backend

“Ermənilərin məxfi sənədləri ələ keçdi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsahibimin dədəsi də, atası da hərbçi olub, özü də hərbçidir, nəhayət, artıq, oğlu da hərbçidir: dədəsi və atası kimi o da tankçıdır. Onların bir əsr boyu bir-birinə ötürdükləri bu söz olub: “Hər şey vətən üçün! Vuruşmaq, mübarizə aparmaq, qazanmaq” .  

Müsahibimin dədəsi də, atası da hərbçi olub, özü də hərbçidir, nəhayət, artıq, oğlu da hərbçidir: dədəsi və atası kimi o da tankçıdır. Onların bir əsr boyu bir-birinə ötürdükləri bu söz olub: “Hər şey vətən üçün! Vuruşmaq, mübarizə aparmaq, qazanmaq” . 


Sözü çox uzatmadan qəhrəmanımızı tanıyaq:


Qısa arayış:


İlqar Eldar oğlu Məhərov 1969-cu il fervralın 23-də Şəmkir şəhərinin Dəllər qəsəbəsində anadan olub. Burada boya-başa çatıb və 10 illik orta 

məktəbi bitirdikdən sonra, 1987-1989-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 1989-cu ildə vətənə qayıdaraq Şəmkir şəhər Dəllər qəsəbəsi, Dəllər tikinti materialları kombinatında qaynaqçı işləyib.


Vətənə qaynaq olunmuş ürək


1991-ci ildə erməni işğalına qarşı vuruşmaq üçün hərbi komisarlığa könüllü müraciət edərək döyüşmək istədiyini bildirib. 26 nəfərdən ibarət gənclər silahsız olduqları üçün onlara təlim silahları və hərbi geyimlər verilib. Bir müddət təlim keçən gəncləri Şəmkirin iş adamları silahla təhciz edib. Hətta gənclərə piyadaların zirehli döyüş maşını (PDM) da alıblar.


26 qardaş olub yola düzəldik…


Müsahibimin dediyinə görə, onları əvvəlcə Gədəbəy rayonunun Şəfəq kəndinə göndəriblər. Sovet ordusunda gizir rütbəsi almış bu 26 nəfər gəncin ilk əvvəllər hətta komandirləri belə olmayıb. İlqar bəy deyir ki, 1991-ci ildə konkret ordu, silah, nizam-intizam yox idi. Daha sonra isə rus ordusundan zabit kimi vətənə dönən Mehrəliyev Çingiz, Rüstəmov Cahangir komandir təcrübəli şəxslər olublar. Həmin vaxtlarda zabit çatışmazlığı olub. O, elə ilk hücumunu da belə xatırlayır:

Hər şeylərini satıb tank almışdılar

“Əvvəlcə onu deyim ki, ilk hücumumuzun igidləri 3 qardaş olub. Onlar hər şeylərini satıb bir tank almışdılar. Onu borc-xərclə təmir etdirib döyüş üçün hazır vəziyyətə gətirmişdilər. Onların cəmi bir mərmisi vardı. Həmin mərmini də almağa 3 “Lada” markalı “Jiquli”nin pulunu vermişdilər. Nə isə, ermənilərin hücumu oldu, bizimsə cəmi 6 minamyotumuz vardı. Ermənilərin minamyot atəşi nəticəsində mən kontuziya aldım. Həqiqətən, dəhşətli atışma idi. Hətta bizdən bir gün əvvəl də atışma olmuşdu və orda da bir polis şəhid olmuşdu. Daha sonra Xanlar rayonunun Koroğlu, Çəpərqaya, 85 deyilən yüksəklikləri uğrunda əməliyyata hazırlıq başladı. Biz Çəpərqaya postunda olduq, amma tufan oldu deyə, 26 saat ordan çıxa bilmədik. 26 saat boyunca da böyük erməni hücumunun qarşısını 6 nəfər igidlə aldıq. Xoşbəxtlikdən ora yüksəklikdir deyə, onları yatışdıra bildik.


