Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirdi – Prezidentə MÜRACİƏTbackend

Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirdi – Prezidentə MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini, 72 yaşlı Gülarə Qara qızı Xudiyeva bildirir ki,  “Muğanbank”a depozit kimi qoyduğu 10 min manat bank işçiləri tərəfindən mənimsənilib.

TİA.AZ xəbər verir ki, Xudiyeva bank tərəfindən aldadıldığını, lakin bunu sübut etmək üçün aylardır əziyyət çəkdiyini bildirib. Şikayətçinin sözlərinə görə,  “Muğanbank”ın şöbələrindən birində  çalışan qardaşı oğlunun təkidi ilə ötən ilin yanvarın 4-də bankın baş ofisinə gedərək 10 min manat depozit qoyub. Bu ilin yanvarında isə banka müraciət edəndə pulunu geri ala bilməyib.

Qadının danışdıqlarından: “Bundan əvvəl də həmin banka 15 min manat depozit qoymuşam. Ötən ilin yanvarın 4-də qardaşım oğlu öz maşını ilə məni bankın baş ofisinə apardı. Orada məni onun tanıdığı  əməliyyatçılardan biri  qarşıladı və biz banka 10 min manat depozit  qoyulmasına dair müqavilə imzaladıq. Kassaya 10 min manat ödədim və qəbz  verdilər. Həmin vaxtdan bir neçə ay keçəndən sonra sənədlərə təkrar göz gəzdirəndə 10 min manat depozitin əmanət kitabçasında qeyd edilmədiyini bildim”,-G.Xudiyeva deyib.

Şikayətçinin sözlərinə görə, bu barədə qardaşı oğluna məlumat verib. O isə öz növbəsində müqavilə və qəbz olduğundan narahat olmamağı tövsiyə edib. Ancaq bu ilin yanvarında banka müraciət edəndə aldadıldığını başa düşüb.

G.Xudiyeva deyir:  “Əvvəlcə bir neçə sənəd gətirdilər və dedilər ki, pulu kassaya ödəyəndən cəmi 4 dəqiqə sonra geri götürmüşəm. Bunun mümkün olmadığını bildirdim və kamera görüntüləri tələb etdim. Mübahisə düşdü, baş ofisin rəhbəri ilə görüşdüm. O da dedi ki, sənədlərə əsasən pulu 48-ci dəqiqədə qoymusam, 52-ci dəqiqədə geri götürmüsəm. Bu versiya ağlabatan olmadığından sonradan müqavilənin guya  2016-cı ildə qoyduğum depozitin uzadılması məqsədilə təkrar bağlanıldığını dedilər.  Onu da bildirdilər  ki, bankdakı kamera görüntüləri ən uzağı 2-3 ay saxlanılırmış, buna görə də görüntülər, yaxud səs yazısı yoxdur. Nəticədə aylardır banka ötən ilin yanvarında 10 min manat verdiyimi sübut edə bilmirəm”.

Xudiyeva bildirib ki, uzun illər nazirliklərdən birində baş mütəxəssis, şöbə müdiri kimi çalışıb, əmək veteranıdır. İki övladı var, onlar hazırda Rusiyada yaşayırlar: “Dövlət qulluqçusu kimi 1200 manatdan çox təqaüd alıram, övladlarım da maddi köməklik edirlər. Yəni mənə 10 min manatın mənimsənilməsindən daha çox aldadılmaq təsir edir. Bu vəsaiti uşaq evlərindən birinə köçürmək istəyirəm. Sadəcə, məsələnin düzgün araşdırılmasını tələb edirəm. Bu yaşımda aidiyyatı orqanlar arasında qalmışam, qalaq-qalaq məktublarım var. Hamı da deyir ki, sizə inanırıq, amma sənədlər elə tərtib edilib ki, banka heç nəyi  sübut edə bilmirik. Qardaşım oğlu da fərqli izahatlar verib. Şəkər və təzyiq xəstəsiyəm, mənəvi sarsıntıdan sağlamlığımı itirmişəm.  Dəfələrlə müraciət etsəm də, bankın sədri məni qəbul edib, dinləmək istəmir. Bankın əsil sahibinin yanına getməyi məsləhət görürlər, amma onun da öz yaxın qohumunu qoyub mənə inanacağna ümidim yoxdur. Elə bir məngənəyə düşmüşəm ki, bilmirəm nə edim.  Qoy onlar kamera görüntüsü, yaxud pulu yatırandan bir neçə dəqiqə sonra  çıxardığımı sübut edən sənədi təqdim etsinlər”.

Şikayətçi Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək məsələnin araşdırılmasının nəzarətə götürülməsini xahiş edib.

“Muğanbank”dan isə sualları yazılı formada göndərməyi, yalnız o halda cavablandırıla biləcəklərini deyiblər. Redaksiya sualları bir neçə gün əvvəl göndərib, amma cavab ala bilməyib…

Qeyd edək ki, MuğanBank keçmiş deputat, Odlar Yurdu Universitetinin sahibi Əhməd Vəliyevə məxsusdur.Virtualaz.org