Epizodlar kralı – FOTObackend

Epizodlar kralı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Georgi Burkov ömrü boyu həyatda öz yerini axtarıb

Cumhuriyyet.net kaspi.az-a istinadən yazını təqdim edir.

O, 60-dan çox filmdə oynadı, amma həmişə epizodların kralı kimi qaldı. Xalq artisti titulu almasa da xalqın, həm də daha çox sovet qadınlarının sevimlisi oldu. Əgər yaşasaydı, 85 yaşı olacaqdı. Xəyalpərvər və romantik, bütün ömrü boyu Hamleti və Don Kixotu oynamaq arzusu ilə yaşayan, ancaq kinoda əyyaş və qəribə intellegentləri oynayan aktyorun adı yaratdığı koloritli və xarakterik obrazlara görə sovet kinosunun tarixinə əbədi yazıldı.

Georgi Burkov o şəxslərdən idi ki, dostu Vasili Şukşin ona “çudiki” (qəribə) adını vermişdi. Georgi Burkovun haqqında ömrü boyunca, hətta dünyasını dəyişdikdən sonra belə, daha çox absurd şayiələr, hekayələr, qəribə bioqrafiya dolaşırdı. Bəlkə də Burkov özü baş verən hadisələri “hədsiz” şəkildə dəyişən sonsuz hekayələri ilə bu söz-söhbətləri qızışdırırdı.

Aktyorun dul qadını, aktrisa Tatyana Uxarova belə şayiələri şərh edərkən “əgər bu, onun imicinə xələl gətirmirsə, qoy belə də qalsın. Əslində isə hadisə belə baş vermişdi… ” – deyə onun həyatını vərəqləyirdi.

Sevginin övladları

Georgi Burkov 1933-cü il mayın 31-də Kama şəhərində dünyaya gəlib. Atası İvan Qriqoryeviç, Motovilikada – Permin qədim zavodunda işləyirdi. Fəhləlikdən başlayan İvan Qriqoryeviç zavodun baş mexanikinə qədər yüksəlib. Yüksək mövqe yumşaq, xeyirxah insanın xarakterini dəyişmədi. “Anam Mariya Sergeyevna haqqında heç bir şey demirəm. O həmişə mənim ən yaxşı dostum və yaxın adamım olub. Mən həyatım boyu “mama uşağı”olduğumu gizlətmişəm. Hər boş səbəbdən əzab çəkmişəm: tramvayın altına düşmüş itə və ya avtomobil ilə əzilən bir göyərçinə görə. Mən hələ də anamın dərslərini xatırlayıram: Mu-munun taleyinə ağlayıram, göz yaşlarımdan xoşbəxt olan anam isə hekayənin ardını oxuyur, oxuyur… Bir dəfə Şukşin də  “mama uşağı” olduğunu etiraf etdi. Bu nədir? Bir uşağın həyatında yalnız anasına aşkar olan əzab və xoşbəxtliklər var…”

1939-cu ildə babası, anası və Georgi – xoşbəxt ailə gəmi ilə səyahətə çıxdılar. Həştərxana və geriyə səfərləri möhtəşəm idi… Amma səyahət fəlakətə çevrildi, demək olar ki, faciə oldu: “Babam tif atəşi ilə xəstələndi. Onu çətinliklə xəstəxanaya apardılar. Xəstəxana köhnə tacirlərin məskənində yerləşirdi. Anam gecəni xəstəxanada keçirdi. Bu zaman mənim qanım zəhərlənməyə başladı, məni əməliyyat etməyə başladılar, anesteziya olmadan əməliyyat etdilər. Altı əməliyyat keçirdilər, yeddincisinə hazırlaşırdılar. Babam artıq ən ümidsiz xəstələr üçün palatada yatırdı. Anam gizli şəkildə mənim yatdığım palataya daxil olmağı bacardı – tibb bacısına rüşvət vermişdi və özü məni əməliyyat masasına apardı. Elə burada cərrahın sözlərini eşitdi: “Bu, sağdır ki! Bəs nə vaxt öləcək?” Anam məni xəstəxanadan qaçırdı. O, məni otların köməyi və sevgi ilə ölümün ağuşundan çıxardı…”

