Ən zənginlər və ən kasıblar bir ölkədə cəmləşəndə…backend

Ən zənginlər və ən kasıblar bir ölkədə cəmləşəndə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən həftə rus saytlarından birində Hindistanla bağlı çox maraqlı faktlar diqqətimi cəlb etdi.
Bəli, bu ölkə milyarderlərin ən çox olduğu ölkələr sırasında üçüncü yeri tutur – burada 140 milyarder var və onların ümüumi sərvəti 596 milyard dollar təşkil edir.
Hər il milyarderlərin bu və ya başqa ölkədə sayının elan olunması artıq adi hala çevrilib. Onlar təkcə yaşadıqları ölkə üçün pozitiv göstərici hesab olunmurlar, ədədlərin arxasında başqa mətləblər də gizlənir: bu, həm də ayrı-ayrı ölkələrdə kapitalın necə təmərküzləşməsini və ən əsası da sosial uçrumun nə qədər dərinləşdiyini göstərir.
O ki qaldı Hindistana, coğrafi cəhətdən böyük və əhalisi də artıq milyarda çatan bu ölkə həm də kasıbların, daha doğrusu, lüt kasıbların vətənidir.
Yazılanlara görə, burada işsizlik kimi evsizlik də adi hal alıb. Küçələrdə gecələyən insanlar – Hindistanın sosial mənzərəsini adətən belə cızırlar…
Bilirəm, deyəcəksiniz ki, əşşi, boş şeydir, Hindistanda sosialist inqilabları olmaz.
Düzdür. Birincisi, əsl sosialist inqilabları hələ ki, heç yerdə olmayıb. Orda-burda, adda-budda baş verən inqilabları daha çox kommunistlər edib. İkincisi, Hindistan xüsusi ölkədir. Bunların dini, fəlsəfəsi, hətta ədəbiyyatı zorakılığı ümumiyyətlə rədd edir. Mahatma Qandinin məhz bu ölkədən çıxması heç də təsadüfi deyil – Satyaqraxa bir siyasi təlim kimi yalnız bu ölkədə yarana bilərdi. Üçüncüsü, inqilablar təkcə ac və yalavac ölkələrdə olmur, – acların üsyanı epizodik olub, bunun da guya ki, ən böyük təzahürü olan Oktyabr sovet inqilabı əslində çevriliş olub və ruslar özləri artıq buna Oktyabr çevrilişi deyirlər…
Amma vacib deyil ki, kəskin sosial polyarlaşma mütləq inqilablara gətirib çıxarsın. Yox, bunun bir nəticəsi də o olur ki, cəmiyyətdə aqressivlik, kriminallaşma artır, məişət zorakılığı çoxalır. Hindistanda bunların hamısı var. Təsadüfi deyil ki, Mahatmanın özünü də millətçi ekstremistlər öldürmüşdü…
Ümumiyyətlə götürdükdə isə, ölkənin bütün sərvəti kiçik bir qrupun əlində olanda, bu, çevrilmiş piramida kimi dayanıqsız siyasi konfiqurasiya yaradır. Xüsusən də ölkə siyasi cəhətdən qapalı və məhdud olanda, hüquq və azadlıqlara yer olmayanda onun siyasi sistemi bir az da kövrək və yaxud dayanıqsız olur…
Hindistanı inqilablardan hifz edən əsas cəhət nədir? Nə qədər qəribə olsa da, bu ölkə demokratik hesab edilir. Etiraf edirəm ki, kasta sistemilə azad və hürr demokratiyanın necə uzlaşa bilməsi məndə həmişə təəccüb yaradıb, di gəl, beynəlxalq müşahidəçiləri təkzib etmək üçün əlimdə ciddi faktım yoxdur – əgər onlar deyirsə ki, Hindistan demokratik ölkədir, deməli, bu belədir ki, var…
Amma bir daha deyim ki, neqativ enerji də bir çıxış tapmalıdır özünə. Bəli, azad seçkilər, azad siyasi mübarizə – bunlar belə çıxış ola bilir. Gəl, tamamilə yox.
Əvvəldə qeyd etdik ki, Hindistanda məişət və yaxud cəmiyyət səviyyəsində çox ciddi aressivləşmə və zorakılıq var. Təsadüfi deyil ki, bu son əlli ildə bu ölkədə bir neçə siyasi xadim, o cümlədən də baş nazir qətlə yetirilib.
Milyarderlərin sayı hətta ABŞ-da üç mindən çox deyil. Üç min adam ən yaxşı halda kiçik bir partiyanın kontngenti ola bilər. Cırtdan ölkələri nəzərə almasaq, ən kiçik ölkələrin əhalisi bir neçə milyondan az olmur. Bəli, üç min yüz milyonlara və yaxud on milyonlara qarşı! Razılaşın ki, çox təhlükəli bir nisbətdir və onun əsasında dayanıqlı tənasüb qurmaq bir o qədər də asan məsələ deyil…
Hüseynbala Səlimov