Əfqanıstan müharibəsində əfsanəvi “9-cu rota” – 400 mücahidi məhv edən 39 desantbackend

Əfqanıstan müharibəsində əfsanəvi “9-cu rota” – 400 mücahidi məhv edən 39 desant

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 illik (1979-1989) Əfqanıstan müharibəsinin sonuncu ən irimiqyaslı əməliyyatlarından biri “Magistral” adlanıb ki, bu əməliyyat 48 gün davam edib. Əməliyyat Əfqanıstanın Host əyalətində keçirilib.

Əfqan mücahidləri Hostu tam nəzarətə götürmək üçün ilk növbədə əyalətin giriş magistral  yollarını ələ keçiriblər. Yollar və yollardan kənar yuxarı dağlıq ərazilər minalanıb, həmçinin əsas gediş-gəlişi kəsmək üçün bir sıra yollar tam dağıdılıb. Bununla yanaşı əraziyə əlavə döyüşçü qüvvələri cəlb edilib, əyalətdə yaşayan əfqanlar qorxu içində saxlanılıb, müqavmət göstərənlər isə yerindəcə məhv edilib. Əyalətdəki hökumət qüvvələrinə qarşı xüsusi hücum planları hazırlanıb. Ən başlıcası isə Hostun yanacaq, ərzaq və Əfqanıstan hökumətnin ordusu üçün silah-sursat təminatına yolları bağlamaqla əngəllik yaradılıb.

“Magistral” əməliyyatının planı 14 gün ərzində hazırlanıb və Moskvada, Baş Qərargahda təsdiqlənib. Əməliyyatın keçirilməsi ordu generalı Valentin Varennikova və 40-cı ordunun Əfqanıstandakı sonuncu komandanı general-leytenant Boris Qromova həvalə olunub.

“Magistral” əməliyyatının keçirilməsi nə qədər məxfi saxlanılsa da əfqan mücahidləri sovet qoşunlarının planlarından xəbərdar olublar. Qabaqlayıcı tədbir kimi mücahidlərin səhra komandirləri əraziyə 76 silahlı dəstə yerləşdiriblər. Mücahidlər tərəfindən əks əməliyyata səhra komandiri Cəlaləddin Həkkani başçılıq edib.

Sovet qoşunlarının qarşısına qoyulan əsas vəzifə Hostu mühasirədən çıxarmaq olub. Əməliyyata hava-desant, artilleriya, tank, piyada, kəşfiyyat, aviasiya qoşunlarının hərbi hissələri cəlb ediliblər. Əməliyyat zamanı 300-dən artıq zirehli texnikadan istifadə edilib.

48 gün davam edən hərbi əməliyyatda sovet qoşunları qarşıya qoyulan vəzifələri icra edə bilib. Host mühasirədən azad olunub, əyalətə gələn yollar mücahidlərin nəzarətindən çıxarılıb. Bununla yanaşı, çoxsaylı əfqan mücahidləri və onlara məxsus olan silah-sursat, anbarlar məhv edilib. Boris Qromov sonralar bu əməliyyatı qısa olaraq aşağıdakı kimi xarakterizə edib:

“Biz öz hədəfimizə yetişdik, qarşımıza qoyulan vəzifəni icra etdik. “Magistral”ı Əfqanıstan müharibəsində ən uğurlu əməliyyatlardan biri saymaq olar. Qarşı tərəfin həm canlı qüvvəsi, həm də texnikası böyük itkilərə məruz qaldı və onlar geri çəkilməyə məcbur oldular. Əyaləti mücahidlərin nəzarətindən çıxarıb Əfqanıstan hökumətinə təhvil verdik. Tərəfimizdən keçirilən bu cür əməliyyat əfqan mücahidləri üçün gözlənilməz idi…”

Uğurlu əməliyyata görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 5 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onların arasında ordu generalı Valentin Varennikov, general-leytenant Boris Qromov və sonralar Rusiya Federasiyasının müdafiə naziri olan Pavel Qraçov da olub.

“Magistral” əməliyyatı həm də “9-cu rota” ilə yadda qalıb. Ərazidə strateji mövqe sayılan “3234” adlı yüksəklik uğrunda 1988-ci ilin yanvarın 7-də və 8-də qanlı döyüşlər gedib. Döyüşlər çətin dağlıq şəraitində, aramsız olaraq 12 saat davam edib.

Tərəflərin qüvvələri qeyri-bərabər olub. Yüksəklik uğrunda sovet qoşunları tərəfindən 9-cu paraşüt-desant “rota”sı mübarizə aparıb. Bölükdə 39 desant olub. Mücahidlərin sayı isə təxminən 400-ə çatıb. 12 saat davam edən döyüşdə tərəflər 9 dəfə üzbəüz mübarizə aparıblar. Sovet hərbçiləri ilə mücahidlərin arasındakı məsafə 50 metrdən az olub. Desantlar mücahidlərin yüksəkliyi tutmasına imkan verməyiblər. Mücahidlər 200-dən artıq itki verdikdən sonra geri çəkilməyə məcbur olublar. Desantlardan 6 nəfər həlak olub, 28 nəfər isə ağır yaralanıb.

Göstərdikləri qəhrəmanlıq  və şücaətə görə əməliyyatda iştirak edən 39 desantın hamısı ən yüksək dövlət mükafatlarına layiq görülüb. İki nəfərə isə Sovet İttifaqı qəhrəmanı adı verilib.

“Əfsanəvi rota” adını alan 9-cu paraşüt-desant bölüyü haqqında 2005-ci ildə “9-cu rota” adlı film çəkilib. Film Moskvada, Krımda və Özbəkistanda lentə alınıb. “9-cu rota”-nın çəkilməsinə 10 milyon dollara yaxın vəsait sərf edilib. Filmin nümayişindən əldə olunan gəlir isə 25 milyon dolları keçib. Filmdə ən “bahalı” səhnə təyyarənin partladılması səhnəsidir ki, bu səhnəyə 450 min dollar xərclənib. Film dünyanın bir çox ölkələrində nümayiş olunub. Böyük tamaşaçı auditoriyası qazanan “9-cu rota” bir çox beynəlxalq festivallarda mükafatçılar sırasında yer alıb.  Filmin rejissoru Fyodor Bondarçuk, senari müəllifi yazıçı və kinorejissor Yuri Korotkovdur.

“9-cu rota” haqqında yüzlərlə məqalələr yazılıb, bir neçə kitab çap olunub, mahnılar bəstələnib.

İlham Cəmiloğlu