“Düşünün ki, 9 ayın sonunda hər şey bitəcək və…” – Tanınmış ginekoloq çağırış etdibackend

“Düşünün ki, 9 ayın sonunda hər şey bitəcək və…” – Tanınmış ginekoloq çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahirə Nəbiyeva: “Laçın azad olunan günü yoldaşımı torpağa tapşırdıq”

O, hər kəsə açıq adamdır. Bəli, ADAMdır! Tam ciddi deyirik, bəlkə də Azərbaycanda qadın sağlamlığını qoruyan, onun möhkəm çiyinlərdə daşınmasını təmin edən və ayaq üstündə tutan səbəblərdən biri də Mahirə Nəbiyeva kimi peşəkar ginekoloqların mövcudluğudur. Bütövlükdə insan üçün ən böyük sərvət sağlamlıqdır. Sağlamlığımızın keşiyində isə tibb işçiləri durur.  Hazırda 17 iyun – səhiyyə işçilərinin peşə bayramı ərəfəsindəyik. Sözügedən mövzuda danışmaq həm də səhiyyədə uzun illər fədakarcasına çalışan, peşə bayramını qeyd etməyi haqq edənlərə düşür. Mahirə Nəbiyeva kimi… Bəlkə də elə bu səbəbdən söhbətimiz maraqlı alındı.

DOSYE: Mahirə Nəbiyeva 40 ildir ki, mama-ginekoloq kimi fəaliyyət göstərir. Fəaliyyətinin ilk 11 ili Laçın rayonu ilə bağlıdır. Laçın rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq kimi əmək fəaliyyətinə başlayan müsahibimiz bir il sonra doğum şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bütöv bir rayonun və kəndlərinin əhalisinə xidmət göstərən iki genikoloqdan biri olub. Eyni zamanda həmin illərdə 2 saylı Tibb məktəbinin Laçın fililalında gienokoloiya elminin sirrlərini tələbələrə tədris edib. Onun əllərində dünyaya gələn insanlar arasında bu gün yüksək dövlət vəzifələrində çalışan məmurlar, ziyalılar, torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirən qazilərimiz də var.
1993-2006-cı illərdə Respublika Doğum Evində mama-ginekoloq, Fizioloji zahıllıq şöbəsinin müdiri, 2007-2009-cu illərdə keçmiş Əzizbəyov adına 1 saylı Doğum evində mama-ginekoloq işləyib. 2010-cu ildən Respublika Perinatal Mərkəzinin mama-ginekoloqudur. Səhiyyə Nazirliyinin qərarı ilə ali dərəcəli mama-ginekoloq adına layiq görülüb. Müxtəlif illərdə Türkiyədə keçirilən çoxsaylı konfrans və konqreslərdə ölkəmizi layiqincə təmsil edib. Eyni zamanda Səhiyyə nazirliyinin göndərişi ilə Türkiyədə 1 aylıq təcrübə mübadiləsində iştirak edib.

– Mahirə xanım, söhbətimizə cəmiyyəti narahat edən əsas ginekoloji problemdən başlayaq. Doğuş zamanı ana ölümlərinin səbəbi nədir?

– İlk növbədə onu deyim ki, hamilə qadınların ciddi nəzarətə götürülməsi vacib addımdır. Nəzərə almaq lazımdır ki, doğuş hamiləlik prosesinin sonunda baş verir və buna qədər körpə dünyaya gətirəcək ana böyük bir yol keçir. Bu mənada mütləqdir ki, hər bir hamilə qadın həkim nəzarətində olsun. Bu sahədə mövcud protokollara istinad edilməli, müayinə və müalicə prosesi də məhz buna uyğun şəkildə həyata keçirilməlidir. Hamilə qadının müayinə olunması, neçə dəfə ultrasəs müayinəsindən keçirilməsi, hamiləliyin ilkin vəziyyətindən tutmuş bütün mərhələlər ciddi yoxlanılmalıdır. Bütün dünyada da bu iş protokollarla aparılır. İnformasiya texnologiyaları durmadan inkişaf edir və bu səbəbdən baş verən hər bir hadisə daha sürətlə ictimailəşir. Lakin statistik göstəricilərə nəzər salsaq görərik ki, ana ölümləri nəinki artıb, əskinə, müəyyən azalma var. Unutmaq lazım deyil ki, hər bir insan fərdidir və bu məsələdə təkcə həkimləri günahlandırmaq olmaz. Həkim nəzarəti ilə yanaşı hamilə qadına ailədə və onu əhatə edən çevrədə böyük diqqət və qayğı olmalıdır. Öncə ananın niyə öldüyünü bilməliyik. Hansı şəraitdə öldü, bir xəstəliyi vardımı? Doğuşdan əvvəl hamilə qadının ekstra genetal xəstəliyi olubmu? Yoxlamaların göstəriciləri necə idi? Bunların hamısı çox vacib amillərdi.

