“ƏDV geri al” mexanizminə dəyişiklik: Ödədiyinin daha çoxunu geri almaq istəyən…backend

“ƏDV geri al” mexanizminə dəyişiklik: Ödədiyinin daha çoxunu geri almaq istəyən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminə gələn ildən dəyişiklik ediləcəyi gözlənilir. Dəyişikliyə əsasən, nağd qaydada ödənişlər üzrə faiz dərəcəsi 2 dəfə azaldılaraq 10 faizdən 5 faizə endirilir. Nağdsız qaydada ödənişlərdə isə 15 faizdən 20 faizə yüksəldilir.

Dəyişikliyin nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıdığı bildirilir. Mexanizm hazırda da bu məqsədə xidmət edir, nağd və nağdsız ödənişlər arasında faiz fərqi bunun göstəricisidir. Hesab edilir ki, ödədiyi ƏDV-nin daha çox hissəsini geri almaq istəyən şəxs nağdsız ödənişə üz tutacaq. Əks təqdirdə, geri ödənilən məbləğ əvvəlkindən iki dəfə az olacaq. Lakin kartdan ancaq vəsaitlərini nağdlaşdırmaq üçün istifadə edənlərin və gəlirləri leqal olmayanların sayı da az deyil. ƏDV-nin daha çox hissəsini geri əldə etməyin onları nağdsız ödənişlərə nə dərəcədə sövq edəcəyi sual altındadır.

ƏDV dolayı vergi olmaqla məhsul və ya xidmətin qiymətinə əlavə olunur. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcminin azalmasına səbəb olursa, ƏDV  müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, istehlakçı tərəfindən məhsulun və xidmətin qiymətində ödənilir. Lakin ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılması kassa çeklərinin tələb edilməsinə və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarır. Kölgə iqtisadiyyatı ilə effektiv mübarizə üsullarından olan “ƏDV geri al” layihəsi sayəsində  tətbiq edildiyi subyektlərin real satış dövriyyələrini üzə çıxarmaqla onların vergidən yayınmalarını çətinləşdirir. Bu baxımdan qeyri-neft sektorundan vergi daxilolmalarının artmasında “ƏDV geri al” layihəsinin də rolu az deyil.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, “kölgə iqtisadiyyatı” ilə mübarizədə sistemli addımlardan biri onlayn kassaların tətbiqi və paralel olaraq “ƏDV geri al” proqramının işə salınmasıdır: “Sir deyil ki, ticarət, ictimai-iaşə,xidmətlər kimi sektorlarda kölgə iqtisadiyyatının həcmi, yəni dövriyyənin yayındırılması çox geniş vüsət almış hal idi. Həyata keçirilən tədbirlər nəticəsində bir tərəfdən sahibkarlar üçün ağrısız keçən müddətdə və alternativli, rəqabətli bazarda seçim imkanları ilə, digər tərəfdən böyük məmnuniyyətlə iştirak etdiyi həmin “ƏDV geri al” layihəsinin nəticəsində biz bu gün ticarət, xidmət, iaşə sahələrində dövriyyə şəffaflaşdırılmasını, rəqabətin bərqərar olmasını görürük”.

M. Cabbarov vurğulayıb ki, bu ilin 6 ayında Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artıb: “Ümumilikdə bu ilin 6 ayında qeyri-neft sektorundan vergi daxilolmaları 2017-2018-ci illərdəki vergi daxilolmalarının həcminə bərabərdir. Bu, özlüyündə həmin sahədə aparılan işin potensialını əks etdirir”.

Bunun qarşılığında  “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2020-ci ilin may ayından  bu il iyulun 1-nə qədər istehlakçılara 651 001 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox,  o cümlədən bu ilin yanvar-iyun aylarında 222 747 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Ancaq  o da məlumdur ki, bu ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmır. Görünən odur ki, bu sahədə ƏDV-nin bir hissəsini geri qaytarmağa ehtiyac yoxdur. Çünki bu dövriyyələrin şəffaflaşması prosesi başa çatıb.