“Ermənilərin bu qeyri-dünyəvi davranışını dünyaya çatdırmalıyıq”-Əli Cəfərovbackend

“Ermənilərin bu qeyri-dünyəvi davranışını dünyaya çatdırmalıyıq”-Əli Cəfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Cəfərov: “Livan ermənilərini də aborigen kimi təqdim etməyə çalışacaqlar”

Livanda törədilən partlayış hadisəsindən sonra bədnam qonşularımızın əlinə növbəti fürsət düşüb. Belə ki, onlar bu ölkədə yaşayan erməniləri Dağlıq Qarabağa, konkret olaraq Şuşa şəhərinə köçürməyə başlayıblar. Son günlər ölkəmizin bir sıra siyasətçiləri, politoloqları bu məsələni vaxtaşırı müzakirə etməklə məşğuldurlar. Təbii ki, yanaşmalar müxtəlifdi, fərqlidir, hərə bu prosesi öz gördüyü rakursdan dəyərləndirir. Bu dəfə köç prosesinə münasibət bildirmək üçün Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri,  Əli Cəfərova müraciət etdik. Əli Cəfərov bizimlə söhbətə ermənilərin tarixən daim bu tipli davranışlar sərgiləyərək Qarabağda saylarını süni surətdə artırmaqla məşğul olduqlarını söyləməklə başladı:

-Bilirsiniz, indi Dağlıq Qarabağda etnik təmizləməni sona çatdırdıqlarından ermənilər tarixən apardıqları bu prosesi daha rahat şəkildə həyata keçirə bilirlər. Belə demək mümkünsə, onların “əl-qolu geniş açılıb”. Hətta bilirsiniz ki, narkotik bitkilərə qədər əkib-becərə bilirlər. Bir növ ortada sahibsiz kimi qalmış torpaqlarda nə pəstahlardan çıxırlar, bax, əslində dünya, beynəlxalq qurumlar elə bu məsələlərin üstünə gəlməli, onlardan hesabat tələb etməlidirlər. Bütün dünyaya o nəzarətsiz torpaqlardan “ağ ölüm” yayan ermənilər cəzasız qaldıqca artıq bildiyimiz kimi bu əraziyə insan axınını da həyata keçirirlər.

– Əli bəy, bu onların zamanla Qarabağa başqa ölkələrdə yaşayan erməniləri daşımalarının davamı deyilmi? Tarix təkrar olunmurmu?

– Əlbəttə, tarix təkrar olunur. Külliyyatlarla təsdiq edilib ki, ermənilərin Qarabağ torpaqlarına yerləşdirilməsi hələ XIX əsrdə İranla Rusiya arasında bağlanmış 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra baş tutmuşdur. Hər iki müqavilədən sonra ermənilər Rusiya-İran müharibələrindən qalib çıxmış Çar Rusiyasına yalvarış dolu məktublar ünvanlayaraq İran ərazisində yaşayan ermənilərin bir qisminin Qarabağa, yəni Rusiyanın tərkibinə qatılmış Azərbaycan torpaqlarına köçürülməsini istəyiblər. Əsaslandırmalarında xristian dininə mənsub olduqlarını və guya İranda müsəlmanların arasında əziləcəklərini, yaşaya bilməyəcəklərini göstərirdilər. Din amilindən yararlanmağa ümid edirdilər və elə yararlandılar da. Ruslar gətirib onları Azərbaycanın dilbər guşəsi olan Qarabağda məskunlaşdırdı. Onlar burada aborigen olmadıqlarını gözəl anlayırdılar və buna görə də Rusiyaya mütəmadi yerli müsəlman əhali haqqında “donoslar” verməklə məşğul olmağa başladılar. Beləliklə, adətləri üzrə Rusiya rəhbərliyinin vassallarına çevrildilər. İstəkləri isə guya bu torpaqlarda rahat yaşamaq idi. Lakin zamanla öz “mükafatlarını” Rusiyadan istəməyə başladılar. Mükafatları müəyyən donoslarını davam etdirmək şərtilə vəzifələrə irəli çəkilmək və aborigen əhaliyə – azərbaycanlılara qarşı torpaq iddiaları irəli sürmək kimi bədxah niyyətlərinin gerçəkləşdirilməsi oldu. Rusiya onlara əvvəlcə kiçik məlikliklər yaratmağa icazə verdi. Bunu həyata keçirdilər. Sonra iştahları daha da böyüməyə başladı. SSRİ yarananda  artıq müttəfiq respublika adı altında Ermənistan Sovet Sosialist Respublikasının, Qarabağda isə Dağlıq Qarabağ Muxtar Respublikasının (DQMV) yaradılmasına nail oldular. Rusiyanın köməkliyi sayəsində azərbaycanlıları dəfələrlə bizim torpaqlarımızda yaradılmış Ermənistan adlı arazidən deportasiya etdilər, Dağlıq Qarabağda isə əhalinin say tərkibini yenə də süni yolla – sürətlə ermənilərin xeyrinə artırıb dəyişdirdilər. Sonrakı proseslər, müharibə, qırğınlar, erməni vəhşilikləri haqqında isə yetərincə məlumatlıyıq.

–  Əli bəy, hazırda Livandakı partlayışdan istifadə edən ermənilərin öz livanlı soydaşlarını Şuşaya köçürdüyü bildirilir. Daha doğrusu, bu, artıq faktdır…

– Bəli, eyni proseslərin davamıdı bu. Əgər Qarabağ düyününün çözülməsi prosesi bir qədər də uzanacaqsa, sizi inandırıram ki, Livandan gətirilmiş o erməniləri belə yerli əhali kimi təqdim etməyə çalışacaqlar. Bu, ermənilərin şakəridir. Özü də tək Livandan deyil, son illərdə dağıdılıb viran qoyulan Suriyadan da onlar erməniləri Dağlıq Qarabağa gətiriblər. Çünki bu ölkədə də xeyli sayda ermənilər yaşayırlar. Onları da guya təhlükəsiz məkana gətirmək adı altında Şuşaya və Dağlıq Qarabağın digər yaşayış məskənlərinə yerləşdiriblər. Məqsədsə qeyd etdiyimiz kimi eynidir. Əhalinin say tərkibini artırmaq və dünyaya guya burada tarixdən üzü bəri ermənilərin yaşarığını sübut etməklə gözə kül üfürmək. Artıq bu variantdan kifayət qədər istifadə etdiklərindən hələ də dişlərində şirə qalıb.

– Bəs Azərbaycan dövləti bu prosesləri önləmək üçün sizcə hansı addımları atmalıdır?

– Bilirsiniz, başlıcası hamımıza məlumdur ki, torpaqlarımızı azad etməliyik. İqtidarlı-müxalifətli, QHT-li, sıravi vətəndaşlarımıza qədər birləşib torpaqlarımızı azad etməliyik. Əsas düşüncəmiz bu istiqaməti götürməlidir. Amma indiki zamanda bunu hələ arxa planda saxlayırıqsa, o zaman konkret faktlar əsasında ermənilərin bu mənfur niyyətini də dünya qarşısında ifşa etməliyik. Bütün mümkün vasitələrdən, o cümlədən informasiya müharibəsindən yararlanmaqla onların bu qeyri-dünyəvi davranışını dünyaya çatdırmalıyıq. Həm də ona görə ki, sabah biz torpaqlarımız uğrunda savaşa qalxanda dünya bizim haqlı tərəf olduğumuzu daha “yalançı müzakirələrə” belə çıxarıb zamanımızı və qarşımızı almasın.

– Təşəkkür edirəm.

–  Siz də sağ olun.