Ekspertlər: “Bir həftə sonra koronavirus mövzusu aktual olmayacaq”backend

Ekspertlər: “Bir həftə sonra koronavirus mövzusu aktual olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisad elmlər doktoru, professor Zahid Məmmədov hesab edir ki, artıq bir həftə sonra Azərbaycanda koronavirus mövzusu aktual olmayacaq.

Z.Məmmədov Oxu.Az-a bildirib ki, əgər jurnalistlər hər gün eyni mövzunu müzakirə etsələr, bu, şübhəsiz ki, cəmiyyətin də şüuruna təsir göstərəcək.

Cəmiyyətin koronavirus qorxusu dünya KİV-nin gündəlik hücumu altında formalaşıb.

“Biz rəqəmsal texnologiyalar əsrində yaşayırıq. Texnoloji inkişaf elə miqyasa çatıb ki, hətta yüksək dağlıq ərazidəki kənd sakininin belə internetə – həm doğru ola biləcək, həm də həqiqətə uyğun gəlməyən informasiyaya çıxışı var”, – deyə Z.Məmmədov bildirib.

Onun fikrincə, koronavirus mövzusu çox şişirdilib.

“Profilaktika məqsədilə nəzarət-buraxılış məntəqələrinin bağlanması, miqrasiya üzərində nəzarətin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər insanlarda qorxu hissi oyatdı. Əgər əvvəllər bir insan asqırırdısa, yanındakılar ona sağlamlıq arzu edirdilər. İndi bir nəfər asqıranda insanlar şübhə ilə bir-birilərinə baxırlar. Lakin onlar koronavirusdan daha qorxunc xəstəliklərin olduğunu unudurlar”, – deyə professor qeyd edib.

Z.Məmmədov bildirib ki, azərbaycanlılar başqalarına nümunə olaraq ilk növbədə dezinfeksiya və əraziləri zibildən təmizləmək üçün ictimai tədbirlər keçirməlidirlər.

Professor əlavə edib ki, həmişə və hər yerdə iməcilik keçirilməlidir.

Onun fikrincə, xüsusən regionlardakı avtobus dayanacaqlarında antisanitariya müşahidə olunur. Bütün virus xəstəlikləri antisanitariya və gigiyena qaydalarına əməl olunmadığı üçün peyda olur.

“Diqqət yetirin: Türkiyə mətbuatı koronavirus mövzusunu qabartmır, çünki onların daha vacib – İdlib problemi var. Hətta Rusiyada belə bu mövzu bir o qədər də ciddi deyil, heç bir təşviş yoxdur. Təmkinli olun və gigiyena qaydalarına əməl edin”, – deyə Z.Məmmədov bildirib.

Tibbi təyinatlı məhsulların qiymətlərinin artması məsələsinə gəldikdə isə professor bildirib ki, Azərbaycan üçün xarakterik olan bu hal bizə baş ucalığı gətirmir.

“Fövqəladə vəziyyət dövründə bütün dünyada ictimaiyyət birləşir, istehlak mallarının qiyməti aşağı düşür. Yalnız Azərbaycanda belə olmur. Burada ayrı-ayrı şəxslər yaranmış vəziyyətdən sui-istifadə edir və bundan qazanc əldə etməyə çalışırlar. 8 martda güllərin və digər məhsulların qiymətləri bahalaşır. Novruz və Qurban bayramlarında qoyunun qiyməti bahalaşır. İndi isə bəziləri insanların öz təhlükəsizliyi üçün narahat olmasından istifadə edir və tibbi maskaların qiymətlərini artırırlar. Biz dəyişməliyik”, – deyə ekspert vurğulayıb.

Ekspert bununla əlaqədar Azərbaycanın hüquq-mühafizə orqanlarına koronavirus ətrafındakı vəziyyəti gərginləşdirən insanlara qarşı barışmaz mübarizə aparmaq tapşırığı verildiyini də əlavə edib.

