Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?backend

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı olduğu deyilən qadının keçmiş həyat yoldaşının işçilərinin və polisin onun evinə gəldiklərini və valideynlərini həbs etdiklərini dediyi eşidilir.
Azərbaycanlı hüquq müdafiəçiləri bildiriblər ki, Zeynəb Cavadlının qohumları onlardan yardım istəyib. Onların sözlərinə görə, onlar bir neçə dəfə azərbaycanlı qızları BƏƏ-də işgəncələrdən xilas ediblər.
BBC News Azərbaycanca Zeynəb Cavadlının özü və ailəsi ilə, eləcə də BƏƏ-nin Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlaya bilməyib.
Zeynəb Cavadlı 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şeyxlərindən biri, Dubay əmirinin qardaşı oğlu Səid Əl-Maktumla evlənib.
Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların üç qızı var, media yazır.
 
Video görüntülərdə nə var?
Bu məsələni BƏƏ-də ədalətsizliklə üzləşən xarici vətəndaşlara hüquqi yardım göstərən bir Britaniya təşkilatı – “Detained in Dubai” gündəmə gətirib. Təşkilat Zeynəb Cavadlıya aid olduğu deyilən İnstagram hesabından edilən canlı yayımları paylaşıb.
Həmin görüntülərdə qadının pəncərədən evinin həyətinə daxil olan bir neçə qadın və kişini göstərərək və ağlayaraq “onlar mənim valideynlərimi aparırlar” deyə qışqırdığı eşidilir.
O, həyətdəki qadınlardan birini işarə edərək “bu qadın məni və anamı döyürdü, mənim telefonumu və uşaqlarımı qoparıb almaq istəyirdi” deyib.
“Mən heç nə etməmişəm. Mən dedim ki, mən heç bir problem olmadan uşaqlarımı aparacağam, uşaqlarımı təhlükədə qoya bilmərəm. Onların mənimlə davranış forması bu cürdür. Burada qanun yoxdur. Mənim evimə polis göndərirsən, məhkəmə qərarı olmadan məni təhdid edirsən, mənə təzyiq edirsən. Bir insan öz uşaqlarına bunu necə edə bilər?! Mən bütün bunlara layiq olacaq nə isə etməmişəm,” – Zeynəb Cavadlıya aid olduğu iddia edilən və sonradan YouTube platformasına yüklənmiş canlı yayım görüntülərində deyilir.
Canlı yayım kiminsə Zeynəb Cavadlıdan qapını açmağı istəməsi, onun isə buna etiraz etməsi ilə bitir.
Qadın video görüntülərdə deyir ki, 9 ay ərzində təhdidlərlə “üzləşib”.
Yayılan görüntülərdə Zeynəb Cavadlı təqib olunması ilə bağlı yerli polis orqanlarına, prokurorluğa müraciət etdiyini, lakin onlardan “bu, şeyxin məsələsidir, biz qarışa və nə isə edə bilmərik” cavabı aldığını deyib.
BBC News Azərbaycancanın məsələ ilə bağlı BƏƏ-nin Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Mətbuatda yayılan məlumatların “həqiqətə uyğun olmadığını” deyən Azərbaycanın Dubaydakı Konsulu Elnur Məmmədov BBC News Azərbaycancaya bildirib ki, Konsulluq Zeynəb Cavadlı ilə mütəmadi əlaqə saxlayır və o, “normal həyatını davam etdirir”.
O, Zeynəb Cavadlının valideynlərinin həbs edilmədiyini bildirib və qeyd edib ki, həbs üçün əsas olmalıdır.
“Onun valideynləri həbs edilməyib. Bura hüquqi dövlətdir və heç bir qanunsuz hərəkət ola bilməz. Burada hər hansı şəxsin o şəkildə saxlanılması, təqib olunması mümkün deyil. Əgər elə bir hal olubsa, niyə bizə məlumat verməyib, yerli polis orqanlarına müraciət etməyib?”
Zeynəb Cavadlı “həbs edilə bilər”
“Detained in Dubai” təşkilatından hüquq müdafiəçisi Radha Stirling BBC News Azərbaycancaya deyib ki, onlarda olan son məlumata görə, Zeynəb Cavadlı hələ də öz uşaqları ilə öz evindədir, lakin uşaqlar “ondan götürüləcək”.
Radha Stirling söyləyir ki, Zeynəb Cavadlının məsələni İnstagramda canlı yayımda ictimailəşdirməsi, Dubayın hakim ailə üzvü barədə şikayəti, polisi tənqid etməsi onun özünü ictimai cinayətdə ittiham edilmə riski altında qoyur və o, buna görə həbs edilə bilər.
