Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü:“SİYASİ BARIŞ ÜÇÜN FƏALLIĞIMIZI ARTIRACAĞIQ” – Müsahibəbackend

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü:“SİYASİ BARIŞ ÜÇÜN FƏALLIĞIMIZI ARTIRACAĞIQ” – Müsahibə

Azərbaycan hakimiyyətinin ölkə müxalifətiylə yeni münasibətlər qurmağa çalışdığı bir ərəfədə diqqətçəkən addımlardan birini bugünlərdə Ədalət Partiyasının sədri İlyas İsmayılov atdı. O, uzun illər Ədalət Partiyasında fəallığı ilə seçilən, ancaq sonradan partiyadan uzaqlaşmış tanınmış jurnalist, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlünü gözlənilmədən özünün siyasi məsələlər üzrə müavini təyin etdi. Bəs, bu təyinat hansı zərurətdən irəli gəlib? Elxan Şükürlünün “Ədalət”ə qayıdışı partiyanın yeni dövrdəki fəliyyətinə hansısa yeniliklər gətirəcəkmi?

Modern.az-ın bu mövzuda suallarını Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü cavablandırır:

– Elxan bəy, Ədalət Partiyasına qayıdışınız biz jurnalistlər üçün gözlənilməz oldu. Çünki Sizin adınız son vaxtlar daha çox ölkənin media siyasətində başlayan dəyişikliklər prosesində media ilə bağlı qurumlarda yer alacaq isimlərdən biri olaraq çəkilirdi. Maraqlıdır, nə baş verdi ki, qəfildən siyasətə qayıtmaq qərarı verdiniz? Təklif Ədalət Partiyasından oldu, yoxsa öz təşəbbüsünüzdür?

– Ədalət Partiyasına qayıtmağım gözlənilməz deyildi. Çünki hələ 9 il əvvəl – 2011-ci ildə bu partiyadan istefa verəndə bildirmişdim ki, partiyadan getməyim siyasətdən getməyim deyil. Çünki mən partiyaya mətbuatdan – siyasi jurnalistikadan gəlmişdim və partiyadan istefa verdikdən sonra da mətbuata qayıdırdım…

Azərbaycanda son 30 ilin bütün siyasi oyunları, ssenariləri ya birbaşa, ya da dolayısı ilə siyasiləşmiş mətbuat üzərindən qurulduğundan, əslində, partiyada olduğum illərdə mətbuatdan, mətbuatda olduğum illərdə də siyasətdən kənar durmamışam, əksinə, istəyərəkdən və istəməyərəkdən bir çox hadisələrin, olayların içində yer almışam, müşahidəçisi olmuşam. Belə demək mümkünsə, hər şey gözlərim önündə baş verib: mənim 44 illik ömrümün tən yarısı – düz, 22 ili birbaşa siyasi partiyalarla, mətbuatla keçib. Ona görə də bizim kimi adamların hansısa partiyada təmsilçiliyi təəccüb yaratmamalıdır.

Bir də nəzərə alın ki, Azərbaycan reallığında tez-tez rast gəlinən “qalmaqalı istefalar”dan fərqli olaraq, mən “Ədalət”dən aralanandan sonra bu partiyanın sədri hörmətli İlyas müəllimlə və partiya rəhbərliyinə daxil olan əksəriyyətlə şəxsi münasibətlərimizin pozulmasına, korlanmasına da heç vaxt yol verməmişik. Baxmayaraq ki, bunu o vaxt çoxları istəyirdi, hətta israrla buna çalışırıdılar da. Ancaq İlyas müəllimin zəngin həyat təcrübəsi o vaxt belə bir qalmaqalın yaşanmasının qarşısını aldı və biz bu 9 il ərzində şəxsi münasibətlərimizi, qarşılıqlı hörməti qoruyub saxlamağı bacardıq. Aradan ötən bu illər partiyada hər kəsi bir-birinə tanıtmaq və kimin nəyə qadir olduğunu isbat etməklə yanaşı, həm də bir-birimizə olan qarşılıqlı ehtiyacı, səmimi duyğuları hamımıza hiss etdirdi. Hamımız çox tezliklə anladıq ki, tale bizi bir yolda yoldaş edibsə, gərək, o yola, o missiyaya xatir, yol yoldaşının xasiyyətinə də dözəsən… Bilirsiniz, hər adamla yola çıxmaq olmur, hər adam yoldaşlıq edə bilmir, siyasi mübarizədə isə bu, daha çətin olur – müxtəlif xarakterli insanlar və hər birinin də öz maraqları var. Gərək, onları nəzərə alasan, uzlaşdıra biləsən. Yaşımız artdıqca, təcrübəmiz çoxaldıqca, bunu daha yaxşı görür, həm özümüzü, həm də dostlarımızı, yol yoldaşlarımızı daha yaxşı tanıyırıq… Odur ki, İlyas müəllimin son bir neçə aydakı israrlı təklif və tövsiyələrini bir daha dərindən götür-qoy edərək və mənə olan etibarını, inamını da yüksək qiymətləndirərək, Ədalət Partiyasına qayıtmaq qərarı verdim. İlyas müəllim mənim uğurumu istəyən müdrik adamdır. Müdrik adamların məsləhətini dinləməyənlər isə axmaqlar və cahilllər olar.

