ƏRDOĞAN YUNANISTANLA MÜHARİBƏYƏ BAŞLAYIR? – İKİ NATO DÖVLƏTİNİN GƏRGİNLİYİ ARTIRbackend

ƏRDOĞAN YUNANISTANLA MÜHARİBƏYƏ BAŞLAYIR? – İKİ NATO DÖVLƏTİNİN GƏRGİNLİYİ ARTIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə daxilində iqtisadi problemlər, sosial-iqtisadi çətinliklər ön plana çıxanda hökümət çalışır ki, hansısa xarici siyasət yaxud da terror təhlükəsi məsələsini aktuallaşdırsın”.
Bunu Türkiyə-Yunanıstan münasibətləri haqqında TİA. Az-a danışan siyasi-şərhçi Şahin Cəfərli deyib. Onun sözlərinə görə, iki ölkə arasında hərbi münaqişənin baş verməsinə NATO və onun lider dövləti razı olmaz:
“Bilirsiniz ki, türk-yunan problemlərinin tarixi çox qədimdir. 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan olunması və 1924-cü ildə Yunanıstan Respublikasının elan olunmasından sonra da bu problemlər çözülməyib. 1923-cü ildə imzalanan və Türkiyə -Yunanıstan sərhədlərini müəyyən edən “Lozan anlaşması” da bu problemin çözümünə şərait yaratmayıb. Cümhuriyyət dönəmində zaman-zaman iki ölkə arasında istiləşmə baş versə də müəyyən dövrlərdə konflikt situasiyaları yaranıb. Buna misal kimi 60-70-ci illərdə Kıbrıs problemini göstərmək olar. Yəni bu məsələnin kökü çox dərindədir və Ərdoğan hökumətindən əvvəlki dövrlərə gedib çıxır. Əsas problemlər Ege dənizində ərazi suları və hava məkanı ilə bağlıdır. Ege dənizində hər iki ölkənin altı dəniz mili məsafəsində ərazi suları müəyyən olunub. Lakin hələ də iki ölkənin dəniz sərhədlərini konkret şəkildə müəyyən edən rəsmi anlaşma bu günə qədər imzalanmayıb. Bu səbəblə mübahisələr davam edir. Yunanıstanın 6 dəniz mili ərazi sularını 12 mil məsafəyə çıxarma iddiası da var.

Eyni zamanda Yunanıstan hesab edir ki, dənizdə hava məkanı da on mil məsafədə Yunanıstana aiddir. Türkiyə isə bu iddiaları qəbul etmir. Başqa bir mübahisəli məsələ də dənizdəki müxtəlif kiçik adalar və qayalıqlarla bağlıdır. Bu adalar və qayalıqların hansı ölkəyə məxsusluğu məsələsində də ciddi mübahisələr var. Bu səbəblə iki ölkə arasında periodik olaraq Egey dənizi üzərində tutaq ki, iki ölkənin hərbi təyyarələri arasında təhlükəli yaxınlaşmalar baş verir. Eləcə də dəniz səthində sahil mühafizə katerləri, hərbi gəmilər arasında təhlükəli yaxınlaşmalar baş verir. Yəni bunlar zaman-zaman baş verən hadisələrdir və məsələdə yeni heç nə yoxdur. Ərdoğan hakimiyyətindən əvvəl də bu problemlər var idi, indi də davam edir. Sadəcə bu gün problemin yenidən aktuallaşmasında məncə, Türkiyənin daxili siyasətindəki amillər də rol oynayır. Bilirsiniz ki, Türkiyə seçki ərəfəsindədir. Erkən seçki ehtimalı da var. Yəni bu baxımdan düşünürəm ki, Türkiyə hökuməti daxildəki problemlərdən diqqəti yayındırmaq məqsədilə də bu problemlərdən yararlanır. Çünki hamımıza məlumdur ki, Türkiyə daxilində iqtisadi problemlər, sosial-iqtisadi çətinliklər ön plana çıxanda hökümət çalışır ki, hansısa xarici siyasət yaxud da terror təhlükəsi məsələsini aktuallaşdırsın. Hazırda da biz bunu müşahidə edirik. Türkiyə bir tərəfdən Suriyada hərbi əməliyyat keçirməyə hazırlaşır, digər tərəfdən də Yunanıstanla çox uzun dövrdür mövcud olan problemləri sanki yeni bir problem kimi aktuallaşdırılır.
Amma iki ölkə arasında hərbi toqquşma ehtimalı olsa belə mən bunu çox aşağı hesab edirəm. Çünki hər iki ölkə NATO üzvüdür. Onlar arasında hərbi münaqişənin baş verməsinə NATO və onun lider dövləti razı olmaz. Yəni bu baxımdan hərbi toqquşma ehtimalını çox aşağı hesab edirəm. Amma bu gərginliklər hər zaman olub, indi də davam edir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, Yunanıstan Türkiyənin hava məkanını pozmağa davam edərsə, Ankara lazım olan addımları atacaq.

Aytac

TİA. Az