O deyir ki, indiyədək bu cür hallarda şəxslərin uzun müddətlik həbs edilməsi təcrübəsi olub və buna görə Zeynəb Cavadlının təhlükəsizliyi barədə narahatdırlar.
Azərbaycanın Dubaydakı konsulu Elnur Məmmədov deyir ki, sosial şəbəkələrdə “həqiqəyə uyğun olmayan, dövlət orqanları və şəxslər haqqında yanlış və ya təhrif olunmuş informasiyalar yaymaq hər ölkədə cinayətdir”.
“Əgər Zeynəb xanımın əməlində hər hansı cinayət olsaydı, əlbəttə, ona cinayət işi açıla bilərdi, həbs oluna bilərdi. Lakin Zeynəb xanım evindədir, övladları və valideynləri yanındadır və normal həyatına davam edir,” – o bildirib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, Zeynəb Cavadlının yaxınları onlara müraciət edib və bu məsələdə kömək istəyib.
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədrinin sözlərinə görə, hüquq müdafiəçiləri Zeynəb Cavadlının məsələsinin yerində araşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edəcək ki, onlara Birləşmiş Ərəb Əmirliklərinə getməyə yardım edilsin.
“Bu, birinci dəfə deyil ki, biz azərbaycanlı qızları BƏƏ-də işgəncələrdən xilas edirik”, hüquq müdafiəçisi deyir.
“Onların qanunları bir az fərqlidir. Zeynəb Cavadlı şiddət görübsə, bunu təsdiq edən material olmalıdır. İnanmıram ki, həkimi şeyxin evinə buraxalar ki, gəlib şeyxin onu döydüyünü təsdiq etsin. Bunu qanun çərçivəsində sübut etmək çox çətindir. Bütün bunları araşdırmaq üçün yaxşı vəkillər lazımdır”.
Novella Cəfəroğlu deyir ki, bu halda hüquq müdafiəçilərinin gücü kifayət etmir və məsələ “ikitərəfli münasibətlər çərçivəsində, dövlət strukturlarının iştirakı ilə” həll oluna bilər.
Konsul Elnur Məmmədov BBC News Azərbaycancaya deyib ki, Konsulluq “Zeynəb Cavadlının məsələsi ilə yaxından maraqlanır və onunla daima əlaqə saxlayır”.
Yayılan məlumatları “həqiqətə uyğun olmadığı üçün” təkzib edən cənab Məmmədov bildirir ki, əgər Dubayda qanunlar şeyxin tərəfində olsaydı, “məhkəmə uşaqları ananın yox, atanın himayəsinə verərdi”.
Konsul Zeynəb Cavadlının özünün vəkilinin olduğunu və Konsulluğun onunla da əlaqə saxladığını söyləyib.
Elnur Məmmədov deyir ki, Zeynəb Cavadlı və Səid Əl-Maktum 2019-cu ilin noyabrında boşanıblar və məhkəmə uşaqları ananın himayəsinə verib.
Onun sözlərinə görə, məhkəmə ataya həftədə bir dəfə övladlarını görmə icazəsi verib və yaranan problem bunun ətrafında baş verib.
“Ötən ilin noyabr ayından indiyədək uşaqlar ata ilə görüşüblər və heç bir problem olmayıb. Problemin bu şəkildə olmasının səbəbi odur ki, Zeynəb xanım övladlarını ataları ilə görüşə özü aparmaq istəyir. Məhkəmə qərarında isə onların şeyx ofisindən sürücü və ya başqa şəxslə getməsinə dair qeyd var”.
Elnur Məmmədov Zeynəb Cavadlının bu istəyinin səbəbini və nə üçün indi ortaya çıxmasını izah etməyib və bu suala “onun özündən cavab almağı” məsləhət görüb.
BBC News Azərbaycanca Zeynəb Cavadlının özü ilə əlaqə saxlaya bilməyib.
Konsul deyir ki, bir neçə gün əvvəl Zeynəb Cavadlı və Dubay Baş Polis İdarəsi arasında görüş keçirilib və ona “uşaqlarının atası ilə görüşə polis müşayiəti altında göndərilə biləcəyi” təklif olunub. Amma cənab Məmmədov görüşün vətəndaş və qurum arasında olduğuna görə danışığın nəticəsinin onlara “məlum olmadığını” söyləyir.