Ərdoğan Rusiyaya yola düşübbackend

Ərdoğan Rusiyaya yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

TİA.AZ “TRTHaber”ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək görüşdə iştirak etmək üçün bu ölkəyə səfərə yola düşüb.

Liderlərin Zirvə toplantısının proqarmında heyətlərarası görüş nəzərdə tutulmayıb.

Bildirilib ki, prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Rəcəb Tayyib Ərdoğan Suriyanın Tel Rıfat və Minbicdəki terrorçu PKK silahlı qruplaşmasının varlığına diqqəti çəkəcək. Məlumata görə, Türkiyə Prezidenti tərəflər arasında Qazaxıstanın paytaxtı Astanada əldə edilən razılaşmalara uyğun olaraq həmin bölgələrdə terrorun mövcudluğuna son qoyulmasını vurğulayacaq.

2019-cu ilin oktyabrında Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Soçidə keçirilmiş görüşdə terrorçu PKK/YPG-nin Fərat çayından 30 km cənuba çəkilməsi barədə razılıq əldə edilib. Ancaq indi vəziyyət rəsmi Ankaranın gözlədiyindən uzaqdır.

Rusiyanın nəzarəti altında olan Suriyadakı bölgələrdən son zamanlar Türkiyəyə yönəlik hücumlar edilir. Türkiyə lideri bu məsələdə ölkəsinin narahatlığını və hücumların qarşısının alınmasını Vladimir Putinin diqqətinə çatdıracaq.

2017-ci ildən indiyədək Ankara və Moskva Suriyanın İdlib əyalətində vəziyyətə xüsusi diqqət ayrır. İdlib ətrafındakı humanitar fəlakətin qarşısını almaq məqsədi ilə bölgədəki terror təşkilatlarının məhv edilməsi üçün danışıqlara başlanmışdı. 2018-ci il sentyabrın 17-də liderlərin Soçidə keçirilən görüşdə imzaladığı anlaşma bu istiqamətdə mühüm bir addım olub. Bunun sayəsində Rusiya və Dəməşq rejimi bölgədəki hücumların qarşısını bir müddət ala bildi. Ancaq Bəşşar Əsəd imzalanan müqavilənin tez-tez pozurdu. Bunun qarşısının alınması məqsədi ilə Ərdoğanla Putin Moskvada görüşdü.

Son 3 ildə İdlib əyaləti Türkiyə ilə Rusiya arasında əlaqələrin ən kritik məsələsidir. Liderlər əlaqələrin qarşısındakı maneəni aşmaq üçün xüsusi diplomatik xidmət yürütdülər. Odur ki, məsələ Soçi görüşündə yenidən müzakirə ediləcək.

Sammitdə regional və qlobal məsələlər, o cümlədən Liviya və Əfqanıstandakı vəziyyəti müzakirə olunacaq, Türkiy-Rusiya əlaqələri nəzrədən keçiriləcək.