ƏƏSMN daha bir qazini intihar həddinə çatdırıbbackend

ƏƏSMN daha bir qazini intihar həddinə çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ qazisi 1971-ci il təvəllüdlü Əzimov Afiq Əlisahib oğlu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevə əlillik pensiyasının dayandırılması ilə bağlı müraciət ünvanlayıb
TİA.AZ xəbər verir ki, Milli Cəbhə Partiyasından Cebhe.info-ya verilən xəbərə görə, müraciətdə deyilir:

“Mən, Əzimov Afiq Əlisahib oğlu hərbi xidmətimi Sovet İttifaqıda başa vurduqdan (1989-1991) sonra vətənə qayıtdım. 1992-ci ildə məlum vəziyyətlə əlaqədar yenidən hərbi xidmətə çağırıldım. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişəm. İki dəfə ağır yaralanmışam. Axırıncı dəfə 1994-cü il mayın 5-də yaralanmışam.

Mənə “hər iki aşağı ətrafın, kürəyin, sağ çiynin, xayanın, aralığın çox saylı fəsadlaşmış kor qəlpə yaraları, xayanın hematoması və baş beyin əzilməsi (kontuziya)” diaqnozu qoyulub. Bu diaqnoz Azərbaycan Respublikasının Prezidentinə ünvanladığım məktubumun Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmış və mənə göndərilmiş (№1539) cavab məktubunda öz əksini tapıb. (20.09.2021) Səhhətimdə əmələ gələn problemlərlə əlaqədar mənə 27 yanvar 2009-cu ildə əlillik təyin olunub, Qarabağ əlili kimi pensiya və Prezident təqaüdü almışam. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənim pensiya və təqaüdümün verilməsini bu ilin fevral ayından dayandırıb”.

Qarabağ müharibəsi iştirakçısı məktubunda qeyd edib ki, növbəti müayinədə ona artıq sağaldığını deyiblər:

“Mənə “artıq sağalmısan, bizdən bu qədər, işlə, özünü dolandır” deyiblər. Mən bilmirəm bu necə yanaşmadır? Güllə yarası sağala bilər, amma kontuziya nə vaxtdan sağalan xəstəlik olub? Aldığım kontuziya ilə əlaqədar həmişə səhhətimdə problemlər olur. Hər gün sakitləşdirici dərmanlar qəbul etməsəm yaşaya bilmərəm. Mən artıq depresiyaya düşmüşəm, intihar həddinə çatmışam və intihar haqqında düşünürəm. Dəfələrlə buna cəhd eləsəm də qarşısı alınıb. Döyüş vaxtı erməni iştirakçılarına qarşı kişi kimi döyüşdük, ac-susuz günlərimiz də oldu sınmadıq, ancaq Tibbi-Sosial Ekspert Komissiyası bizi sındırdı”.

Müharibə iştirakçısı Əzimov Afiq milli məclisin deputatından kömək istəyib:

“Hörmətli Razi müəllim, haqqı və hüquqi tapdalanmış bir Qarabağ qazisinin əlillik dərəcəsinin qaytarılmasına köməklik göstərməsini sizdən xahiş edirəm. Ümid edirəm ki, haqq yerini tapar. Əks təqdirdə mən bu həyatla vidalaşmalı olacam. Sizdən bir qazinin həyatda qalması üçün cavabdeh qurumlarda problemin ədalətli həll olunmasına köməklik göstərməyinizi çox xahiş edirəm. Sizə əvvəlcədən öz təşəkkürümü bildirirəm”.