Sevr müqaviləsindən (1920-ci il 10 avqust) sonra Fransa Livanı “terror beyni” kimi istismar etməkdədir. 1954-1962-ci illərdə də Fransanın Əlcəzairə qarşı törətdiyi soyqırım ssenarisi məhz burada hazırlanmışdı. 1970-80-ci illərdə yaradılan erməni terror təşklatlarının əsas dayaq nöqtəsi də Fransa olub və həmin illərdə Fransada bir neçə türk diplomat erməni terror təşkilatları tərəfindən qətlə yetirilib. Sonradan qətli etiraf da ediblər, amma cəza almayıblar. Ona görə də, Qarabağa gələn terrorçuların vətəndaşlığı olan ölkələr siyahısında Fransanın adının keçməsi təsadüf deyil. Daha sonrakı hadisələr, Fransa senatının bədnam qərarı bunu bir daha sübut etmiş oldu.

Samir FEYRUZOV