“ƏGƏR İNSANDA KÖKƏLMƏ, PİYLƏNMƏ GEDİRSƏ, DEMƏLİ…” – TANINMIŞ ENDOKRİNOLOQLA MÜSAHİBƏbackend

“ƏGƏR İNSANDA KÖKƏLMƏ, PİYLƏNMƏ GEDİRSƏ, DEMƏLİ…” – TANINMIŞ ENDOKRİNOLOQLA MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Endekrinoloq Jalə Oqtayzadə TİA.Az-a müsahibə verib. Onunla söhbətimizi təqdim edirik:

– Jalə xanım, insan özündə hansı narahatlıqları hiss edəndə qalxanvari vəzin xəstəliklərindən şübhələnə bilər?

– Əgər bir insan özündə halsızlıq, yorğunluq, saç tökülməsi, dəri quruluğu, qadınlarda menstrual pozğunluq, kökəlməyə meyillilik, həddindən artıq arıqlıq, əsəbilik, gərginlik müşahidə edirsə, o mütləq endokrinoloq müayinəsində olmalıdır. Müayinə zamanı hormonlar yoxlanılır və qalxanabənzər vəzin ultrasəs müayinəsi edilir. Əgər hormonlarda hər hansı bir problem aşkar olunarsa, antitel və antikor analizlər də istənilir. El arasında zəhərli zob deyilən hipertireoz aşkar olunarsa, müalicənin növbəti mərhələsinə başlanılır.
Yorğunluq əlamətləri varsa, qalxanvari vəzidən şübhələnmək olar. Ancaq bu yeganə səbəb ola bilməz. Tutaq ki, yorğunluq vitamin D, yaxud dəmir çatışmazlığından da ola bilər. Lakin qalxanabənzər vəzi orqanizmin dirijoru olub metobolik sistemi idarə etdiyinə görə, birinci növbədə ondan şübhələnmək lazımdır. Əgər uşaqlar diqqətsizdirlərsə, fikirlərini dərsə verə bilmirlərsə, boyları balacadırsa, inkişafları ləng gedirsə, mütləq müayinə olunmalıdır.

– Bu xəstəlik qadınlar yoxsa kişilər arasında daha geniş yayılıb?

– Xəstəlik genetik olduğuna və anadan-qıza ötürüldüyünə görə qadınlarda daha çox görünür. Lakin siqaret çəkmə ilə əlaqədar olaraq kişilərdə də ur düyünlərə tez-tez rast gəlinir.

– Düyünlər aşkarlanan zaman müalicə hansı istiqamətdə davam edir?

– Qalxanvari vəzidə aşkarlanan hər düyün qorxulu deyil. Əgər düyünlərdən ultrasəs müayinəsi zamanı şübhələniriksə, xəstəyə biopsiya məsləhət görürük.
– Xəstəlik hamiləlik dönəmində özünü göstərərsə, onda müalicə necə aparılır?

– Əgər xəstə hamiləlik dönəminə qədər qalxanvari vəzidə bir problemin olmasını dəqiq bilmirdisə, hamiləlik dönəmində o geniş araşdırılır, ultrasəs müayinəsi olunur və digər hormonlara baxılır. Əgər hamilələrdə qalxanvari vəzin xəstəliyi aşkarlanarsa, mütləq dərman müalicəsi başlamalıdır və doqquz ay müddətində dərman müalicəsi davam etməlidir. Hamiləlikdən sonra müayinə zamanı müalicənin davam edib- etməyəcəyi müəyyənləşir.

– Xəstəlik hansı yaş dönəmində özünü daha çox göstərir?

– Qalxanvari vəzin xəstəlikləri bütün yaş dönəmlərində görünə bilər. İstər yeni doğulmuş uşaqda istərsə də sonrakı yaş dövrlərində. Xəstəlik əsasən topuq testi ilə təyin olunur.

– Qalxanvari vəzin xəstəlikləri piylənməyə təsir edirmi?

– Əgər bir insanda kökəlmə, piylənmə gedirsə, bu zaman bütün hormonlar yoxlanılmalıdır: böyrəküstü vəzin hormonu, cinsiyyət vəzinin hormonu, qalxanabənzər vəzin hormonları, şəkərli diabetin olub-olmaması və digər yoxlanışlar. Piylənmə bunların hamısı ilə əlaqəli ola bilər. Yaxud da şəkərli diabetin ilkin mərhələsində insulin dirənci ilə də bağlı ola bilər. Endokrinologiya bütün hormonlarla məşğul olan bir sahədir.

– Xəstəlikdən qorunmaq üçün profilaktik tədbirlər hansılardır?

– Şüalanmadan qorunmalı, yerli-yersiz yod istifadə olunmamalı, yodlaşdırılmış duzlardan istifadə edilməlidir. Mikroelementlərin çatışmazlığına diqqət olunmalıdır.

– Qalxanvari vəzi xəstəlikləri daha çox hansı bölgələrimizdə geniş yayılıb?

– Şəki, Zaqatala, Qax, Naxçıvan, Tovuz, Qazax və Lənkəran tərəflərdə daha çox rast gəlinir. Məsələn, şimal tərəfdə daha əvvəllər də yod çatışmazlığı müşahidə olunub. Düzdür, hazırda qəbul etdiyimiz qidalar yodlaşdırılıb. Lakin genetik faktorlar da mühüm amildir. Ümumiyyətlə, zob genetik bir xəstəlikdir.

Aytac

TİA.Az