Əbədi Vətənin keşiyində: Çanaqqala döyüşündən 106 il keçir-FOTObackend

Əbədi Vətənin keşiyində: Çanaqqala döyüşündən 106 il keçir-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düz 106 il əvvəlin bu günü müasir Türkiyənin tarixinə ən əhəmiyyətli günlərdən biri kimi düşüb – Çanaqqalada həlledici döyüş baş tutub.

İrimiqyaslı hərbi əməliyyat Uinston Çörçillin təşəbbüsü ilə Antanta ölkələri tərəfindən başladılmışdı. Əsas məqsəd Osmanlı İmperiyasının paytaxtı – İstanbulu ələ keçirmək və Rusiyaya dəniz yolunu açmaq idi.

İstanbulun süqutu təkcə Osmanlı İmperiyasının süqutu yox, həm də Türk dövlətçiliyinin itirilməsi olacaqdı. Bunu anlayan türklər həlledici döyüşə ciddi hazırlaşdılar və düşmən qüvvələrini dəf etdilər. Gelibolu yarımadasındakı döyüşlər həm quruda, həm də dənizdə baş verirdi. Dəniz döyüşləri 1915-ci il fevralın 18-dən martın 18-dək davam etdi. Quruda isə müharibə 25 aprel 1915 – 9 yanvar 1916 aralığında davam etdi. Bu, Türkiyə tarixinin ən qanlı döyüşlərindən biri oldu. Çanaqqala döyüşündə bəzi təxminlərə görə hər iki tərəfdən 500 mindən çox insan həlak olub. Türkiyə ordusunun qələbəsindəki əsas rollardan birini o dövrdə qoşun komandirlərindən biri olan Mustafa Kamal Atatürk oynadı.

Türkiyədə bu tarixə böyük hörmət və xüsusi qürurla yanaşılır.

Hər il bütün ölkə vətənləri uğrunda şəhid olanların xatirəsini anaraq 18 martı qeyd edir. Bu il koronavirus pandemiyası səbəbindən bu tarixlə əlaqədar genişmiqyaslı tədbirlər ləğv edilib, lakin müəyyən anım tədbirləri baş tutub.

Zəfər Bayramından öncə “Report”un müxbiri digər xarici jurnalistlərlə birlikdə Türkiyə üçün bu müqəddəs yeri ziyarət edib.

Çanaqqala abidəsinin ərazisinə daxil olmaq üçün yarımadanın digər tərəfinə bərə ilə keçməlisiniz. Burada şəhərin bütün qonaqlarını və yerli sakinləri yamacın üzərindəki “Dur yolcu! Bilmeden gelip bastığın, Bu toprak, bir devrin battığı yerdir”. Yəqin ki tərcüməyə ehtiyac yoxdur… Əlbəttə ki, bu sözlər insanın ruhuna toxunmaya bilməz. Hələ xatirə kompleksinin ərazisinə çatmadan və şiddətli döyüşlərin getdiyi Çanaqqala boğazının (Dardanel boğazı) ortasında olarkən artıq bu hadisələrin tam miqyasını, acılığını və əhəmiyyətini anlamağa başlayırsan. Sularında və sahillərində yüzminlərlə gəncin öldüyü gözəl yerlər səssizcə, bəzən də Çanaqqala boğazındakı səslərlə onların xatirəsini qoruyub saxlayır. Təpənin yamacındakı yazı da dövrlərin dəyişməsini – Osmanlı İmperiyasının süqutunu və Türkiyə Cümhuriyyətinin qurulmasının nişanəsidir. Bütün bunlar yerli əhali üçün son dərəcə əhəmiyyətlidir, türklər həmin hadisələri xatırladaraq hər zaman “Çanaqqala geçilmez!” deyirlər. Xatirə kompleksinin özü yarımadanın burun hissəsində, körfəzə girişin olduğu yerdə yerləşir. Antanta qüvvələri böyük ərazidə suyun altında minaların olduğunu bilmədən məhz oradan uğursuz hücum cəhdinə başlamışdı.

Şəhidlərin xatirə abidəsi 1960-cı il avqustun 21-də açılıb, onun hündürlüyü 41,7 metrdir. Abidənin əvvəlcə 40 metr hündürlüyündə olması planlaşdırılırdı, lakin sonradan memarlar ona Mustafa Kamal Atatürkün boyunun hündürlüyünü (1,7 m) də əlavə ediblər.

Xatirə kompleksin ərazisində şəhid olmuş 60 min əsgərin xatirəsinə simvolik məzarlar var. Kompleksin bələdçisi və əməkdaşlarının sözlərinə görə, burada türkiyəli qardaşlarının köməyinə gələn və Çanaqqala döyüşündə şəhid olan azərbaycanlı əsgərlərin də xatirəsinə bir neçə qəbirlər qazılıb. Bundan əlavə, kompleksin ərazisində iki xatirə lövhəsi qoyulub: biri kompleksin rəhbərliyi, digəri isə iki xalqın əbədi qardaşlığı və birliyinin əlaməti olaraq Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən.

Xatirə kompleksinin ərazisində yalnız bir həqiqi məzar var. Bu məzar döyüşdən sonra başı bir avstraliyalı əsgər tərəfindən evinə aparılmış naməlum əsgərə aiddir. Belə ki, 2003-cü ildə Avstraliya rəhbərliyi türk əsgərinin qalıqlarını vətəninə qaytarmaq qərarına gəlib. Elə həmin il kompleksin ərazisində rəsmi dəfn mərasimi keçirilib.

Türkiyədə təkcə Osmanlı İmperiyası tərəfində vuruşanların deyil, həm də düşmənin – Antanta qüvvələrinin əsgərlərinin xatirəsinə ehtiram göstərilməsi faktı da məni heyran etdi. O cümlədən onların şərəfinə ayrıca xatirə kompleksi ucaldılıb. Hər il Böyük Britaniya, Avstraliya və digər ölkələrdən yüzlərlə turist əcdadlarının xatirəsini yad etmək üçün Çanaqqala sahillərinə gəlir. Yerli əhali minlərlə kilometr yol qət edən şəhid əsgərlərin xatirəsinə hörmət edir, onları döyüşə qatılmaqda ittiham etmirlər, əksinə, əsgərlərin qeyri-iradi buraya gətirildiklərini və imperialistlərin ideyaları uğrunda döyüşdüklərini söyləyirlər.

Xatırə kompleksini ziyarət etdiyimiz gün hava kifayət qədər soyuq idi. Səma sanki kədərli idi və göz yaşları ilə dolmuşdu, yağış hər an bu sahillərə kəfən kimi düşməyə hazır idi, amma yerdə son dərəcə sakit idi, sanki vaxt bu yerdə donub və əbədi sükunət hökm sürür. Doğrudan da onminlərlə əsgərin qəbirləri Çanaqqala xatirə kompleksinə və Çanaqqala boğazına yönəlib, sanki 106 il əvvəl olduğu kimi, əbədi Vətənin keşiyindədirlər.