Eldar Əzizov milyonçu Rafael Mehralıyevi niyə yanında saxladı? – Təfərrüatbackend

Eldar Əzizov milyonçu Rafael Mehralıyevi niyə yanında saxladı? – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbəri Rafael Mehralıyevin keçmiş mer Hacıbala Abutalıbovun gedişindən sonra vəzifəsindən azad ediləcəyi dəqiqləşmişdi. TİA.Az-ın əldə etdiyi xəbərə görə, BŞİH-nin başçısı Eldar Əzizov təyin olunduqdan sonra onun R.Mehralıyevlə işləmək istəmədiyi bildirilirdi.
Lakin Bakı meri ilə necə dil tapdısa, Mehralıyev postunda saxlanıldı. İddialara görə, buna səbəb onu Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qara işlərini yaxşı bilməsi və E.Əzizovun ondan daha təcrübəli maxinasiya ustası tapa bilməyəcəyi qənaətinə gəlməsi olub.
R.Mehralıyev bu illər ərzində bütün qaranlıq işlərdən “təmiz” çıxmağa nail olub. Onun adı “MTN və rabitə işləri”ndə keçib, reputasiyası zədələnib, bütün biznesi üzə çıxıb, yeyintiləri aşkarlanıb, Vidadi Zeynalovla gördüyü korrupsiya əməlləri faş olunub, Abutalıbov vəzifəsindən uzaqlaşdırılıb, xaricdəki biznesi də ictimailəşib, amma Mehralıyevə toxunmayıblar. Bununla belə E.Əzizov onun yanında qalmasında maraqlı olub.

Bu yaxınlarda isə bloger Mehman Hüseynovun araşdırması ilə R.Mehralıyev bir daha cəmiyyətə və hakimiyyətə təqdim olunub.
Bloger bildirir ki, Mehralıyev xanımı Almaz Səfərovanın şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları mənimsəyirmiş. Bu korrupsiya şəbəkəsində onun təsisçisi olduğu “Azinşaat 1” MMC xüsusi rol oynayıb.


Şirkətin qeydiyyat ünvanı da elə Mehralıyevin şəxsi mənzilidir – Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 48…
2011-ci ildə yaradılan bu MMC-nin direktoru isə Elşən Həsənli adlı şəxsdir. O, Sabunçu rayon icra hakimiyyətində vəzifə tutur. Bloger bildirir ki, elə qonşu mənzil olan ev 49 da Mehralıyev ailəsinə aiddir.
Bu mənzildə “Azinşaat” MMC qeydiyyata alınıb. Təsisçiliyi illər sonra bacısı Aliyə Mehralıyevanın keçmiş əri Xəlil Sultanova aid olub.
Onlar 2019-cu ildə boşanıblar və əmlakı bölə bilmədikləri üçün iş məhkəməyə gedib. Mehralıyevin başqa bir yeznəsi isə Eldar Şirinovdur. Meriyanın bu oliqarx məmurunun E.Şirinov adlı yeznəsi də “Ens İnşaat” MMC rəhbəridir. Həmçinin “Rəşad Abadlıq” MMC da ailə podratına daxildir.
Araşdırmalar üzə çıxarıb ki, həm “Ens İnşaat” MMC, həm “Rəşad Abadlıq” MMC inşaat materiallarının alınması, yolların və evlərin təmiri, şəhərin kommunal təsərrüfat işlərini həyata keçirilməsində bütün tenderlərin qalibi olub.

Nəticədə Rafael Mehralıyev yeznələrini idarə etdiyi, əslində özünə məxsus olan şirkətləri tenderlərdə qalib çıxarmaqla dövləti ayırdığı milyonlardan yüzminlərlə vəsaiti cibinə axıdıb.
Bu korrupsiyanın nəticəsi olaraq yeznəsi E.Şirinov “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib. Sonra restoranın adını dəyəşərək “Favorit” qoyub.
Bu obyektdən başqa, Balaxanıda Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.
Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiridir. Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər.

Məlumata görə, Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev isə Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb. O, Mehrəliyevlərin digər qohumu, meriyada “tender kralı” kimi tanınan Ramazan Məmmmədovun pullarını Türkiyəyə çıxarıb və qardaş ölkədə ciddi biznes şəbəkəsi yaratmağa nail olub.
Rafael Mehrəliyev isə həm öz pullarını, həm də Vidadi Zeynalovun pullarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb.
R.Mehrəliyevin əmlakına bir nəzər salaq: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyi obyekt…

TİA.Az