– Facebook-da partiyaya qayıdışınıza verilən reaksiyalara baxdım, xeyli dəstək gördüm. Heç yüksək dövlət vəzifəsinə təyin ediləni bu qədər təbrik etmirlər. Sizin partiyaya qayıtmanızı təqdir edənlər sırasında isə ən müxtəlif siyasi cinahların adamları var. Heç maraqlı gəldimi ki, niyə insanlar Sizi məhz müxalif mövqeli partiyada görmək istəyirlər? Bu, özünüzə, keçmişinizə münasibətdən qaynaqlanır, yoxsa adamlarımızda artıq siyasətə, partiyalılığa maraq artıb?

– Hər ikisi var. Əksəriyyəti tanıdığım və məni də yaxından tanıyan adamlardır. Onlar hətta çox kiçik bir uğuruma da sevinirlər və bu, məni də çox məmnun edir. Çünki cəmiyyətin səni tanıyan, xüsusən də sağlam kəsiminin sənin addımlarına, fəaliyyətinə hansı reaksiyanı verdiyini bilmək çox vacibdir. Bu, ağlı başında olan bir adama özünü tarazlı vəziyyətdə saxlamaq üçün çox gərəklidir. Təbii ki, pis adamın uğurunu istəməzlər. İnsanlar hətta hansısa müxalifət partiyasında bir post tutmağına bu cür sevinirlərsə, demək ki, sənə ümid bəsləyirlər, səndən gözləntiləri var. Bu isə sənin üzərinə əlavə məsuliyyət qoyur.

Bilirsiniz, mənim nəzərimdə insanların ümid və inamını doğrultmamağın özü də bir növ cinayətdir və sən buna görə mütləq böyük məsuliyyət daşıyırsan. Adamlar sənə inanır, etibar edir, ümid bəsləyirlər və sən də hansısa maraqların üçün o inamdan bəhrələnirsən, sonra da bəlli olur ki, ümidləri doğrultmursan. Nəticədə, ümid qatilinə çevrilirsən, insanları kütləvi şəkildə etibarsızlaşdırır, inamsızlaşdırır və sarsıdırsan.

Təəssüf ki, bizdə uzun illər əksər partiya sədrləri, liderlər fəaliyyətləriylə elə “ümid qatilləri”nə çevrilblər. Axı, insanları inamına və etibarına görə mühakimə etmək olmaz. Ancaq inamdan və etibardan sui-istifadənin hüquqda bir adı var: dələduzluq! Bizdə də bir çox partiya sədri, faktiki olaraq, siyasi dələduzluqla məşğul olub və nəticədə də, adamlarımızın siyasətə, siyasi proseslərə marağı itib, liderlərə güvənsizlik əmələ gəlib. Ona görə də əhalinin müəyyən təbəqəsində hakimiyyətdən narazılıq olsa da, gedib hansısa konkret bir liderin arxasında təşkilatlanıb toparlanmırlar.

– Ancaq müxalifət liderləri iddia edirlər ki, onlar üzərlərinə düşəni edirlər, sadəcə hakimiyyət onlara normal siyasi mübarizə üçün şərait yaratmır, zorakı davranır…

– Ciddi arqument deyil. Bizim kimi demokratik idarəçilik və siyasi mübarizə təcrübəsi, həmçinin demokratik şüur səviyyəsi yüksək olmayan hansı ölkədə hakimiyyət rəqiblərinə şərait yaradır ki, gəl, məni rahatca yıx, yerimə keç və məni mühakimə et?! Müxalifətin əsas vəzifəsi təkcə hakimiyyətə alternativ olduğunu iddia edib evdə yatmaq deyil ki… Ən əlverişsz şəraitdə belə, uduşlu bir variantı tapmağı bacarmalısan. Bacaramırsansa, kənara çəkilməli, bacaranları tapıb ortya çıxarmalı, onlara dəstək verməlisən, daha yükə, yolda maneəyə çevrilməməlisən…

– Necə hesab edirsiniz, Sizin Ədalət Partiyasına qayıdışınız partiyanıza, bax, elə bu dediyiniz yöndə hansısa yeniliklər gətirəcəkmi?

