Əfvə hansı məşhurlar düşə bilər? – ömürlüklərin məsələsi də gündəmdədirbackend

Əfvə hansı məşhurlar düşə bilər? – ömürlüklərin məsələsi də gündəmdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zahid Oruc: “Ölkə rəhbəri cəmiyyətə humanizm təqdim edir”

Əfv Komissiyasının iclasları davam edir. Komissiyanın Novruz bayramına qədər işlərini yekunlaşdıra biləcəyi və sonunda əfv sərəncamının veriləcəyi deyilir.

Əfvlə bağlı müzakirələrdə siyahıda kimlərin ola biləcəyinə dair fikirlər səslənsə də, təbii ki, indidən kimsə bu barədə dəqiq heç nə deyə bilməz.

Amma ehtimallar səslənir ki, həbsdəki siyasi fəallar, tanınmışlar da azadlığa buraxıla bilər. Doğrudur, onlardan bir çoxunun hələ məhkəmə prosesləri başlamayıb, amma bununla belə, cəza alanlar da var. Məsələn, “Quska” ləqəbli Hüseyn Abdullayev,  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, MTN-in (indiki DTX) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, həmin qurumun Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev  və başqa məşhur simalar hələ həbsdə qalırlar.

Gedən müzakirələrdə üç ömürlük OMON-çu-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov da müzakirə edilir. 25 ildən artıqdır ki, cəza çəkən üç məhbusun da bu dəfə nəhayət azad olunacağına ümidlər böyükdür. Eyni zamanda 18 ilə yaxındır ki, ömürlük həbsə məhkum edilən, “Qarabağ partizanı” adı ilə məşhur olan Məmməd Məmmədovun da azadlığa çıxa biləcəyindən söz açılır.

Əfv Komissiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bir sıra vacib məqamlara toxundu: “Ötən on illər ərzində Azərbaycan dövlət idarəçiliyində oturuşmuş sistemlərdən biri də ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin adı ilə bağlı olan əfv, amnistiya qərarlarıdır. 90-cı illərdə məlum şərait fonunda cəmiyyət ictimai-siyasi baxımdan bir-biri ilə elə toqquşmuşdu ki, həbsxanalara məlum səbəbdən düşən xeyli məhbus var idi. 1995-ci ildən başlayaraq indiyə qədər 66 dəfə belə əfv qərarı verilib. Bu bəzən ildə iki dəfə belə addımların atılması deməkdir. Dövlət bir tərəfdən cinayət törədəni cəzalandırmağı konstitusion olaraq öz üzərində öhdəlik kimi saxlayırsa, digər yandan milli həmrəylik, barış hisslərinin genişlənməsi və güclənməsi, dövlət və vətəndaş münasibətlərinin fərqli bir səhnələrdən açılması, ilk dəfə cinayət törədənlərə təkrar ikinci şansın verilməsi mövqeyi tutulub. Həqiqətən də keçən dövr ərzində bu özünü sübut edib, cəmiyyət tərəfindən qəbul olunub, rəğbət qazanıb. Amma bununla yanaşı, açıq demək lazımdır ki, süni şəkildə bir neçə ildir ikinci bir platforma da formalaşdırılır. Dövlətin bu istiqamətdə gördüyü işlərin miqyasını kiçiltməyə cəhdlər olunur, yaxud da qeyd etdiyiniz məşhur və digər adlar üzərindən siyahılara qiymət vermək istəyirlər. Əgər onların müraciətlərində əsas prinsip insan hüquq və azadlıqlarıdırsa, konstitusiyada məhbusun birini digərindən fərqləndirməyin özü yanlış yanaşma olar”.

Zahid Oruc: “Hakimiyyət Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı  deyil”

