Tribuna İnformasiya Agentliyi

Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? – DOSYE

18 Sentyabr

Təhsil Nazirliyi Bakı şəhəri, Səbail rayonu Etibar Əliyev adına 162 saylı tam orta məktəbə yeni direktor təyin edib.

Bu barədə Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilib. Məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə 162 saylı tam orta məktəb Arzu Aslan qızı Nəzərovaya tapşırılıb. 

Digər məlumata əsasən, Tünzalə Mikayılova Əfqan qızı və Bəhruz Səlimxanov Ramazan oğlu təlim-tərbiyə işləri üzrə direktor müavinləri vəzifəsinə gətiriliblər.

Qeyd edək ki, Arzu Nəzərova 1961-ci il sentyabrın 21-də Gəncədə ziyalı ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhəri C.Cabbarlı adına 6 nömrəli orta məktəbə daxil olub,1976-cı ildə oranı fərqlənmə ilə bitirib. Gəncə şəhəri Q.Hüseynli adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1981-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1982-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olub, 1987-ci ildə universiteti bitirib. 1997-ci ildə ikinci ali təhsil almaq məqsədilə Bakı Asiya Universitetinin hüquq fakültəsinə daxil olub, 2000-ci ildə həmin universiteti bitirib. 1981-ci ildən 1988-ci ilədək Uşaq Musiqi Məktəbində fortepiano müəllimi kimi çalışıb. 1988-ci ildən Gəncə şəhəri Ə.Cavad adına 2 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1992-ci ildən həmin məktəbdə direktor müavini, 1997-ci ilədək isə direktor işləyib.

2001-ci ildən 2003-cü ilin avqust ayınadək metodist kimi fəaliyyət göstərib. 2003-cü ildən Məktəb-Lisey Kompleksində direktor müavini kimi çalışıb. 2019-cu ilin may ayından Səbail rayonu 162 nömrəli tam orta məktəbə direktor müavini kimi yerdəyişmə olunub. 15 iyul 2019-cu il tarixindən 162 nömrəli tam orta məktəbə direktor müavini təyin olunub.

Son hadisələrdən sonra 162 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub. Ailəlidir. 3 övladı var.

Xatırladaq ki, 2019-cu il aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar  təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Daha sonra S.Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.
Baş Prokurorluğun məlumatına görə, məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda proses Səbail Rayon Məhkəməsində davam etdirilir. (Modern.az)