“Əfqanıstan ordusu döyüşmək istəmədi, liderlər təslim oldu” – ABŞ Prezidentibackend

“Əfqanıstan ordusu döyüşmək istəmədi, liderlər təslim oldu” – ABŞ Prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatların Prezidenti Co Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını qətiyyətlə müdafiə edib və qoşunların xaotik şəkildə çıxarılması ilə bağlı ABŞ-ın ünvanına olan geniş tənqidləri rədd edib.

“Röyters” agentliyinin məlumatına görə, Bayden avqustun 16-da bildirib ki, Birləşmiş Ştatların missiyası heç vaxt dövlət quruculuğu olmamalıdır. O, Əfqanıstan ordusunu yaraqlılarla vuruşmaq istəməməkdə günahalandırıb. “Qərarımın tam arxasında dururam. 20 illik təcrübəmdən əmin oldum ki, ABŞ ordusunu çıxarmaq üçün heç vaxt yaxşı məqam olmayıb”, – Bayden televiziya ilə müraciətində vurğulayıb.

“Röyters”-in yazdığına görə, ABŞ Prezidenti deyib ki, həqiqət budur, bütün bunlar düşündüyümüzdən daha sürətli baş verdi. Əfqanıstanın siyasi liderləri təslim olaraq ölkədən qaçıblar. Əfqanıstan hərbçiləri döyüşə cəhd etmədən belə təslim ollublar.

Bayden qeyd edib ki, Əfqanıstan qüvvələri özləri uğrunda mübarizə aparmaq istəmədikləri bir halda, ABŞ ordusu orda müharibə aparıb ölməməlidir. Bayden bildirib ki, ABŞ-ın Əfqanıstanda milli maraqları, əsasən, ABŞ-a xaricdən terror hücumlarının qarşısını almaqdan ibarət olub.

ABŞ Prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar Əfqanıstan ordusunu olduqca yaxşı təhciz etmişdi, bu ordu Amerikanın bəzi NATO müttəfiqlərindən daha çox sayda və daha yaxşı şəkildə təchiz olunmuşdu.

Co Bayden daha sonra “Taliban” hərəkatına da xəbərdarlıq edib, bildirib ki, ABŞ ordusunun çıxarılması prosesi maneəsiz keçməlidir, əks halda dağıdıcı güclə üzləşəcəklər. Qeyd edək ki, “Taliban” hərəkatının yaraqlıları avqustun 15-də Əfqanıstanın paytaxtı Kabili də zəbt ediblər. Beləliklə, demək olar ki, Kabil hava limanını çıxmaq şərtilə indi bütün ölkə ərazisi onların nəzarətinə keçib. ABŞ və digər ölkələr Kabildəki diplomatik missiyalarının əməkdaşlarını çıxarmağa başlayıblar. Bu prosesi təmin etmək üçün hava limanına hazırda orda qalan beynəlxalq koalisiya qüvvələri nəzarət edir.

Qeyd edək ki, bütün bunlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etdikdən sonra baş verib.