“Erməni silahlıları ruslardan dəstək gördüklərinə görə cəsarətlənirlər” – Partiya sədribackend

“Erməni silahlıları ruslardan dəstək gördüklərinə görə cəsarətlənirlər” – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni silahlılarının Azərbaycan ordusuna növbəti hücumu Rusiya sülhməramlı qüvvələrinin həqiqi missiyasına uyğun olmayan fəaliyyətinin nəticəsidir”.

“AzPolitika.info” xəbər verir ki, bunları Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingenti öz mandatlarında nəzərdə tutulanlardan başqa, istənilən fəaliyyətlə məşğul olur. “Onlar erməniləri Xankəndinə və öz nəzarətləri altında olan digər ərazilərə köçürür, tikinti işləri aparır və digər infrastruktur layihələri həyata keçirir, silahlı terrorçu dəstələrin Azərbaycan ərazisinə keçməsinə və Azərbaycan ordusuna hücum etməsinə şərait yaradır, cinayətkar oyuncaq rejimi himayə edir və s“, – partiya sədri vurğulayıb.

Q.Əlibəyli hesab edir ki, əslində erməni terror dəstələrinin fəaliyyətinin sülhməramlı qüvvələrlə əlaqələndirildiyini təsdiq etmək üçün kifayət qədər əsaslar vardır: “Belə ki, Vətən müharibəsi gedişində darmadağın edilmiş erməni hərbi qüvvələri Rusiya hərbi kontingentinin dəstəyi olmadan Azərbaycan ordusuna kiçik qruplar şəklində hücum etmək cəsarətində buluna bilməzlər. Erməni silahlıları məhz bu dəstəyi gördükləri üçün kiçik qruplar şəklində Azərbaycan ordusunun nəzarət etdiyi əraziyə daxil olaraq terrorçuluq fəaliyyətini həyata keçirirlər”.

Hüquqşünas qeyd edir ki, bununla Rusiyanın Azərbaycanda hərbi kontingentinin sayını artırmaq və nəzarət etdiyi ərazilərin dairəsini genişləndirmək, sonra da Azərbaycandan keçən enerji dəhlizini nəzarətə götürmək məqsədi güdməsi aydın görünür. “Erməni terrorçularına layiqli cavab verilsə və onlar zərərsizləşdirilsə də, Rusiya hərbi kontingentinin nəzarət etdiyi Azərbaycan ərazisində on minlərlə erməni silahlılarının qalması, onların tərksilah edilməməsi, Azərbaycana qarşı cinayət törədən şəxslərin qondarma “DQR”-in rəhbərləri kimi ölkəmizə qarşı müharibə və ərazilərimizi işğal etmək çağırışları yeni terror hücumlarından sığorta olunmadığımızı göstərir”, – deyə o vurğulayıb.

Qulamhüseyn Əlibəyli bildirir ki, Xankəndi də daxil olmaqla, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində antiterror əməliyyatı keçirilməli, tərksilah olmaq istəməyən erməni silahlıları zərərsizləşdirilməli, Azərbaycana qarşı cinayət törədən bütün şəxslər həbs edilərək mühakimə olunmalıdır: “Həmin ərazilərdə Rusiyanın hərbi kontingentinin olması Azərbaycan dövlətinin öz yurisdiksiyasına daxil olan ərazilərdə antiterror əməliyatı keçirməsinə, terrorçuları zərərsizləşdirməsinə, cinayətkarları həbs etməsinə və digər suveren hüquqlarını həyata keçirməsinə mane ola bilməz”.

Partiya sədri vurğulayıb ki, eyni zamanda sülhməramlı qüvvə kimi Azərbaycan ərazisində yerləşən Rusiya hərbi kontingentinin üçtərəfli bəyatın müddəalarından kənara çıxan və öz mandatlarına uyğun olmayan fəaliyyətinə rəsmi qaydada etiraz edilməli, Rusiya hərbi kontingenti və Humanitar mərkəzi tərəfindən Azərbaycanın suverenliyinə hörmət edilməsi, onlardan yalnız öz mandatlarına uyğun vəzifələri yerinə yetirmələri tələb olunmalıdır.