– Mən Ədalət Partiyasına yenilik etməyə yox, bütövlükdə müxalifət düşərgəsində yenilik etmək potensialına sahib İlyas müəllimə kömək etməyə gəlmişəm. Son bir neçə il çoxlarına sübut etdi ki, bu müxalifət liderləri içərisində ən doğru mövqeni İlyas müəllim tutub – hüquq və əxlaq çərçivəsində hakimiyyətin də çatışmazlıqlarını deyib, müxalifətin də. Hər ikisiylə münasibətdə də həmişə eyni məsafəni qoruyub saxlayıb. Ancaq nə hakimiyyət onun potensialından yararlana bilib, nə də müxalifət. Halbuki, müxalifət üçün ən uduşlu variantlardan biri bu idi ki, zəngin həyat və dövlətçilik təcrübəsinə malik, uzun illər yüksək dövlət vəzifələrində işləsə də öz təmiz adını həmişə qoruyub saxlayan və ölkənin problemlərinin həllinə baxışda da fundamental elmi yanaşmaları olan İlyas İsmayılov kimi ağsaqqal bir lideri, alimi önə verib, onun ətrafında sıx birləşsinlər.

Eyni qaydada, müxalifətlə dialoq və siyasi islahatlar istəyində olan hakimiyyət üçün də ən uduşlu variantlardan biri o idi ki,  İlyas müəllimin ağsaqqallıq statusundan yararlanıb, belə adamlar vasitəsiylə səmimi şəkildə cəmiyyətə açılsınlar, ölkədə siyasi barış mühiti yaratsınlar. Unutmayaq ki, İlyas müəllim, rəhmətlik Heydər Əliyevdən sonra SSRİ miqyasında tanınan və yüksək dövlət vəzifələrinə öz gücüylə qalxan ikinci nüfuzlu azərbaycanlı olub. Həm sovetlərin şinelindən çıxmış nəsil, həm də müstəqillik dövrünün adamları onu dürüst, savadlı və tamahsız adam kimi tanıyıblar. 82 yaşlı adam gəlib bundan sonra korrupsiyayla və ya hansısa neqtiv fəaiyyətlə məşğul olmayacaqdı ki… Onun üçün ömrünün zirvəsində ölkəsinin, millətinin maraqları üçün çalışmaq bir nömrəli vəzifə olacaqdı və bundan da hamımız – iqtidar da, müxalifət də, bütövlükdə cəmiyyətimiz də udacaqdı…

Mən hesab edirəm ki, İlyas müəllim bu potensialını hələ də qoruyub saxlayır və biz bu istiqamətdə, xüsusən də cəmiyyətimizdə daha çox ehtiyac duyulan böyük siyasi barışa nail olmaq yönündə fəallığımızı xeyli artıracağıq. Təyinatımdan əvvəl İlyas müəllimlə geniş söhbət etmişik. Mənə cızdığı, göstərdiyi yol da, verdiyi tapşırıqlar da bu yöndədir – cəmiyyətə barış gətirəcək orta yolu tutmaq və milli maraqlarımızın qorunmasında üzərimizə düşən bütün vəzifələri də ləyaqətlə yerinə yetirmək!

– Elxan bəy, son zamanlar Prezident Administrasiyasında siyasi partiya rəhbərləriylə dialoq başlayıb və bu diloqun nəticəsi olaraq, bir neçə partiya da dövlət qeydiyyatına alınıb. Hazırda təkliflər var ki, fəaliyyətsizliyi ilə seçilən partiyaların qeydiyyatı ləğv edilsin. Deməli, bu vəziyyət siyasi partiyaların fəllığını artıracaq, rəqbət mühitini canlandıracaq. Ədalət Partiyası bu rəqabətə özünü hazır sayırmı?

