Tribuna İnformasiya Agentliyi

“Elələri var ki, 20 qəpiyə görə minbir bəhanə axtarırlar”

08 Mart

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Zərif cinsin nümayəndələrini özləri kimi zərif və nisbətən az əziyyət tələb edən işlərdə görməyə alışmışıq. Burada, əlbəttə, xadimə və texniki işlərdə, ələlxüsus, küçələrdə yaşıllaşdırma işlərində çalışan qadınları da qeyd etməmək olmaz. Lakin elə peşələr də var ki, bunları sırf “kişi işi” kimi qəbul edirik və belə işlərdə qadınları görmək təəccüblüdür. Bu gün virtualaz.org sizə həmin qeyri-adi peşə sahibi olan qadınlardan biri haqqında söz açacaq.

“Dayanacaq nəzarəçisi” deyəndə insanın ağlına ilk gələn damağında siqaret, maşınlara yol göstərən kişi canlanır. Axı ölkəmizdə dayancaq nəzarçisi “kişi işi” hesab edilir. 57 yaşlı Sürəyya İbrahimova isə 3 ildir “kişi işi” ilə məşğul olur. Yasamal rayonu, Sübhü Salayev küçəsində üzərində “avtodayanacaq” yazılan balaca köşkü də var. Bu köşkdə dincəlir, qışda soyuqdan, yayda istidən qorunur. Dayanacaqda maşınları yerləşdirməklə yataq xəstəsi olan əlil həyat yoldaşına kömək edir, ailəsini dolandırır.

Sürəyya İbrahimova deyir ki, artıq ətraf küçələrdə də hamı onu tanıyır, daimi müştəriləri arasında qadın sürücülər çoxdur. “Uzun illər bu dayanacağa həyat yoldaşım nəzarət edib. Amma sonradan xəstələndi, yatağa düşdü. Bir nəvəm var, o da bizimlə yaşayır. Düşündüm ki, sənətin arvadı-kişisi olmaz, dayanacağa mən də nəzarət edə bilərəm. 3 ildir hər gün səhər saat 8-dən axşam saat 6-dək gəlib-gedən maşınlara yol göstərirəm, yer tapmaqda köməklik edirəm”, – İbrahimova söyləyir.

Uzun illər qatarda bələdçi kimi çalışan İbrahimova sürücülərlə dil tapmağın çətinliyindən danışır. Onun sözlərinə görə, 20 qəpik verməmək üçün minbir bəhanə axtaran sürücülər çoxdur: “Bu dayanacağa 50-60 maşın yerləşir, hər birinə tək-tək nəzarət edirəm. Bəzən üşüsəm də, maşın sahibi gəlməyənə qədər dayanacaqdan aralanmıram, işin məsuliyyətini dərk edirəm. Amma görürsən ki, 20 qəpiyə görə narazılıq edirlər, pul verməmək üçün deyinirlər. Belələrindən pul almıram. Bəzən 1-2 manat hörmət edənlər də olur”.

Müsahibim adamların xarakterini maşınlara görə müəyyənləşdirə bilir. Deyir ki, müşahidələri çox zaman onu yanıltmır. Müşahidələrinə əsasən də sürücü ilə “dil tapmağa” çalışır. “Qadın sürücülərin əksəriyyəti maşını düzgün yerləşdirməyi bacarmır, çalışıram ki, onlara elə yer verəm ki, gedərkən başqalarına mane olmasınlar. Bəzən təcrübəsiz sürücülərə görə tıxac yaranır, yolu açmağa çalışıram”, – İbrahimova deyir.

57 yaşlı dayanacaq nəzarətçisi ona gülənlərin olduğunu da söyləyir. Deyir ki, onu lağa qoyanlar da var, amma nəvəsinin utanmaması üçün belələrinə fikir verməməyə çalışır. Əsas odur ki, kimsəyə möhtac deyil, hər gün evə bir parça çörək apara bilir.virtualaz.org