Ruslar təyyarəmizi qaçırır


Sonra may ayında rus ordusunun bizim ağır tonnajlı təyyarələri qaçırdığını dedilər. Ancaq biz ora doluşmuşduq. Rusların bütün desantları orda olsa da, atışmaya girmədən onların qarşısını aldıq. Bütün silahlarını, kəşfiyyat təyyarələrini, helekopterlərini əllərindən aldıq. Heç bir itkimiz olmadı. Bir müddət sonra yenə xəbər gəldi ki, ruslar tanklarımızı, hərbi maşınları, silahlarımızı aparır. Bütün Şəmkir camaatı tökülüşüb yolları bağladı. Onların köməyi ilə bunları da özümüzünküləşdirdik. Kəsəsi, əldə etdiyimiz canlı texnikanı təmir etdirib Şuşaya göndərdik, özümüzsə yenə Gədəbəyə qayıtdıq. Avqust ayının 8-də hücum əməliyyatımız oldu. Bizim PDM və tanklarımız olsa da, tanklar vurulmasın deyə, PDM ilə döyüşə girdik. Ancaq əvvəlcə yolları minadan təmizlədik. Arxadan ordumuz Başkəndə girdi və qaçan düşmən hərbçilərini güllələdik.


Sevincimizdən uçurduq


Əslində, onlar bizi BRDM-lərin üstündəki PK-larla biçmək istəsələr də, onları gəbərtdik. İki ermənini şəxsən özüm vurdum. Daha sonra atışma bitdi. 18 nəfər əsir götürdük. Bizim intiqam hissimiz güclü olsa da, onlar silahsızdır deyə, işgəncə vermədik. Xeyli erməni öldü. Bir nəfərimiz də ölmədi o döyüşdə, yaralılarımız oldu. Sevincimizdən uçurduq. Çünki tutduğumuz erməniləri bizim əsirlərlə dəyişəcəkdilər.


Məxfi sənədlər… Arçşaven…


Bu əməliyyatdan sonra Şəmirli, Pereval, Ağqaya, Keçəlqaya əməliyyatlarımız əla oldu. Bütün ərazini tutduq. Orada bizim əsgərlər ermənilərin məxfi sənədlərini ələkeçirdi. Məlum oldu ki, ermənilər Başkəndin adını da özləri üçün dəyişiib Arçvaşen qoyublar. Ancaq onların bu arzularını da ürəklərində qoyduq. Arçvaşen kəndi İrəvan şəhərinin kənd təsərüfatı məhsullarının 30%-ni verirmiş. Elə bil ermənilərin belini qırdıq. Başkənd əməliyyatında bizim itkimiz olmadı, ancaq ermənilərin yüzlərlə itkisi oldu. Sonra da Pereval deyilən ərazidə ağır döyüşlərimiz baş verdi. Ermənilərin traktordan tutmuş, tanklar, PDM-lərini qənimət götürdük. Orada əsas vuruşan güc Şəmkir könüllülər batalyonu idi.


Yeni komandirlər gəlir


Daha sonra Əliyev Dilqəm, Əliyev İlham qardaşları zabit kimi yanımıza gələn kimi əsgərlər ürəkləndi. Artıq özümüzə güvənirdik. Onların başçılığı ilə döyüşə girdik. Ermənilər gülləni dolu kimi yağdırırdı. Biz taktika qurduq, amma bizim əməliyyatda Şəmkir və Gədəbəy uşaqları çaşqınlığa düşüb Dilqəm bəylə məni qoyub qaçdılar. Orada kino kimi səhnə yaşandı. Birimiz PDM, birimiz pulemyotla erməniləri atəşə tutduq. Ermənilər yerimizi öyrənən kimi bizə top atəşilə cavab verməyə başladı. Ancaq onu deyim ki, top atəşindən qabaq biz atəş açmışdıq deyə, onları darmadağın etdik. Topların atəş səsindən qulaqlarım tutuldu. İkimizi də dəqiqə fərqi ilə vura bilmədilər, yoxsa orda da qalacaqdıq. Mən mövqeyimi dəyişən kimi oturduğum yerə top mərmisi düşdü. Yaralandım.


