Tribuna İnformasiya Agentliyi

Ərinə şər atan qadın ruhi xəstədir – Eksklüziv

06 Aprel

Artıq bir neçə gündür ki, Gəncədə baş verən tükürpədici hadisə ölkə gündəmini zəbt edib. 3 uşaq atası Həsən Səfərovun öz qardaşı qızını qaçırması ictimaiyyətdə geniş müzakirələrə yol açıb. 
Artıq bir neçə gündür ki, Gəncədə baş verən tükürpədici hadisə ölkə gündəmini zəbt edib. 3 uşaq atası Həsən Səfərovun öz qardaşı qızını qaçırması ictimaiyyətdə geniş müzakirələrə yol açıb.

Ərinə qarşı bu cür iddialarla mətbuata açıqlamalar verən Həmidə Səfərovanın özü haqda ilginc faktlar ortaya çıxıb. Belə ki, məlum olub ki, Həmidə Səfərova bundan əvvəl Gəncədə yerləşən “Təmas” Regional İctimai İnkişaf Birliyinin nəzdindəki sığınacaqda qalıb.

Sığınacağın rəhbərliyi sayəsində əri ilə barışdırılan qadın sığınacaqda olan Aynurə adlı qadını da özü ilə apararaq birlikdə kirayədə yaşayıb. Lakin az müddət keçməmiş Həmidə Səfərova ərinin həmin qadınla qaçdığı barədə şayiələr yayıb. Bu haqda “Təmas” RİİB-nin rəhbəri Südabə Məmmədova musavat.com-a açıqlamasında bildirib.

Qurum rəhbərinin sözlərinə görə, qadının əvvəldən psixoloji problemi olub: “Ötən ilin yayında bizim sığınacağa gəlmişdi. Buna səbəb qaynanası ilə aralarında yaranmış porblemlər idi. Sığınacağa gələrkən hamilə vəziyyətində idi. Bizə bildirmişdi ki, 6 aylıq əkiz uşağa hamilədir. Bununla bağlı biz qadını ginekoloq müayinəsindən keçirtdik. Məlum oldu ki, qadın hamiləliyin 2-ci ayındadır və döl əkiz deyil. Sığınacaqda qaldığı müddətdə biz onun həyat yoldaşı ilə əlaqə saxladıq, ofisimizə dəvət etdik. Qeyd edim ki, həyat yoldaşı zəhmətlə dolanan, bir sözlə sakit insan idi. Uşaqları ilə münasibətdə gördük ki, ailəsinə bağlı adamdır. Kişi xanımının sığınacaqda qaldığını bilən kimi onlara lazım olan ərzaq və əşyalar alıb ofisimizə gəlmişdi. Beləliklə onları barışdırdıq. Qaynana ilə bağlı problemlər olduğundan ailə kirayə ev tutub yaşamağa başladı. Həmidə Səfərova sığınacaqdan çıxarkən burada qalan digər qadını da özü ilə aparmışdı. Lakin sonradan məlum olmuşdu ki, həmin qadın haqqında şayiələr yayaraq, ərinin onunla birlikdə qaçdığını bildirib”.

Qurum sədri gündəmi məşğul edən bu hadisə haqda faktların doğru araşdırılmadan mətbuat tərəfindən ictimailəşdirilməsini qınayıb: “Hadisə haqda faktları araşdırmadan ictimaiyyətə çatdırılması yolverilməzdir. Təsəvvür edin ki, ağır zəhmətlə, dəmir yığmaqla dolanan bir insanın bu cür ləkələnməsi, şərəfinin tapdalanması nə dərəcədə doğrudur? Görün bu qadın ailəyə nə qədər zərbə vurub. Ailənin 3 qızı var, bunların taleyi necə olacaq? Üstəlik digər tərəfdə qardaş qızı var, onun ailəsinə də xələl gəlir. Araşdırılmamış hadisənin ictimailəşdirilməsi təsəvvür edin ki, nə qədər insana mənəvi zərər vurub”.

Musavat.com-a daxil olan digər məlumata görə, isə Həmidə Səfərova ikinci dəfə evdən qaçdıqdan sonra Bakı şəhərinə gəlib və buradakı sığınacaqların birində qalıb. Lakin müəyyən səbəblərdən qadın həmin sığınacaqdan uzaqlaşdırılıb.

Xatırladaq ki, Həmidə Səfərova əri Həsən Səfərovun ona öz qardaşı qızı Günel Səfərova ilə xəyanət etdiyini və qoşulub qaçdığını bildirmişdi. Həsən Səfərov isə həyat yoldaşının iddialarını təkzib etmiş və yoldaşının ona başqalarıyla xəyanət etdiyini iddia etmişdi.