Öz növbəsində miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Oxu.Az-a açıqlamasında qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Gürcüstanın turizm sənayesi məhv olmaq astanasındadır.

“Koronavirus turizm sektoruna mənfi təsir göstərir. Lakin xoşbəxtlikdən Azərbaycan iqtisadiyyatı turizmə əsaslanmır, bizim neftimiz var. Əlbəttə ki, turizm bazarında qiymətlər aşağı düşəcək, çünki turistləri cəlb etmək lazım gələcək, əvvəlki axın isə yoxdur. Mövcud olanların sırasında seçmək lazım gələcək. İndi nəyisə proqnozlaşdırmaq çətindir. Mütəxəssislər söz verirlər ki, havanın istiləşməsi ilə birlikdə “COVID-19” yox səviyyəsinə enəcək”, – deyə A.Allahverənov bildirib.

Ekspert bildirib ki, Azərbaycanla İran arasında miqrasiya mübadiləsi kifayət qədər intensiv olub: “Bununla yanaşı, il ərzində İrana milyondan artıq Azərbaycan vətəndaşı gedib (müqəddəs yerlərin ziyarəti məqsədi ilə və tibbi klinikalara getməklə bağlı və.s ). Əvvəllər il ərzində İrandan Azərbaycana 150 min insan gəlirdi. Hazırda bu axın məlum səbəblərə görə azalıb”.

Milli Məclisin yeni seçilmiş deputatı, iqtisadçı Vüqar Bayramov da A.Allahverənovun sözlərini təsdiqləyib.

V.Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanın turizm sektoru da koronavirusun təsir etdiyi istənilən digər ölkədə olduğu kimi itkiyə məruz qalacaq.

“Mart ayında ölkəyə gələn turistlərin böyük hissəsini – 50-70 min nəfərini iranlılar təşkil edirdi. Bəzən onların sayı 35 minə düşürdü, lakin Azərbaycanda turistlər üçün otellərdəki yerlərin ümumi sayı 40 min olduğu üçün hətta bu da az deyil. Bəzən Novruz bayramında turistlərin sayı o qədər olurdu ki, onlar otellərdə yer tapmadıqları üçün mənzil kirayələyirdilər. Əlbəttə, bu ay İrandan gələn turistlərin sayı kəskin azalacaq. Bizim məlumatımıza görə, Azərbaycanda iranlılar tərəfindən edilmiş bronların əhəmiyyətli hissəsi ləğv olunub”, – deyə millət vəkili qeyd edib.

“Eyni zamanda, turizmin inkişafı baxımından Çin Azərbaycanın əsas hədəflərindən biri idi. Ötən il Azərbaycan Dövlət Turizm Agentliyinin apardığı işlər nəticəsində Çindən gələn turistlərin sayında artım müşahidə edildi. Bu həftə Bakıda bir neçə beynəlxalq miqyaslı tədbirin keçirilməsi planlaşdırılırdı, lakin onlar təxirə salındı. Çünki xarici ekspertlər Azərbaycana gələ bilmədi. Bununla belə Azərbaycan koronavirusa yoluxma riskinin ən aşağı olduğu ölkə sayılır”, – deyə V.Bayramov vurğulayıb.

Bütün dünyada aviareyslərin sayı azalıb. Deputat əlavə edib ki, “COVID-19”un yayılması nəticəsində dünya turizminə dəymiş ziyan 2021-ci ildə 22 milyard dollara çatacaq.

Ekspert hesab edir ki, sözügedən vəziyyət Azərbaycana daxili turizmi inkişaf etdirməyə kömək edəcək.

Parlamentarinin sözlərinə görə, ötən il respublikaya üç milyon turist gəlib, ölkədən gedən turistlərin sayı isə beş milyon olub.

O qeyd edib ki, xaricə gedənlərin 50 faizində daxili turizmə maraq oyatmaq olar: “Bunun üçün Dövlət Turizm Agentliyi fəaliyyətini gücləndirməli və güzəşt sistemi tətbiq etməlidir”.