– Prezident Administrasiyasında siyasi partiyalar və mətbuatla məşğul olan əvvəlki rəhbərliyin fəaliyyətinin nəticələri ortadadır: ölkənin içində hər iki sektor dağıdılıb və çökdürülüb, bu səbəbdən də xarici güclərin maraqlarına xidmət edən siyasi təşkilatlar və media indi ictimai-siyasi həyatımıza daha ciddi nüfuz etməyə başlayıb. Bunu məqsədli ediblər, yoxsa səriştəsizlikdən – bu, artıq dövlətin xüsusi xidmət qurumlarının işidir. Qoy, zəhmət çəkib araşdırsınlar, görək, ölkənin ictimai-siyasi sektorunu niyə, hansı maraqlar naminə bu kökə salıblar?! Araşdırıb, həm cəmiyyətə hesabat vermək, həm də təqsirkarları cəzalandırmaq lazımdır ki, hamıya dərs olsun…

Qaldı, yeni şöbə müdiri Ədalət Vəliyevin ölkə Prezidentini adından partiya sədrləriylə görüşlərinə, mən buna çox müsbət baxıram. Çünki bir çox problemlər elə adamlarla zamanında görüşməməkdən, təkəbbürdən və yekəxanalıqdan qaynaqlanıb. Nəticədə siyasi münasibətlərdə çatlar və məsafə böyüyüb, dərinləşib və kəskin düşmənçiliyə keçib. Adamları zamanında dinləmək, eşitmək lazımdır ki, istəklərini biləsən və problemləri də zamanında həll edəsən…

Düzünü bilmək istəyirsinizsə, peşəkarlığın artırılması üçün ölkədəki siyasi partiyaların və mətbuatın sayının azaldılmasının və aralarında ciddi rəqbət mühitinin yaradılmasının əsas təşəbbüskarlarından biri elə mən özüməm. Əli Həsənovun vaxtında “müxalifəti dağıdırıq” adıyla o qədər yaramaz və alçaq adamları “partiya sədri”, “baş redaktor” eləyiblər ki, indi bütün cəmiyyətimiz bu “bulaşmış çoxluq”dan əziyyət çəkir. Zamanında anlamadılar ki, siyasi partiya sədri postu tutmaq prezidentlik iddiası ortaya qoymaq deməkdir, prezidentlik institutunu da hörmətdən salmaq olmazdı. Özünü, ailəsini idarə edən bilməyən, hər hansı dəyər, keyfiyyət daşıyıcısı olmayan, küçə uşağı səviyyəsində neçəsini “partiya sədri” etdilər, hətta utanmadan bəzilərini prezidentliyə namizəd kimi bəzəyib xalq qarşısına da çıxardılar. İndi də hər yerindən qalxan hesab edir ki, elə bir yaramazlar deputat, prezidentliyə namizəd ola bilirsə, o niyə də partiya sədri, deputat, prezidentliyə namizəd olmasın ki?! Siyasi mühit təmizlənməlidir bu zir-zibildən, normal siyasi mühit, sağlam iqtidar-müxalifət münasibətləri və sivil rəqabət imkanları yaradılmalıdır.

– Dialoqdan söz düşmüşkən, bəzi müxalifət partiyaları bundan imtina edirlər, dialoqa gedənləri də hakimiyyətin əlinə oynamaqda suçlayırlar… İndi Siz də dialoqu müdafiə edəcəksinizsə, eyni ittihamların Sizə qarşı da yönələcəyindən narahat deyilsiniz?

– Qətiyyən! Əvvəla, elə bir siyasi təşkilat tanımıram ki, bizi ittiham etməyə mənəvi haqqı olsun! İkincisi də, hər ittihamdan, şantajdan qorxub doğru bildiyin mövqedən çəkiləcəksənsə, səndən nə siyasətçi olar, nə döyüşçü, nə idarəedici!

Dünyada və regionda gedən prosesləri, yaxın sərhədlərimizdə baş verənləri izləyən ağıllı adamların hamısı başa düşür ki, siyasi dialoq bu gün Azərbaycanı gözləyən təhlükələrdən qorumaqda və ölkənin qarşısında duran problemlərin həllində əsas yollardan biridir.

Fikir verirsinizsə, hakimiyyətlə dialoqa qarşı da o adamlar çıxırlar ki, onların ya kökü gedib hansısa xarici xüsusui xidmət orqanlarına bağlanır, ya da sadəcə öz xırda siyasi maraqları üçün prosesi pozmağa çalışırlar, cəmiyyətdə birliyin, həmrəyliyin olmasını istəmirələr.

Ölkəsinin taleyini, əhalisinin maraqlarını düşünən istənilən siyasi qüvvə bu dialoqda maraqlı olmalı və dövlətin uzatdığı əli də ləyaqətlə sıxmalıdır. Dövlətin uzatdığı əli sıxmazsan, geri çevirərsənsə və gözün də başqa qapılarda qalarsa, dövlət də burada başqa maraqların olduğu qənaətinə gələr və sənə öz sərt üzünü göstərər. Özünə hörmət qoyan istənilən müxalif qüvvə, məncə, bunu nəzərə almalı və yaxşıca düşünməlidir.

Söhbətləşdi: Aysel ASLAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki