ERMƏNİSTANI BLOKADADAN ÇIXARMAQ TƏHLÜKƏ VƏD EDİR – KREMLİN PƏRDƏARXASI OYUNU…backend

ERMƏNİSTANI BLOKADADAN ÇIXARMAQ TƏHLÜKƏ VƏD EDİR – KREMLİN PƏRDƏARXASI OYUNU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan hakimiyyəti Ermənistanı blokadadan çıxartmaq üçün əlindən gələn hər şeyi edəcək. TİA.Az xəbər verir ki, olduqca ciddi güzəştlərə belə, gedəcək. Siyasi təhlilçi Elçin Xalidbəyli qeyd edir ki, Ermənistanın blokadadan çıxarılması məsələsini bütün digər mübahisəli problemlərin həlli ilə bağlı danışıqlar prosesindən ayırmaq lazımdır. Və blokadanın ləğvi məsələsini Ermənistanla deyil, məhz Rusiya ilə müzakirə etmək vacibdir.

Məsələ ondadır ki, Ermənistanın blokadadan çıxarılması hazırda ən çox Rusiyanın geopolitik maraqlarına cavab verir. Kreml davranışları hətta Rusiyanın bu məsələdə təsələdiyini də sezdirir.

Əsas səbəb odur ki, Rusiya Ermənistanı ən qısa zamanda blokadadan çıxartmaqla, öz for-postunu yenidən gücləndirmək istəyir. Əgər, Kreml buna nail olarsa, yaxın 8-10 il ərzində Ermənistan üzərindən Cənubi Qafqazda öz hegemon mövqelərini yenidən bərpa edə, Azərbaycana da təsir gücünü artıra bilər.

Çünki bu halda, rus sülhməramlıların nəzarəti altında olan Xankəndi və ətraf bölgənin Rusiyanın əlində Azərbaycana qarşı əsas təzyiq mexanizminə çevrilə biləcəyi istisna deyil. Hazırda Ermənistan Xankəndi və ətraf bölgənin gələcək taleyinin müəyyən edilməsi prosesindən artıq tamamilə qoparılıb. Bu məsələ birmənalı şəkildə Azərbaycan və Rusiya arasında müzakirə edilir.

Ancaq Rusiya yaxın 8-10 il ərzində yenidən gücləndirilmiş Ermənistanı təkrarən bu prosesə ortaq etməyə cəhd göstərə bilər. Çünki bu, Rusiyanın həm regionda mövqelərini möhkəmləndirə, həm də Azərbaycana təzyiq mexanizmlərini bərpa edə biləcək faktordur.

Kremlin bütün davaranışları Rusiyanın yaxın gələcəyə hesablanmış xüsusi plan üzrə hərəkət etdiyini sezdirir. Rusiyanın məsələni yenidən ATƏT-in Minsk Qrupu həmsədrlərinin qarşısına sürüşdürmək cəhdləri və “status məsələsinə gələcəkdə baxıla bilər” məzmunlu ikibaşlı açıqlamalar Kremlin zaman qazanmaq niyyətindən xəbər verir. Kreml Xankəndi və ətraf bölgədə Rusiya sülhməramlılarının missiyasını mümkün qədər uzatmaq üçün indidən uyğun situasiynı yetişdirməyə can atır.

Ancaq Rusiyaya bu imkanı vermək olmaz. Ona görə də, Kremlin qarşısına “məsələnin birdəfəlik paket həlli variantı”nın çıxarılması gələcək təhlükələrdən yayınmaq imkanları aça bilər.

“Məsələnin birdəfəlik paket həlli variantı” aşağıdakı şərtləri əhatə edə bilər:

Birincisi, Xankəndi və ətraf bölgənin erməni əhalisi Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkəmizin pasportlarını almalıdır. Əks halda, bundan imtina edən ermənilər Azərbaycan ərazisində yaşamaq hüququnu itirdiklərindən Xankəndi və ətraf bölgədən çıxarılmalıdırlar.

İkincisi, Xankəndi və ətraf bölgənin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası sürətlə yekunlaşdırılmalıdır. Və bu prosesin məhz Rusiya sülhməramlı qüvvələrinin bölgədə fəaliyyət missiyası üçün nəzərdə tutulmuş ilk 5 ilin sonuna qədər başa çatdırılması vacibdir.

Üçüncüsü, Xankəndi və ətraf bölgənin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası başa çatdıqdan dərhal sonra Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir.

Dördüncüsü, yuxarıda qeyd olunan üç önəmli şərt yerinə yetirildikdən sonra, Azərbaycan-Ermənistan arasındakı bütün mübahisəli məsələlərin də aradan qaldırıldığı təsdiqlənmiş olacağı təqdirdə, Ermənsitanın blokadadan çıxarılması mövzusu müzakirə edilə bilər.

Biz Azərbaycanı gələcəkdə gözləyə biləcək bütün təhlükələri indidən hesablamağı bacarmalıyıq. İstənilən gələcək təhlükə ehtimalını bu gündən nəzərə almaqla, onları elə indidən dəf etməyə başlamalıyıq…