Burkov uşaqlıq illərindən qalan bu xatirəsini Şükşinə danışıb: “Mən hadisəni komik, əyləncəli danışırdım. Ancaq Vasili Makaroviç ağrılı bir şəkildə dinləyirdi, gözləri nəmlənmişdi… Bu hekayə ona da tanış idi: Vasili özü də az qala uşaqlıq dövründə ölmüşdü. Həm də anası və ögey atasına xeyirxah münasibət bəsləyirdi. Atası Stalin qatillərinin əlindən çətinliklə qaçmışdı. “Bilirsən nə üçün biz səninlə belə istedadlıyıq” – Şukşin soruşmuşdu: “Çünki hər ikimiz sevginin övladlarıyıq…””

Necə doğuldum, yaşadım və öldüm…

Burkov məktəbdə tənbəlliklə oxuyurdu. Buraxılış gecəsində ona 2 qiymətlərlə dolu olan attestat verdilər. Onu, həmçinin idman cəlb edirdi. Əla voleybolçu idi. Onu məhz perspektivli idmançı kimi Perm Universitetinə qəbul etdilər. Bu o zaman üçün normal idi. Hər ali məktəb özünün rekordçuları ilə şöhrətlənirdi. O, Hüquq fakültəsinin idman şərəfini qoruyurdu. Özü də vəkil olacaqdı. Hərçənd bütün fakültədə onun gələcəkdə yazıçı olacağını bilirdilər. Bir qədər aktyorluğu da var idi. Çünki Perm teatrının gənclər studiyasında oxuyurdu. Burada iki illik məşqlərdən sonra o, açıqlama vermişdi: “Mən nə vaxtsa nə haqda danışıramsa, onu gündəliyə yazıram. Bu, mənim üçün daha maraqlı, təsirli alınır. Nə üçün mən mütləq yazıçı olmalıyam? Ancaq onu hələ uşaqlıqdan “Xronika” kimi adını düşündüyü silsilə romanlar yazmaq ideyası heç vaxt tərk etmədi. Burkov hüquq fakültəsini atdı. Əmin idi ki, Moskvada teatr məktəbində onu gözləyirlər. İlk cəhdindən sonra məlum oldu ki, onun düşündüyü kimi deyil. Gələcək artistliyinin əksinə olaraq onda hər şey vardı, təkcə cəsur görünüş, qüsursuz danışıq tərzi çatışmırdı. Ona görə də teatr məktəbi istəyi alınmadı. Ancaq qəbul komissiyasının imtinası Burkovu təşvişə salmadı. Permə qayıdaraq şəhər kitabxanasında işə başladı. O, aktyorluq və rejissorluq sənəti haqqında nə vardısa, hamısını oxudu. Belə həyat hətta onun xoşuna gəlirdi.

Əslində, Burkov həmişə həyatda öz yerini axtarıb. Aktyorun tərcümeyi-halı və şəxsi gündəlikləri buna sübutdur. O, gənclik yaşlarında yazdığı gündəliyi “The Story of The Story” adlandırirdı. Yəni “heç bir şeyin fərqinə varmadan necə doğuldum, yaşadım və öldüm”. Hər şeydən çox həyatı mənasız yaşamaqdan qorxardı. “İllər keçdikcə, həyatın mənası, əlbəttə dəyişirdi, amma eyni müstəvidə – yaradıcılıqda”.