Zahid Oruc

Deputat Əfv Komissiyasının iclaslarından da danışdı: “Komissiya sədri, hörmətli Samir Nuriyev tərəfindən hər bir üzvün mövqeyinə, təkliflərinə diqqətlə yanaşılır. Müzakirə edilən hər bir məhbusun işi ilə bağlı bütün məqamlar orada dəyərləndirilir. Burada da hər kəs öz iradəsi və sərbəst mövqeyi əsasında hərəkət edir. Müraciət edən məhkumun ailə həyatı, səhhəti, şəhid və ya qazi olan doğmalarının olması, dövlət və millət qarşısındakı xidmətləri, onunla bağlı rəy verən strukturların mövqeyi müzakirə edilir və sonunda rəy verilir. Məşhur adların əfv siyahısında olub-olmayacağına gəlincə, bunlar müraciətlərə baxılarkən meyar kimi seçilməyib. Əgər bu şəxslər törətdikləri əməllərdən peşmançılıq hissi keçirirlərsə, əfvetmə haqqında əsasnamənin normalarına uyğun müraciətlər ediblərsə, onun haqqında aidiyyəti orqanların verdiyi rəy müsbətdirsə, bunun əsasında hazırlanan rəy dövlət başçısına təqdim olunur. Bu, komissiyanın lehinə səs verdikləri şəxslərin azadlığa çıxması anlamına gəlməməlidir. Ölkə rəhbəri konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndinə əsasən bilavasitə imza atdığı halda dediyiniz addımlar atılmış olur. Müzakirələr hələ davam edəcək. Qarşıda daha çox insanların məsələlərinə baxılacaq. Əsasnamə tələb edir ki, bəzi məsələlər qapalı saxlanılsın. Hər bir insanın bu məsələdən gözləntisi var. Yekunda bir məsələyə toxunmağı çox vacib bilirəm. Əfv orada yalnız siyahıya düşən insanlar üçün deyil. Bu hamımız üçündür. Siyasi qurumlar, müxalifət düşərgəsi, üçüncü sektor təmsilçiləri, elə vətəndaşların özü də bu mesajı belə qarşılamalıyıq ki, ölkə rəhbəri cəmiyyətə humanizm təqdim edir. Hər birimiz öz hikkəmizdən kənara durub, qonşumuzu, qohumumuzu, rəqibimizi və digər cinah təmsilçilərini bağışlamağa qadirikmi? Əfv qərarından sonra Prezidentin ümummilli tədbirindən keçib gedərək bütün siyasi partiyalar, hərəkatlar özlərinə sual etməlidirlər ki, onlar kimi bağışlamağa qadirdirlər? Onlar kimləri mənəvi, siyasi olaraq əfv edirlər? Bunu onlardan soruşun. Əlbəttə, dediyimiz kimi, əfv etmə konstitusion hüquq kimi ölkənin birinci şəxsinə aiddir. İstənilən halda əfv sərəncamı ölkə başçısı tərəfindən imzalanana qədər hamımız gözləməliyik”.

Səidə Qocamanlı: Siyasi məhbuslarla bağlı yeni işçi qrup yaradılacaq  [Video-müsahibə]

Səidə Qocamanlı

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı: “Düşünürəm ki, bu əfv fərmanı əvvəlkilərdən kifayət qədər fərqlənəcək. Yəni daha geniş bir arealı əhatə edəcək. Hər halda, bunun üçün imkanlar da yaranıb. Bu imkanların ən gözəli, ürəkaçanı, möhtəşəmi bizim Qarabağı qaytarmağımız, müharibədə qalib gəlməyimizdir. Ona görə də, hesab edirəm ki, cəmiyyətdəki əmin-amanlığı, birliyi qorumaq üçün biz o humanist addımı atmalıyıq. Bir çox məhbus azadlığa buraxılmalıdır. Bilirəm ki, hazırda cəmiyyəti ən çox siyasi məhbuslar maraqlandırır. Amma bir şeyi unutmayaq ki, onlardan başqa həbsxanalarda digər çoxsaylı məhbuslar var və onları ailələri, övladları gözləyir. Onların da tezliklə azadlığa çıxması hər birimizin arzusudur. Gözəl qələbəmizi onlar da bizimlə birlikdə qeyd etsinlər. Hazırda Əfv Komissiyası çox çevik bir şəkildə işləyir. Bu baxımdan ümidliyik ki, bu əfv sərəncamı daha geniş olacaq. Bildiyimə görə, artıq hüquq müdafiəçiləri müxtəlif siyahılar təqdim ediblər. O siyahılar müxtəlif rəqəmlərdən ibarətdir. Kimi 130, kimi 150, kimisi də bundan yuxarı rəqəm verir. Biz öz siyahımızı ora təqdim etmişik. Siyahıda neçə məhbusun yer aldığını deməyəcəm. İstəmirəm ki, cəmiyyətdə hansısa əks-səda yaransın. Amma çox ümid edirəm ki, bizim siyahıda olanların hamısı azadlığa buraxılacaq. Kimdir onlar? Onların arasında siyasi partiyaların üzvləri, blogerlər, jurnalistlər, ”Nardaran işi” üzrə həbs olunanlar, dindarlar var. Kateqoriyaları nəzərə alaraq, siyahımızı tərtib etmişik. Hər halda, ümid edirəm ki, Novruz bayramında xeyli ailələr sevinəcək, o cümlədən bizim siyahıda olanların ailələri. Amma deyə bilmərəm ki, cəmiyyət arasında müzakirə edilən məşhur simalardan kimlər buraxıla bilər. Bu, Prezidentin səlahiyyətində olan işdir. Ölkə başçısı əgər onların azadlığa buraxılmasını məqsədəuyğun saysa, əlbəttə, bu olacaq. Digər tərəfdən, istəməzdim ki, həbsdə olanları kateqoriyalara bölək. Onlar hamısı indi həbsdədir”.

Hüquq müdafiəçisi bir məsələ ilə bağlı narahatlığını xüsusi olaraq ifadə etdi: “Ömürlük məhbusların bəziləri ilə bağlı məsələ hər birimizi narahat edir. Həbsxanada qalan ömürlüklərdən elələri var ki, 1995-96-cı illərdə həbs olunublar. Onların içərisində OMON-çular, çox ağır xəstə olanları var. Onlarla bağlı biz ayrıca müraciət edəcəyik. Ən qatı cinayətkarlar haqqında deyə bilmərəm, amma hər halda I Qarabağ müharibəsində iştirak edən, Vətən uğrunda canını fəda etməkdən qaçmayan insanların azadlığa buraxılması çox vacibdir”.