– Cavabdan belə başa düşdük ki, bu sahədə də maarifləndirmə işləri yetərli səviyyədə deyil. Qadınlar öz sağlamlığını qorumaq üçün nə etməlidir?

– Birmənalı şəkildə demək olar ki, indiki qadınlar ötən əsrin qadınları ilə çox fərqlidir. Bu həm orqanizmin gücü, həm yanaşma tərzi, həm də məsuliyyət məsələsində özünü göstərir. Məsələn, hamiləlik müddətində lazer-epilyasiya, saç boyalarından bol-bol istifadə, internet təması və bir çox prosedurlar məsləhət deyil. Eyni zamanda hamiləlik dönəmində doğru qidalanma ən vacib şərtlərdəndir. Lakin təəssüflə deməliyəm ki, bir çox hallarda həkimlərin tövsiyyələrinə əməl edilmir. Hamiləliyin müəyyən bir rejimi, qidalanmadan tutmuş yuxu rejiminə qədər ciddi şəkildə riayət olunmalıdır. Misal üçün, hamiləliyin 12-ci həftəsinə qədər ən azı bir dəfə həkimə getməlisiniz. 18-20-ci həftəliyində körpənin müxtəlif orqanları və sistemlərinin inkişafını qiymətləndirmək üçün ultrasəs müayinəsi həyata keçirilməlidir. Siyahını uzatmaq istəmirəm. Sadəcə dediyim odur ki, hamiləlik qadının həyatında çox ciddi, son dərəcə məsuliyyətli mərhələdir. Əgər bu mərhələdə müayinələr və sağlamlıq vəziyyəti düzgün qiymətləndirilməzsə, həm ana və uşaq üçün doğuş zamanı həyati risk yaranır. Sadəcə fikirləşmək lazımdır ki, 9 aylıq bir mərhələdə təkcə özünə görə deyil, həm də digər bir insana görə məsuliyyət daşıyırsan. Bütün bu çətinliklər müvəqqətidir və 9 ayın tamamında bitəcək. Qeyd etmək istərdim ki, çalışdığım Respublika Prenatal mərkəzinə doğuşa gələn hamilələrin əksəriyyəti vaxtından əvvəl doğuş diaqnozu ilə klinikaya daxil olur. Bu baxımdan hamilə qadınlar yuxarıda qeyd etdiyimiz qaydalara, tələblərə ciddi riayət etməlidirlər ki, vaxtından əvvəl doğuş hallarının qarşısının alınmasını təmin edə bilək.

– Ömrünüzün 40 ildən artıq hissəsini tibbin mama ginekologiya sahəsinə həsr etmisiniz. Sizcə, bu illərdə Azərbaycan səhiyyəsi nələrdən keçməli olub?

– Sözsüz ki, çox böyük dəyişikliklərdən danışmağa kifayət qədər sözümüz var. Hətta deyərdim inqilabi dəyişikliklər baş verib. Təqribən 35-40 il öncə doğum evləri Mərkəzi xəstəxanalarım bir şöbəsi kimi fəaliyyət göstərirdi. Bu gün isə durum fərqlidir. Uzun illər dövlətin, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi bu gün rayonlarda ən müasir standartlara uyğun tibbi avadanlıqlarla təchiz olunmuş Prenatal mərkəzlər və doğum evləri əhalinin xidmətindədir. Hər zaman mamalıqda qanaxma problemi aktual olub və bu gün də eynidir. Ancaq müasir müayinə və müalicə üsulları bu gün bizə imkan verir ki, müxtəlif ağırlaşmalar zamanı xəstələrə daha çevik müdaxilə edə bilək. Həkimlərin peşəkarlıq vərdişlərinin artırılması istiqamətində ciddi addımlar atılır. XXI əsrin qızıl standartı – Avropa protokolları müayinə və müalicələrin tətbiqində geniş şəkildə istifadə edilir. Azərbaycanın qabaqcıl səhiyyə müəssisələri ilə dünyanın nüfuzlu tibb mərkəzləri arasında əməkdaşlıq mövcuddur. Bütün bunlar çox ciddi dəyişiklikləri təsdiqləyən faktor rolunda çıxış edir.

