Ərdoğan: “Putin müharibəni tezlikə bitirmək istəyir, ələ keçirilən torpaqlar Ukraynaya qaytarılacaq”backend

Ərdoğan: “Putin müharibəni tezlikə bitirmək istəyir, ələ keçirilən torpaqlar Ukraynaya qaytarılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Vladimir Putin Ukraynadakı müharibəni tez bir zamanda bitirmək istəyir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Özbəkistanda keçirilən ŞƏT sammitində Rusiya Federasiyasının prezidenti ilə görüşdən sonra ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.

“Biz Özbəkistanda Putinlə geniş müzakirələr apardıq. Və mənə bildirdi ki, bunu mümkün qədər tez bitirməyə hazırdır. Bu, mənim təəssüratımdır, çünki vəziyyət kifayət qədər problemli şəkildə inkişaf edir”, – Türkiyə prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, o, “bu döyüşü sülhlə bitirməyə” çalışır. “Bu, insan itkisi ilə nəticələnən münaqişədir. İnsanlar ölür və sonda heç kim qalib gəlmir”, – o əlavə edib.

Türkiyə lideri Moskva və Kiyevin 200 əsirin mübadiləsi ilə bağlı razılığa gəldiyini də bildirib.

Bundan əlavə, onun fikrincə, müharibə başa çatdıqdan sonra Rusiya tərəfindən işğal edilmiş bütün torpaqlar geri qaytarılmalıdır.

“Ələ keçirilən torpaqlar Ukraynaya qaytarılacaq”, – Ərdoğan bildirib.

O, həmçinin qeyd edib ki, heç bir “işğala haqq qazandırmaq olmaz”.

Daha əvvəl ŞƏT sammitində Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bildirib ki, Rusiya Ukrayna ilə müharibəni tez bir zamanda dayandırmaq üçün hər şeyi etməyə hazırdır, lakin Kiyev danışıqlardan imtina edib.

Moskva ilə Kiyev arasında danışıqlar may ayında dayandırılıb. Tərəflərin son təkbətək görüşü martın 29-da İstanbulda keçirilib. Ukrayna Prezidentinin Ofisi bildirir ki, hazırda onlar Vladimir Putin və Volodimir Zelenski arasında danışıqlarda və ya şəxsi görüşdə heç bir məna görmürlər.