Dilqəm bəy bircə onu deyib ki…


Belə atəşlərə o qədər vərdiş etmişdik ki, artıq top atılanda səsindən bilirdik hər şeyi. Dilqəm komandir məni qaldırdı, əmin oldu ki, ölməmişəm, ağır yaralanmışam. Dilqəm bəy bircə onu deyib ki, qoymayın İlqar ölsün…
Sifətimdəki qəlpələri həkimlər çıxara bilməyib deyə, Bakıdan 4 professor gəlib məni qəlpələrdən azad etmişdi. Bizi yaxşı xəstəxanalara qoymurdular. Səbəb isə Surət Hüseynovun həmin əraziyə nəzarət etməsiydi. Onların girdiyi yerə bizləri buraxmırdılar. Həmin vaxtlar texnikanın 70 faizi Surətdə idi. Bizə texnika verilsə, gedib İrəvana çıxardıq.


Ermənilərin öz tankı ilə…


Keçəlqayada da ağır döyüşlərimiz olub. Amma sonradan bizə əmr gəldi ki, geri qayıdın, biz də qayıtdıq. Bizim əməliyyatlara Malbakov adlı keçmiş Əfqanıstan döyüşçüsü polkovnik-leytenant başçılıq edirdi. İki tank da ermənidən götürmüşdük. Həmin tankları hospitaldan çıxan kimi aparıb Qazaxda təmir etdirdim, sonra döyüşə saldım, öz tankları ilə erməniləri zəlil etdim. Ermənilər Tovuz cəbhəsini yuxarıdan rahat vururdu, biz isə yüksəkdə idik deyə, vura bilmirdilər. Əksinə, biz onları vururduq. Onlar elə vurudum ki, düz bir ay Tovuzu atəşə tuta bilmirdilər.


Savaş onlara nə verdi, nə aldı?


Bu döyüşlər bizə şərəf, qürur hissi yaşatdı, amma gəncliyimizi sağlamlığımızı aldı. Mən bütün hallarda qürurluyam. Döyüşdüyüm üçün alnı açığam. Savaşa getməmiş adi fəhlə idim, amma müharibədən sonra özümü daha mükəmməl hiss etmişəm, edirəm də. Müharibədə bütün dəhşətləri yaşayırsan. Ən yaxın qardaş, dost, qohumun olur, içalatı yerə tökülür. Sən, bir növ, daşlaşırsan, amma müdrikləşirsən də.


Ürəyi quş ürəyi kimi çırpınırdı…


Müharibədə mənə son sözünü deyən olmasa da, iki dəfə qollarımda can verən dostum olub. Onlar da şəmkirli idi. Döyüşdə üstümüzdə “F” qumbaramız olurdu. Elə oldu ki, dostumun üstündəki qumbaraya düşmən gülləsi dəydi. Yanındakı dostlarının ölümdən xilas etmək üçün sağ böyrü üstə yıxılıb özünü partlatdı. Bütün içalatı yerdəydi. Bunu bəlkə filmlərdə də görməmisiz, amma mən canlı olaraq onun ürəyinin içəridə necə çırpındığını gördüm. Bu gün də bunu danışanda dəli oluram… Sifəti getdikcə ağardı və şəhid oldu. Bir insanın ürəyi quş ürəyi kimi necə də çırpınarmış, ilahi!

Ondan əvvəl gedərəm

1996-cı ildə tərxis oldum. Yenə qaynaqçı işləməyə başladım.
Bir oğlum, iki qızım var. Onlar sevgi ilə dünyaya gəlib. Allah məni sevdiyimə, ailəmə bağışladı. Ailəm məni yolumu gözləyənimlə evləndirdi. O vaxt biz utanardıq deyə, döyüşə gedəndə küçədə sevdiyim xanıma sadəcə, gizli əl eləmişdim. O ağlasa da, mən dayanmayıb getmişdim. İndi çox xoşbəxtəm.
Dövlətdən 50 manat pensiya alıram. Oğlumun köməyi ilə dolanıram. Aprel hadisələrində Şəmkirdən 800 köhnə döyüşçü kimi toplaşıb müraciət etdik ki, gedib döyüşək, amma bizi qəbul etmədilər. Təki vətən sağ olsun. Məncə, gənclər yox, biz döyüşək. Axı biz az-çox nə isə görmüşük, onlar isə körpədir. Oğlumla mənim aramda seçim olsa, mən ondan əvvəl gedərəm. Qoy gənclər yaşasın.

Son olaraq onu deyim: Torpağa su qarışanda palçıq olur, qan qarışanda-vətən…



 


Musavat.com