“Ermənistan 2-ci kapitulyasiya aktını imzalamalı olacaq…”backend

“Ermənistan 2-ci kapitulyasiya aktını imzalamalı olacaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistanın baş naziri Nikol Paşinyan ya Azərbaycana hansısa şifahi vədlər verib, ya da Bakı nəzərdə tutulmayan güzəştlərə nail olmağa çalışır”.
Bu sözləri “Sputnik”ə erməni siyasi texnoloq Armen Bədəlyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycandan verilən rəsmi açıqlamaları şərh edərkən deyib.
Xatırladaq ki, srağagün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov “2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr””ə həsr olunmuş brifinqdə çıxışı zamanı bildirib ki, Naxçıvana çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Ondan bir neçə gün öncə isə Paşinyan bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının Ermənistan üçün vacib olduğunu, lakin “heç bir dəhlizdən söhbət getmədiyi”ni söyləmişdi.
Bədəlyan isə hesab edir ki, razılaşmaların əsl məzmununu yalnız 3 nəfər – Azərbaycan, Rusiya və Ermənistan liderləri bilir və dəhliz məsələsinin müzakirəsi də istisna deyil: “Hərçənd Ermənistanın baş naziri dəhlizlə bağlı heç bir vəd verilmədiyini bildirir, bunu qəti bir həqiqət kimi qəbul eləmək olmaz. Hakimiyyət son 3 ildə, xüsusən də 44 günlük müharibə zamanı dəfələrlə sözdə bir şey deyib, amma gerçəkdə başqa şey edib”. (Musavat.com)
Onun sözlərinə görə, tamamilə mümkündür ki, Paşinyan İlham Əliyev və Vladimir Putinlə qapalı görüşlər zamanı hansısa vədlər verib ki, Ermənistanda hakimiyyəti əldə saxlasın. “Ola bilsin hazırkı baş nazir indi fikrini dəyişib, odur ki, Azərbaycan bu cür bəyanatlar verir və sərhəddə atəş açmaqla ona təzyiq göstərməyə çalışır. Bakının Ermənistanda müharibədən sonrakı vəziyyətdən istifadə edərək başqa bir ssenarini həyata keçirməyə çalışdığı da istisna deyil. Azərbaycan İrəvana 2-ci kapitulyasiya aktını imzalatmaq  və Türkiyə ilə quru əlaqənin qurulması üçün lazımi dəhlizi təmin etmək istəyir. Hansı dəhliz ki, Nikol Paşinyana hakimiyyətdə qalmağa kömək eləmiş Qərbə də lazımdır: müttəfiqi Türkiyəyə Orta Asiyaya çıxmaq və Rusiyanın mövqeyini zəiflətmək üçün”, – deyə o qeyd edib.
Ancaq prosesin içində nələrin olduğunu A.Bədəlyan dəqiqliklə söyləməkdə çətinlik çəkib: “Artıq Ermənistan-Azərbaycan münasibətlərinin hüdudlarından kənara çıxan bu prosesdə nələrin baş verdiyini heç kim dəqiq deyə bilməz. İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına gəlincə, Paşinyanın buna da razılıq verməsi mümkündür. Ermənistanda indiki rəhbərliyin təzədən seçilməsini nəzərə alan Bakı Tavuş və Tiqranaşendəki keçmiş anklavların qaytarılması da daxil, İrəvandan maksimum güzəştlərə nail olmağa çalışacaq. Rus sərhədçilərinin həmin zonada belə bir ssenari çərçivəsində peyda olması tamamilə məntiqlidir. Ola bilsin, orada hansısa delimitasiya işlərinə başlansın və yekunda anklavlar Azərbaycana verilsin. Yeni sərhəd müəyyən ediləndən sonra isə ona nəzarət Rusiya sərhədçilərinə keçəcək”.
Politoloq Elxan Şahinoğlu isə rus sərhədçilərinin Azərbaycanla sərhəd Tavuş rayonunun Azərbaycanın anklavı olan Əskipara kəndinə yerləşməsini şərh edərkən deyib: “Ermənistan müharibədə ağır məğlubiyyətdən sonra ikinci şokunu yaşadı: Azərbaycan bu ölkə ilə az qala 30 il nəzarətsiz qalan sərhədini müəyyənləşdirməyə başladı. Ermənilər Azərbaycan hərbçilərini yaxınlıqlarında görürlər. İrəvan bu vəziyyətdə sərhədin müəyyənləşməsi məqsədilə Bakı ilə danışıqlara razı olmaq əvəzinə Rusiyaya yalvarmağa başladı ki, gəlin sərhədə yerləşin.  Moskva bir ara bu çağırışlara reaksiya vermirdi və Ermənistanda parlament seçkilərinin nəticəsini gözləyirdi. Seçki arxada qaldı və Nikol Paşinyan kürsüsünü qorudu. Kreml Ermənistanda Paşinyan reallığını qəbul etdi”.
