Tribuna İnformasiya Agentliyi

ELŞAD MİRİ:”QİZ ƏMİSİNƏ ƏRƏ GEDƏ BİLMƏZ”

05 Aprel

İki qan qohumunun cinsi əlaqədə olması, oğul və ana arasında intim münasibət, ata və qızın, qardaşın bacını zorlaması insest sayılır.  

 

İki qan qohumunun cinsi əlaqədə olması, oğul və ana arasında intim münasibət, ata və qızın, qardaşın bacını zorlaması insest sayılır. 


Dünya dinlərinin hamısında və əxlaq qaydalarında bu hadisə qadağan edilib. Qədim Misirdə fironlar bacıları ilə cinsi əlaqədə ola bilirdi. Hazırda əsasən, intim etiket qaydaları pozulmuş, əxlaqdəyərləri olmayan insanlar arasında buna təsadüf edilir. Cəmiyyətdə ən çox bacı və qardaşın, ata və qızın intim əlaqəsi kimi hallarına daha çox rast gəlinir. Bu, İslamda ən böyük günahlardan biri hesab olunur. 

 

İlahiyyatçı alim Elşad Miri TİA.AZa bildirdi ki, qohum evliliyi geniş məfhumdur: “Konkret olaraq, bir qız əmisinə ərə gedə bilməz. Bunu Quranı Kərimdə Nisa 4/23 konkret olaraq açıqlayır. Ayədə deyilir: Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları,-yox, əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir”.

Azərbaycanda geniş yayılmış xalaqızı ilə xalaoğlunun, əmiqızı ilə əmioğlunun evlənməsi məsələsinə münasibət bildirən Elşad Miri qeyd etdi ki, bu barədə heç bir qadağa yoxdur. 

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirdi ki, insestin müxtəlif formaları var. Belə ki, bu yaxın adamlara görə və ölkədən-ölkəyə fərqlənir: “Elə yerlər var ki, orda əmioğlu, əmiqızı çox yaxın adam hesab olunur. Elə yerlər də var ki, onlar 2-ci qrup qohumlar hesab olunur. Amma ən çox insest hadisəsi bacı və qardaş arasında rast gəlinir. Dini kitablarda bununla bağlı qadağalar var. Bir çox ölkələrdə yaxın qohumların nigahına hüquqi müstəvidə qadağalar var, icazə verilmir. Söhbət ailə qurmaqdan gedir. Ancaq açıq etiraf edək ki, bu məsələlər ara-sıra baş verir”.

Psixoloq deyir ki, Gəncədə baş verən hadisə xoşa gəlməyən bir hadisədi. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətində əmioğlu əmiqızı ailə qurub, xalaoğlu xalaqızı ailə qurub: “Hətta bunların ağsaqqalları belə bunlara xeyir-dua veriblər. Bu, həmişə olub. Biz deyə bilmərik ki, belə şey olmayıb. Burda məsələ başqa cürdür. Cəmiyyət əminin qardaşı qızını qaçırmasını öz qızına qarşı olan münasibət kimi dəyərləndirir. Xalaoğlu xalaqızı ilə evlənir. Amma xalanın bacısı oğlu ilə evlənməyi- bu, artıq etik deyil. Eyni zamanda çox böyük mənəvi zərbədir. Bu proses insanlara münasibətdə, onların bir-birinə güvənində, qohumlararası münasibətlərin qırılmasına birbaşa təsir göstərəcək. Zatən yaxın adamlar arasında münasibət soyuq olmuşdu. Bundan sonra bir az daha soyuyacaq. İnsanlar bir-birinə güvənməyəcək. Hər kəs özünü qorumağa çalışacaq. Sonra deyirlər ki, psixoloji problemlər artıb. Elə buna görə artıb. Qayda, norma yoxdur. Bununla bağlı ictimai qınaq olmalıdır. Hüquqi müstəvidə tədbir görmək lazımdır. Hər şeyi insanın öz öhdəsinə buraxmaq olmaz. Demokratiya deyib dayana bilmərik. Konkret olaraq, dəyərlərimizə təsir göstərilir. Bu addımı atan adamlar sağlam psixologiyaya malik insanlar deyil, qırmızı xətti keçmiş adamlardır. Onlar sabah başqa bir işlər də görə bilərlər.

Bu hadisədə Qərb adının hallanmasına gəlincə isə, psixoloq hesab edir ki, yeri gəldi-gəlmədi Qərbi götürmək dünyagörüşün zəif olmağı ilə bağlıdır. Gəncədə oturan Qərbi hardan tanıyır ki! Bəli, Qərb təbliğat aparır, informasiya müharibəsi aparır. Porno saytlar var, insest hadisələri görüntülənir. İndi biz bilmirik onun qohumudu, yoxsa yox. İnsanların beynini yuyur, psixloji təzyiqlər göstərirlər. İnsanlara mənəvi deqradasiyalar aşılayırlar. Bəli, Qərb bunu edir, təbliğatını aparır. Amma Qərb özünü də qoruyur. Qərb bu hadisə ilə bağlı sərt tədbir görərdi. Qərbin məqsədi dünyagörüşü zəif olan insanları öz təsiri altına almaq və onları mənəvi deqradasiyaya uğratmaqdır. Ən çox belə hallar isə dünyagörüşü zəif, savad səviyyəsi zəif olan yerlərdə baş verir. Savad olan yerdə insan özünü qoruyacaq. İnsanın hissi var. Bəli, bu insestdi. Bunu heç kim dana bilməz. Ancaq sən bilməlisən axı, bu kimə qarşıdır”.   

Qeyd edək ki, 3 uşaq atası olan H.Səfərov iki uşaq anası olan qardaşı qızını qaçırıb və onunla dini nikaha daxil olub. Bu barədə mətbuata H.Səfərovun həyat yoldaşı Həmidə Səfərova məlumat verib.

İlahə