Aktyor olmağa qərar verməzdən əvvəl Burkov özünü yazıçılığa hazırlamışdı. Uşaq əzmkarlığı ilə təəssüratlarını yığır, onları gündəliyinə köçürür, amma təxmin belə etmirdi ki, bunlar ona yalnız səhnədə faydalı olacaq. “Bütün bilik, təcrübə elə uşaqlıqda toplanır” – deyə sonralar yazardı: “Çünki eyni şəhərdə eyni insanlarla uzun müddət yaşayırsınız. Bu dövrdə isə insanlar dəyişirlər. Bir şəxs hansısa müddət ərzində Hamlet, eyni zamanda da əhəmiyyətsiz insan ola bilər. Şəhər böyüyür, əvvəllər hər kəs bir-birini tanıyardı. Şəhərdə yaşayan ən böyük və ən kiçik insanı belə tanıyırdılar. Münasibətdə olduğumuz qız olsaydı, bütün şəhər onun böyük hörüklü olduğunu bilərdi… Mən böyüdüm, təəssüratlarım yığıldıqca yığıldı. Düzünü desəm, oynadığım bütün qəhrəmanlar Permdəndir…”

Onlar gülür, çığırır və ağlayırdılar 

Sonra müharibə başladı. Arxa cəbhədəki şəhərdə bu, elektrik enerjisinin söndürülməsi, soyuq, aclıq və bir çox insanın gözlərindəki qaranlıq deməkdir. Bütün yaşayış sahələri “yığışdırılır” – evakuasıya olunur, insanlar arxaya köçürülürlər. Tramvaylar yollardan yığışdırılır, işə piyada getməli olursan və evdən qaranlıqda çıxırsan.

Ata İvan Qriqoryeviç bütün müharibəni fabrikdə keçirdi. O, yeniyetmələrin qeydinə qalır və onları qoruyurdu. Ac, soyuqdan donmuş, 16-18 saat böyüklər ilə bərabər işləyən yeniyetmələri. İvan Qriqoryeviç onlara görə çox kədərlənirdi, təbiətən yaxşı, qayğıkeş adam idi. Buna görə ata Burkovu xalq iclasçısı olaraq irəli sürdükdə, çətinlikləri olan insanlar yalnız ona müraciət edirdilər.

Müharibə illərində xoşbəxtlik də olurdu. Daha sonra “Molotova Perm” adlandırılan Leninqrad teatr-dramı, opera, balet evakuasiya edildi. Georgi dostları ilə hər gecə pulsuz teatra baxırdı.

“Mən Çabukiani, Dudinskaya, Ulanovanı görür, Nelepp və digər tanınmış müğənniləri dinləyirdim. Gəncliyimdə məndə operaya ciddi ehtiras hissi yarandı, istənilən ariyanı və hər hansı bir operanı oxuya bilərdim. Amma tamaşaçı tələb olunurdu. Oğlanlardan birində dördlük alman akkerdeonu var idi, onda həvəslə çalırdım. Yaxşı tamaşaçını harada tapmaq olar? Əlbəttə, xəstəxanadan. Biz yaralıların yanına gəlir, onlar üçün konsertlər verirdik. Qəribə müvəffəqiyyətimiz oldu. Həyatımda belə bir müvəffəqiyyət olmamışdı. Onlar gülür, çığırır və ağlayırdılar…”

Onu ciddi rola dəvət etmədilər

1964-cü ildə paytaxt tənqidçilərindən birinin məsləhəti ilə teatrlardan birinin rəhbəri onu söhbətə dəvət etdi. O qədər də cavan olmayan aktyorun istedadı direktorun xoşuna gəldi və o, Burkovu truppada işləməyə dəvət etdi. Ancaq onun debütü həmin gün uğurlu alınmadı. Premyeraya bir gün qalmış Kemerovadan qonaq gələn dostu ilə axşam içdiyi spirtli içkinin dozası onu səhər də ayılmağa qoymadı. Ancaq istedadı dadına çatdı – onu teatrdan qovulmaqdan xilas etdi.