– Prenatal Mərkəz ölkəmizin ginekologiya sahəsində ixtisaslaşmış ən böyük tibb ocaqlarındandır…

– Respublika Doğum Evi Perinatal Mərkəzlə əvəz olunduğu zaman, Mərkəzin açılışında Cənab Prezident İlham Əliyev iştirak etdi. Bilirsiniz ki, 10 milyonuncu körpə də Prenatal Mərkəzdə dünyaya gəldi. Körpəyə Mehriban adı verildi. Bu münasibətlə təkrar Cənab prezidentimiz və Birinci vitse-prezidentimiz çox hörmətli Mehriban xanım Əliyeva növbəti dəfə Mərkəzdə oldular. Xatırlatmaq istərdim ki, 2000-ci ildə Ulu Öndər Heydər Əliyev Rastrapoviç və xanımı Tamara Vişnevski ilə bərabər o vaxtkı Respublika Doğum Evinə gəlmişdilər. Respublikamızda ilk dəfə yeni doğulan körpələrə Hepatit b vaksininin tətbiq olunması da bu klinikadan və məhz həmin vaxtdan başladı. Tibb personalı ilə görüşən hər iki Prezident fəaliyyətimizi yüksək qiymətləndirmişlər. Ölkə rəhbərlərinin və Birinci vitse-prezidentin Mərkəzə gəlməsi, diqqəti bir daha göstərir ki, yeni doğulan körpələrin sağlamlığı hər zaman dövlətin prioritetidir. Bu gün Perinatal Mərkəz üçüncü səviyyəli doğum mərkəzi statusunu daşıyır. “Ana və uşaqların sağlamlığının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq yaradılmış Respublika Perinatal Mərkəzi ən müasir standartlarla fəaliyyət göstərir.

– Bir az öncə erkən doğuş hallarının artdığını və bundan nigarançılığınızı vurğuladınız…

– Vaxtından əvvəl doğuşların səbəbləri müxtəlifdir və çoxdur. Hamısını sadalamaq üçün bir müsahibə yetməz. Əslində zaman-zaman mütəmadi olaraq bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır ki, hamilə qadınlar vaxtından əvvəl doğuşun məsuliyyətini anlasınlar. Vaxtından əvvəl doğuşun qarşısını almaq üçün həkim-ailə-hamilə üçlüyünün bərabər fəaliyyəti mütləqdir. Bu üç istiqamətdə düzgün addımlar atılarsa, nəticə uğurlu olacaq. Təbii ki, hamilə qadının vaxtından əvvəl doğuş riskini azaltmaq və sağlamlığının yaxşılaşdırılması üçün zəruri addımlar mövcuddur. Bu sırada hamiləlikdən əvvəl tibbi müayinədən keçmək, sağlam qidalanmaq, yanaşı xəstəliklərə xüsusi diqqət yetirmək, zərərli vərdişlədən imtina etmək vacib şərtlərdəndir.

– Laçın rayonunda anadan olmusunuz, uzun müddət bu rayonda çalışmısınız. Laçın işğaldan azad edildi, hansı hissləri keçirdiniz?

– (Gözləri dolur) 30 ilə yaxındır ki, Laçın həsrəti ilə yaşamışıq. Lakin tale elə gətirdi ki, Laçın işğaldan azad olunan günü bu rayonda minlərlə insana şəfa bəxş edən həyat yoldaşım Nazim Nəbiyevi torpağa tapşırdıq. Sevincimiz göz yaşına qarışmışdı. O, əslən Ağdaş rayonundan olsa da, təyinatla Laçın rayonunda işləyib. Məlum səbəblərdən Laçını tərk etdikdən sonra Bakıda məskunlaşdıq. Yoldaşım təkcə Laçında deyil, Bakıya gəldikdən sonra da minlərlə məcburi köçkünə sahib çıxan, şəfa bəxş edən bir həkim kimi yaddaşlarda qaldı.

Çox təəsüf ki, biz onu öz doğma rayonu qədər sevdiyi Laçının işğaldan azad edildiyi gün itirdik. Təəssüf ki, Laçını görmək arzusu ona müyəssər olmadı. Lakin mən və övladları onun adından Laçını ziyarət edəcəyik. Bu gün bizim üç övladımız var. Qızım mənim yolumu davam etdirir – ginekoloqdur. Həyat yoldaşı da həkimdir, alimdir və Moskvada yaşayırlar. Oğlumun biri diplomatdır, digəri isə dövlət işində çalışır. Onlarla birlikdə fürsət yaranan kimi, Laçını ziyarət edəcəyik. Müzəffər Ali Baş Komandan İlham Əliyev bizim xəyalımızı gerçəyə çevirdi. Onun rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Biz çox şanslı xalqıq ki, İlham Əliyev kimi rəhbərimiz var. Şuşada Cənab Prezident İlham Əliyevin kövrəldiyi səhnələr bizi təsirləndirdi və bizə böyük qürur yaşatdı. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə də Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Son olaraq demək istərdim ki, bütün qadınların ana olmaq haqqı var. Bu haqq onlara Yaradanın lütfüdür. Burdan bütün qadınlara ana sevinci, körpə qığıltısı arzulayıram.

Azər Niftiyev