“Eldar Əzizov, niyə Maliyyə Nazirliyinin qərəzli mövqeyini müdafiə edirsiniz?” – Yəhudi vətəndaş merə yazdıbackend

“Eldar Əzizov, niyə Maliyyə Nazirliyinin qərəzli mövqeyini müdafiə edirsiniz?” – Yəhudi vətəndaş merə yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəhudi əsilli Azərbaycan vətəndaşı merə məktub yazıb cinayətə şəriklikdən çəkinməsini istədi

Yəhudi əsilli Azərbaycan vətəndaşı Baazova (Avşalumova) Anara İsaakovna Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub yazaraq Bakıda yürüş-piket keçirilməsinə icazə verilməsini istəyib. TİA.Az-a daxil olan müraciətdə deyilir ki o, dövlət ehtiyacları üçün “Sovetski”də, Mirzəağa Əliyev küçəsi dalan 2, ev 10 ünvanında olmuş 205 kvadrat metrlik mənzilinə görə kompensasiyanın ödənməməsinə etiraz etmək istəyir.
Anara Baazova məktubunda yazır: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Eldar Əzizov cənablarına!
Hörmətli Eldar müəllim,
Bu günə qədər mənə rəsmi şəkildə deyilirdi ki, güya ümumiyyətlə Sovetskidə evim olmayıb.
2018-ci ildə evimi sökəndən bəri Maliyə Nazirliyi dövlət qurumu çərçivəsindən çox uzaq olan bir mövqe tutub. Sanki, mən vətəndaş deyiləm, Maliyyə Nazirliyi də dövlət qurumu.
Qanunu bir kənara qoyub Azərbaycan məhkəməsini saymırlar. Dövlət qurumlarının verdikləri arayışları, sənədləri də qəbul etmirlər. İddiam üzrə məhkəmələrin qərar verməsinin belə qarşısını alırlar!!!
Hörmətli Eldar müəllim,
Əlimdə “Azərişıq” ASC-nin arayışı var. Həmin arayışda açıq-aydın yazılıb ki, mən Baazova Anara İssakovna 2004-cü ildən 2018-ci ilə qədər – yəni evim sökülənə qədər elektirik enerjisi haqqı ödəmişəm.
Bundan başqa evi mənim icazəm və razılığım olmadan 2018-ci ildə dövlət ehtiyacları üçün sökəndə həmin “Azərişıq” ASC-nin işçiləri Akt tərtib ediblər. Həmin Aktda da açıq-aşkar sayğacın çıxarılmasının səbəbi göstərilir. Yazılır ki, ev sökülüb və sayğac bu səbəbdən çıxarılıb! Sayğacın çıxarılmasının səbəbi qrafasında “Sökülmə” yazılıb.
Hörmətli Eldar müəllim,
Bundan başqa, Yasamal rayon 64 saylı Mənzil Kommunal Sahəsinindən arayış var. Həmin arayışda MKS müdiri Sədulla Əbiyev yazır ki, mənə məxsus ev Mirzəağa Əliyev küçəsi dalan 2, ev 10 ünvanında yerləşməklə 205 kvadrat metr olub.
Bundan başqa Yasamal Rayon İcra Hakimiyyətinin 2 dekabr 2021-ci il tarixli məktubu var. Həmin məktubda yazılır ki, ev Mirzəağa Əliyev küçəsi dalan 2, ev 10 ünvanında ev olub, amma mənə məxsus deyil. Bundan əvvəl isə Yasamal Rayon İcra Hakimiyyəti rəsmi şəkildə yazırdı ki, Mirzəağa Əliyev küçəsi dalan 2, ev 10 ünvanında ümumiyyətlə ev olmayıb, belə ünvan isə mövcüd olmayıb.
Yasamal İcra Hakimiyyəti sonuncu məktubu ortalığa evimin fotoları çıxandan sonra yazmaq məcburiyyətində qaldı. Əvvəlcə, qeyd etdiyim kimi ümumiyyətlə ünvanın varlığını belə danırdılar.
Hörmətli Eldar Əzizov,
Mən sizə sual edirəm: – niyə Maliyyə Nazirliyinin mənə qarşı cinayətə bərəbər qərəzli mövqeyini müdafiə edirsiniz?
Məgər siz gec-tez, cinayətkar məmurların ölkə rəhbərliyinin göstərişi ilə cəzalandırıldığının fərqində deyilsiniz?
Hardadır Səlim Müslümov? Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov? Ondan əvvəl başqa qanunsuzluq edən onlarla məmur? Bu gn həbsdə olan məmurların hər biri ölkə başçısının xəbərarlıqlarına məhəl qoymurdular, mənim kimi vətəndaşların hüquqlarını saya salmırdılar. Bu gün həbsdə çabalayırlar!
Hörmətli Eldar müəllim,
Mən dağıdılmış əmlakımdan əl çəkən deyiləm! 1 il sonra, 3 il sonra olsun, əmlakımın kompensasiyasını alacağam. İnanıram ki, Azərbaycan dövləti mənə qarşı cinayət işlətmiş məmurları cəzasız qoymayacaq.
Ümid edirəm ki, həmin vaxt məhkəmələrdə sizinlə üz-üzə gəlməyəcəyik.
Hörmətli Eldar müəllim,
Maliyyə Nazirliyi Azərbaycan məhkəməsini saymır. Nazir Samir Şərifov bu gün özünü qanundan üstün sayır və mənim mülkiyyətimin dağıdılması əvəzində kompensasiya ödənilməsinin qarşısını alır.
Hörmətli Eldar müəllim,
Sizdən xahiş edirəm ki, mənə qarşı cinayətdə iştirakdan çəkinəsiniz, mənim mülkiyyət hüququmun bərpası üçün çalışmalarıma mane olmayasınız, Bakıda keçirilməsini planlaşıdırdığımız piket-yürüşün keçirilməsinə icazə verəsiniz.

TİA.Az