Tribuna İnformasiya Agentliyi

Enerji içkiləri nəzarətə götürülür

15 İyun

Ekspertlər həyəcan təbili çalır: “Böyüyən orqanizmə, uşaq orqanizminə həddindən artıq ziyandır”

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirib.  Agentlikdən verilən məlumata görə, enerji içkilərinin tərkibində mövcud olan kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.

Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral  nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Bu səbəbdən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib. Qaydalarda bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. 

Tələblərə əsasən enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq,  inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3  1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, “Tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir. Qeyd edək ki, bu qaydalar 60 gün sonra qüvvəyə minir.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru Adil Qeybulla da enerji içkilərinin ziyanına toxunaraq, uşaqların və yeniyetmələrin bu məhsuldan istifadə etməsini kəskin pislədi: “Məktəblilər arasında enerji içkilərindən istifadə edənlərin sayı artıb. Valideyndən gündəlik xərclik alan uşaqların əksəriyyəti bunu enerji içkilərinə xərcləyirlər. Uşaqların orqanizmində maddələr mübadiləsi sürətlə getdiyindən onlara daha çox zərəri var. Enerji içkiləri əsasən alkoqolsuz və ya zəif alkoqollu içkilər siyahısına aiddir. Ancaq  onların əsas məqsədi mərkəzi sinir sistemini stimulyasiya etmək, anti-sedativ effekt yaratmaqdır. Kofein, taurin, qlükoronolakton və digər maddələr, o cümlədən vitamin B6, B 5 , fol turşusu, askardin turşusu və sair var.  Bu maddələrin də hər birinin miqdarı var. Hər içkinin içində onların hər birindən müəyyən qədər olmalıdır. Bu miqdarın standartı mövcuddur. Texniki standarta əsasən hazırlanır”.

A.Qeybulla vurğuladı ki, enerji içkisi istehsal edən şirkətlərin çoxsaylı olması da bu sahəyə nəzarəti çətinləşdirir:“Burada koorporativ maraqlar var. Çalışmaq lazımdır ki, bu sahədə rəqabət böyük olmasın. Mümkün qədər daha böyük və tanınmış şirkətlər istehsal ilə məşğul olsunlar. Taurinin, kafeinin və digər maddələrin uzun müddət orqanizmə daxil olması məqsədəuyğun deyil. Xüsusən də uşaqların və hamilə qadınların bunlardan istifadəsi məsləhət görülmür. Bununla bağlı insanlar arasında təbliğat aparılmalıdır”.

Ekspert bildirdi ki, xüsusən imtahanlara hazırlaşan tələbələr gecə yatmayıb dərsə hazırlaşmaq üçün  bu içkilərdən istifadə edirlər: “Bu içkilər orqanizmin daxili resurslarını stimulyasiya edərək onun gücünü artırırlar. Bu, sonda enerjinin tükənməsinə gətirib çıxarır. Kofe və çay kimi içkiləri də çox istifadə edirik. Ancaq onların təsiri ilə energetik içkilərin təsiri eyni deyil. Enerji içkilərində olan kafeinin və digər stimulyator rolunda olan maddələr sinir sistemini daha çox stimulyasiya etdiyindən onun qısa müddətə zəifləməsinə gətirib çıxarır. Böyüyən orqanizmə, uşaq orqanizminə həddindən artıq ziyandır. Təbliğat aparmalıyıq ki, enerji içkiləri ilə bağlı məsələdə kommersiya maraqları yox, genefondun sağlamlığı nəzərə alınsın”.

Nərgiz LİFTİYEVA