backend

Əli Həsənovdan deputatlara cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaçqın və məcburi köçkünlərin problemləri daim cənab prezident İlham Əliyevin diqqət mərkəzindədir”. 

“Qaçqın və məcburi köçkünlərin problemləri daim cənab prezident İlham Əliyevin diqqət mərkəzindədir”.


TİA.AZ xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı təbii artımla 1 milyon 200 min nəfərə çatıb. Bu dövrdə qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə də pozulmayıb:

“Qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 mlrd. manat vəsait sərf olunub. Bu, həm büdcə, həm də Dövlət Neft Fondu və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir. Bu vəsaitlər hesabına 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub, 350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyac var`.

Baş nazirin müavini əlavə edib ki, Bakı şəhərində qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi tərəfindən artıq 51 bina ilə bağlı rəy verilib: “ Bu binalarda hər an təhlükə baş verə bilər. Cənab prezident həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə çox ciddi yanaşaraq gündəlik bu problemlərlə məşğul olub. Mən 9 aylıq sosial-iqtisadi yekunlarla bağlı keçirilən iclasda bu məsələ ilə bağlı məlumat vermişəm. Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri və mənə tapşırıq verib. Büdcə müzakirələrdən sonra təkliflər hazırlayacaq və prezidentə təqdim edcəyik”.

Ə.Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin probleminin həlli ilə bağlı vəsaitin çatışmaması ilə bağlı fikirlər səslənir:

“İdmana ayrılan pulların qaçqın və məcburi köçkünlərin problemə yönəldilməsi təklif olunur. Azərbaycanda beynəlxalq səviyyəli idman tədbirləri keçirilir və bu sahəyə də mütləq vəsait ayrılmalıdır. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün istənilən yerdən vəsait tapa bilərik. Siz də yaxın zamanlarda bunun şahidi olacaqsınız”.

Ə.Həsənov millət vəkili Çingiz Qənizadənin qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlərin yeyilməsi ilə bağlı fikirləri ilə razılaşmadığını qeyd edib:

“Kiminsə hansı bir idarə, komitə və ya nazirə sözü varsa, öz sözün desin. Hesablama Palatasını burda qeyd etmək lazım deyil. Hesablama Palatası şəffaf qurumdur və şəffaf da işləyir. Hesablama Palatasının rəyində yeyinti anlayışı yoxdur. Yeyinti, filan başqa şeydir. O aktda yazılıb ki, qaçqın və məcburi köçkünlərin yemək xərci siyahısı ilə elektrik, su və qaz təchizatı sayında fərq var”.

Həmçinin Ə.Həsənov vurğulayıb ki, deputatların qaçqın statusunun ləğv edilməsi ilə bağlı təklifi narazılıq yaradıb:

“Kimsə məlumatlı deyilsə, o zaman danışmamalıdır, ya da araşdırıb danışmalıdır. Son günlər qaçqın və məcburi köçkünlərə hücumlar artıb. Bunun səbəbini bilmirəm. Qaçqın və məcburi köçkünlər xalqın ən həssas təbəqəsidir. Status məsələsi dövlətin daxili işləridir. Heç bir dövlət deyə bilməz ki, onlara niyə bu status verilib?”.