Burkov aktyorluq həyatını sakitcə, xalqın sevgisini sezmədən yaşayırdı. Bütün pullarını kitablara xərcləyirdi. Arzusu dünyanı dəyişdirəcək kinoda çəkilmək idi. Ancaq arzusunu gerçəkləşdirmək o qədər də asan olmadı. 1966-cı ildə Burkov ilk dəfə kinoda Zosya rolunda göründü. Bir il sonra Eldar Ryazanov onu “Uğur dolanbacı”nda yaraşıqlı əyyaş roluna dəvət etdi. Beləcə, Ryazanovla Burkovun uzun müddətli əməkdaşlığı başladı. “Taleyin ironiyası”, “Maşina görə vətəni satanlar”, “Qaraj”, “Qoca quldurlar”… 25 illik karyerası ərzində Burkov yüzlərlə rolda oynadı, 60-dan çox kinofilmdə çəkildi. O hətta özünü kino və teatrda rejissor kimi də sınadı.

Burkovun özü bütün ömrü boyu aktyorluq karyerasını o qədər də uğurlu hesab etmədi. O, əmin idi ki, yalnız böyük rolları oynamağa qadirdir. Növbəti əyyaş roluna dəvət alanda da imtina etmədi. Ancaq sonradan əyyaş rollarının ifaçısı kimi tanındı. Amma “Qırmızı Kalina” filmi ilə ampluasını dəyişdiyinə görə Vasili Şukşinə ömürlük minnətdar oldu.

Burkovun gündəlikləri saxlanılır. O həmin yazılarda tamamilə başqa adamdır. Aktyor özünü Hamletlə müqayisə edir, filosofcasına “Moskva qurdlar şəhəridir, biz dinozavrlar arasında yaşayırıq. Umid edirəm ki, onlar öləcək, biz isə yaşayacağıq” – deyə yazırdı.

O, həyat yoldaşı ilə kommunal mənzildə yaşayırdı. Döşəmənin üstündə yatır, işə piyada gedirdi. Ancaq onu sevgi xilas etdi. O, həyat yoldaşı ilə ömrü boyu yaşadı və Maşa adlı qızlarını tərbiyə etdilər. Hətta uşaq doğulandan sonra o, depressiyaya düşmüşdü. Hamletin kölgəsi onu narahat edirdi. O, indiyə qədər kinoda və teatrda ciddi bir rol oynamamasından iztirab çəkirdi: “Mənim 37 yaşım olur. Hamleti, Don Kixotu oynamağa hazıram. Dahi ifaya görə məsuliyyət daşıyıram. Bir ildən sonra Hamleti oynamalı – bu əmrdir” – deyə gündəliyində yazırdı. Ancaq bu əmri yerinə yetirməyi Burkov bacarmadı, onu ciddi rola dəvət etmədilər.

Günlərin birində o, Moskva Bədii Teatrına – Oleq Yefremovun yanına gəldi. Bir gün Yefremov hamıya içkini qadağan etdi. O, aktyorlar səhnəyə çıxmamışdan onların ayıq olub-olmamasını yoxlayırdı. Ancaq Burkov axşam içib gəldiyindən onda qoxu hiss olunmurdu. Tatyana Uxarova deyir ki, onların ikilikdə bir taleyi vardı. Ailə həyatları qalmaqalla başlasa da, ömür boyu davam etdi: “Burkov nikah evinə içkili halda gəlmişdi, ata-anam da “bundan sənə nə ər olacaq” – deyə hirsləndilər”. Ancaq valideynlərin narazılığı onların nikahını poza bilmədi. Onun bütün həyat tərzi bu idi – içkiyə aludəlik. Ona xəstəxanada yatmaq, xroniki alkoqolizmdən müalicə olunmaq lazım gəldi. O zaman tibb elmi trombu diaqnoz etməyə o qədər qadir deyildi. Burkov da məhz bu xəstəlikdən öldü. Həyat yoldaşının dediyi kimi: o, bu ölümü özü üçün proqramlaşdırmışdı.