Onun sözlərinə görə, bunun ardınca Rusiyanın Ermənistandakı səfiri və ayrı-ayrı rus generallar tez-tez sərhəd ərazilərdə görünməyə başladılar: “Aydın oldu ki, Rusiya Ermənistanın Türkiyə və İranla yanaşı, Azərbaycanla sərhədində də yerləşməyə hazırlaşır. Ancaq Ermənistanın Türkiyə və İrandan fərqli olaraq Azərbaycanla sərhədin bəzi kəsimləri müəyyən olunmayıb. Rusiyalı sərhədçilərin sərhədin müəyyən olunmayan kəsimində yerləşməsi Azərbaycanın haqlı narazılığına səbəb ola bilərdi. Buna görə də Moskva risk etmədi. Rusiya öz hərbçilərini hələ ki, sərhədin delimitasiya və demarkasiya olunmamış hissələrinə göndərmir”.
Politoloq bildirib ki, Ermənistan normal dövlət olsa, delimitasiya və demarkasiya işləri yekunlaşandan sonra o biri tərəfdə hansı ölkənin sərhədçilərinin xidmət çəkəcəyi Azərbaycanı maraqlandırmayacaqdı: “Ancaq Ermənistanın Türkiyə və İranla sərhədi ilə Azərbaycanla sərhədi arasında fərq var. Ermənistanın Türkiyə və İranla sərhədində insident baş vermir. Kim zəmanət verə bilər ki, Ermənistan ordusu Azərbaycanla sərhədə təxribat törədib rusiyalı sərhədçilərin arxasında gizlənməyəcək? Misal üçün, rusiyalı hərbçilər Qarabağdadır. Ancaq elə onların nəzarət etdiyi ərazilərdən Şuşa atəşə tutuldu. Bu hallar sərhəddə də baş verə bilər. Odur ki, rəsmi Bakının Moskvadan müxtəlif kanallarla hesabat istəməyə haqqı çatır”.
Ekspertə görə, Bakı Kremldən ən azı, 2 suala cavab istəməlidir: “Rusiya öz hərbçilərini hansı məqsədlə Ermənistan-Azərbaycan sərhədində yerləşdirir? Rusiya hərbçiləri onların nəzarət etdiyi Ermənistan ərazisindən Azərbaycana qarşı təxribatın baş verməyəcəyinə təminat verirmi? Məsələ burasındadır ki, o tərəfdən bizə qarşı təxribat baş verərsə, biz cavab vermək məcburiyyətində qalacağıq. Bunun məsuliyyəti isə artıq Rusiyanın üzərində olacaq. Belə çıxacaq ki, İrəvan Rusiya ilə Azərbaycanı üz-üzə qoyur”.
E.Şahinoğlunun fikrincə, Rusiya sözdə bizə müxtəlif vədlər verə bilər, ancaq reallıq fərqlidir. “Rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti bir mərhələyə qədər davam edə bilər. Hazırda elə bir mərhələyə gəlmişik ki, strateji tərəfimizlə çalışmalarımızı genişləndirməliyik. Prezident İlham Əliyev özü hər dəfə vurğulayır ki, dünyada Türkiyə-Azərbaycan ittifaqının bənzəri yoxdur, Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir və s. Demək, təhlükəsizlik siyasətini bu tezislər əsasında formalaşdırmalıyıq. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirirsə, Azərbaycanla sərhəddə hərbçilərini yerləşdirirsə, biz niyə eyni işi Türkiyə ilə görməməliyik?”, – deyə sonda o, sual edib.
Proseslərin bu yönə istiqamət alacağı istisna deyil. Bir şeyi əminliklə söyləmək olar ki, rəsmi İrəvan 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərlə məğlub tərəf kimi öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa davam edərsə, o zaman həqiqətən də, Ermənistan 2-ci kapitulyasiya aktını imzalamalı olacaq…