Tribuna İnformasiya Agentliyi

`Ermənistan silahlı təxribatlara əl atır` – Məmmədyarov

15 Noyabr

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibə verib. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a bildirilib ki, nazir müsahibəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxana qədər münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını deyib: “Ermənistan bu reallığı dərk edər və qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, tezliklə də münaqişə həllini tapar”.

E. Məmmədyarov əlavə edib ki, hazırda Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirmir, münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır.

Nazirin sözlərinə görə, münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, Azərbaycana qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”.

E. Məmmədyarov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin həlli Ermənistana və onun əhalisinə “əməkdaşlıq perspektivləri və iqtisadi inkişafdan faydalanmağa imkan yaradacaq.
“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsidir”.
O, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyini və ölkənin BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini xatırladıb. İspaniyanın Sivilizasiyalar Alyansına dəstəyini yüksək qiymətləndirən E. Məmmədyarov son illər ərzində Bakı ilə Madrid arasında pozitiv dialoqun inkişaf etdiyini və əlaqələrin gücləndiyini bildirib.

Avropa İttifaqı ilə əlaqələrə toxunan nazir 2016-cı ildə Aİ ilə əlaqələrdə iki mühüm ildönümünün qeyd olunduğunu vurğulayıb: “Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 20 illiyi və Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun 10 illiyi qeyd edildi. Son iki onillik ərzində Aİ ilə əlaqələr müxtəlif mərhələlərdən keçib və qarşılıqlı maraq doğuran sahələrdə daha yaxın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə nəticələnib”.

E. Məmmədyarov Azərbaycanın zəngin karbohidrogen resurslarına malik ölkə kimi əhəmiyyətli həcmdə xam neftin Avropa bazarlarına çıxarılmasını təmin etməklə Aİ-nin enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verdiyini söyləyib. O, Aİ ilə enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi üzərində işin aparıldığını diqqətə çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiya olunmasında mühüm amil olduğunu vurğulayıb.

Rusiya ilə əlaqələrə gəlincə, Azərbaycanın xarici işlər naziri bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və qarşılıqlı faydalı şəkildə inkişaf etdiyini deyib: “Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir, onların 200-ü sırf Rusiya kapitalı, 300-ü isə birgə müəssisə kimi çalışır”.

Nazir Azərbaycanın xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin də daxil olduğunu diqqətə çatdırıb: “Son illər ərzində Azərbaycan və Latın Amerikası ölkələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əsaslı səylər göstərirlər”.