Tribuna İnformasiya Agentliyi

“Emin 444”ü məmur öldürübmüş: 60 bıçaq zərbəsi – Zaur həbs edildi

16 May

Cinayət aləmində “Emin 444” və “Emin Masallinski” kimi tanınan kriminal avtoritet Emin Səfərovun qətlini sifariş etməkdə ittiham olunan Zaur Yusifov saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı olan Z.Yusifov E.Səfərova 60 bıçaq zərbəsi endirib.

Bu barədə isə cinayət işində təqsirləndirilən şəxs qismində adı hallananlardan biri, qətl hadisəsindən dərhal sonra saxlanılan – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlu Z.Yusifovun əleyhinə verdiyi ifadədə bildirib.

Mayın 14-də H.Tağıyevin ifadəsi əsasında Zaur Yusifov saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, o artıq törətdiyi əməli etiraf edib. Z.Yusifova qarşı 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Evində aparılan axtarışlar zamanı “Vinçester” tipli silah müsadirə olunub.

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində baş verən kütləvi davada Səfərov Emin Ehtiram oğlu öldürülüb. E.Səfərov çoxsaylı bıçaq yaraları alıb və hadisə yerində keçinib.

Mayın 11-də redaksiyamıza cinayət qurbanının qardaşı Elçin Səfərov zəng edərək, “Emin Masallinski”nin qətlinin sifarişçisinin Zaur Yusifov olduğunu iddia etmişdi.

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Zaur arasında ciddi münaqişə meydana gəlib. Sonuncu Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına dair xəbərdar edib.

Zərərçəkən tərəf iddia edir ki, Eminə altı nəfər hücum edib və ona 78 bıçaq zərbəsi endirilib.

Təqsirləndirilən şəxs verdiyi ifadədə bıçaq zərbələrindən 60-nın Z.Yusifov tərəfindən endirildiyini təsdiqləyib. Qalan zərbələri Tağıyev və davada iştirak edən digər şəxslər endirib.

İndiyə kimi cinayət işi ilə əlaqədar iki nəfər məsuliyyətə cəlb olunub.

Ancaq zərərçəkən tərəf Z.Yusifovun atası Əli Yusifovun da şübhəli şəxs qismində məsuliyyətə cəlb olunmasını tələb edir. Belə ki, onların iddiasına görə, məhz o, aldatma yolu ilə Emin Masallinskini tələyə salıb.

Əldə olan məlumata görə, Ə.Yusifovun E.Səfərovu kənarda “kişi söhbəti”nə çağırmaq üçün avtomobilə mindiyi an “Araz market”in müşahidə kamerasına düşüb. Zərərçəkən tərəf bu videokadrların, həmçinin, “WhatsApp” yazışmalarının Əli Yusifovun cinayətdə iştirakının sübutu olaraq iş materiallarına əlavə edilməli olduğunu hesab edir.

Bu arada müəyyən edilib ki, 2004-cü ildə Z.Yusifovun adı bıçaqlanma ilə bağlı cinayət işində hallanıb. İnsident zamanı Ceyhun adlı kişi ağır yaralansa da, Z.Yusifov cinayət məsuliyyətindən yayına bilib.

Xatıraladaq ki, “Emin Masallinski” kriminal dairələrdə avtoritetə malik olub. Belə ki, onun “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qruplaşmasının üzvü olduğu deyilir. Bundan başqa, Quli və Emin yaxın dost olub və səkkiz saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkib.